1918-ci ilin mart ayında Leninin göstərişi ilə törədilən soyqırımı nəticəsində 14 min insanımız qətl edildi. 28 maya gedən ərəfədə baş verən bu hadisə Azərbaycan millətinin dövlət olma prosesinin qarşısını almaq üçün həyata keçirilən soyqırımı aktıdır. Çünki insan qətliamından əlavə haraları yandırdıqlarına nəzər yetirsək, bunu açıq şəkildə görə bilərik.
İsmailiyyə binası. Cəmiyyəti-Xeyriyyə, partiyalar, təşkilatlar burada yerləşirdi. Azərbaycanlı ziyalıların, tələbələrin yığıncaq yeri idi. Bir növ beyin və büdcə mərkəzi rolunu oynayırdı.
Məscidlər – Müsəlman əhalinin hər cür ictimai işlərini gördükləri, birlik içərisində olduğu məkanlar.
Mətbəələr – Xüsusilə azərbaycanlıların bayraqdar qəzeti olan "Açıq söz"ün mətbəəsi - ictimai-siyasi fikrin yarandığı mərkəz məhv edilmişdi.
Məhəmmədəmin Rəsulzadə 1934-cü ildə qələmə aldığı məqaləsində buna açıq şəkildə toxunub: “Təsadüfi deyildi ki, bütün hücum milli binalara, millətin varlığını və xüsusiyyətini təmsil edən müəssisələrə idi. Mətbəələr yandırılırdı. Xalq evləri dağıdılırdı. Məktəblər bombardman edilir, məscidlər yandırılırdı”.
İstər Cümhuriyyət, istərsə də mühacirət dövründə Azərbaycan ziyalları bu soyqırımı haqqında məqalə və xatirələr yazıblar.
Məhəmmədəmin Rəsulzadə 1920-ci ildə Müsavat firqəsi üzvləri qarşısında oxuduğu mühazirəsində 31 martla bağlı maraqlı bir detal açıqlayıb: “Müsǝlman füqǝrasını üç günün müddǝtindǝ mǝrhǝmǝtsizcǝsinǝ qılıncdan keçirdikdǝn sonra “sülh bağlamış”, yaxdıqları “İsmailiyyǝ” binasındakı idarǝmizdǝn apardıqları Müsavat bayrağını sovet dairǝsindǝ ayaqlar altına salaraq: “Türkiyǝnin Bakı cǝbhǝsi yarıldı!” demişlǝrdir. Bakı Türkiyǝnin cǝbhǝsi deyildisǝ dǝ, türklüyün qǝlbi idi”.
Dövrün şahidlərindən Əbdüləli bəy Əmircanov qətliam günlərini belə xatırlayırdı: “Hər nə bahasına olursa olsun, Bakıya hakim olmağa qərar vermiş ermənilər, nəhayət 18 mart (köhnə təqvimlə - D.Ə) 1918-ci ildə axşam saat 17:00-da türklər üzərinə hücuma keçdilər.
... Məhəllələri daim ermənilər tərəfindən atəş altında saxlanılan türklər, həm aclıqdan, həm də əllərində silah olmamasından dolayı özlərini müdafiə edə bilmədiklərindən Bakını tərk etməyə çalışırdılar. Türklər ailələrini Bakı ətrafındakı kəndlərə köçürürdülər. O gün günortadan sonra ermənilər “Kaspi” qəzetinin binasına hücum etdilər, mətbəəni dağıtdılar və bu hərəkətlər onların vəhşi hisslərini tətmin etmədiyindən mətbəənin yanında yerləşən və “İsmailiyyə” adını daşıyan Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin böyük binasını yandırdılar. Bu binada Bakı Müsəlman Xeyriyyə Cəmiyyətindən başqa, milli komitə, bir neçə yeni qurulmuş partiya idarələri və bir çox otaqlarda da Bakıya sığınan Türk əsirləri yaşayırdı. Bu binanın içində Bakının ən böyük salonları var idi”.
Əmircanov soyqırımından sonra vəziyyəti bu şəkildə təsvir edib:
“Üç gün davam edən soyqırımdan sonra Bakı küçələrində vəziyyət dəhşətli hal almışdı. Sağda, solda üst-üstdə insan cəsədlərinə təsadüf etmək mümkün idi. Soyqırımı əsnasında ac qalan küçə itləri, küçələrdə qalan ölülərimizin üzlərini, əllərini yeyirdilər. Çölə çıxa bilmirdik. Bu vəziyyətə ruhlarımız üsyan edir və gözlərimiz dolurdu. O sırada Bakıda avstriyalı əsirlər var idi. Bu əsirlər yolları açmaq üçün, ölüləri səkiyə daşıyır və cəsədlərin iylənməsi səbəbi ilə burunlarını tıxayırdılar. Cəbhə bölgəsinə yaxınlaşdıqca on minlərlə erməninin dağılmış divarlar arasından və arxasından türklərə atəş açdıqları görülürdü”.
Mühacir Hilal Münşi 1935-ci ildə “Qurtuluş” jurnalında yazdığı məqaləsində bu soyqırımının məqsədini bu şəkildə izah edib:
“31 mart Bakı qətliamını təşkil və tərtib edən Stepan Şaumyan bu cinayəti zatən müəyyən bir məqsəd və xüsusi bir təlimatla törətmişdir. Onun əlində bu çirkin hadisəni törətməsi üçün şəxsən Lenin və Stalindən verilmiş açıq və aydın bir təlimat vardı. Adına “Dekret Nr.13” deyilən bu təlimatın qayəsi Qafqazın Rusiyadan ayrılmasına imkan verməmək, ümumi hərbdə rus ordusu tərəfindən işğal olunmuş Türkiyənin Şərq vilayətlərindən mürəkkəb böyük bir Ermənistan dövləti təşkil etmək idi. Hər iki qayə də öncə bütün Azərbaycanın, sonra da Gürcüstanın işğalı, istilası və Moskvaya bağlanması surətilə mümkün olacaqdı. 31 mart qətliamının əsl hikməti də buradadır”.
31 mart hadisəsi ilə bağlı hər hansı bir şübhə yeri yoxdur. Azərbaycan Cümhuriyyəti hökuməti bu soyqırımı ilə bağlı apardığı təhqiqatın sənədləri, fotoşəkillər, xatirələr günümüzədək çatıb... Cümhuriyyətimizin qurulması yolunda şəhid olan insanlarımızın ruhu şad olsun.