28 Yanvar 2015 18:25
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Qüdrət Həsənquliyevin yubileyinə təbrik yazısı)

Taleh Şahsuvarlı

1965-ci ildə doğulanlardan bir öncəki siyasətçi nəslinin böyük əksəriyyəti Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi.

Həmin yaş nəslinə mənsub siyasətçilərinin meydanda, necə deyərlər, at oynatdıqları zaman kəndimizə gəlib çıxmış bir qəzetdən oxuduğum başlıq hələ də yadımdadı: “Onlar tarix fakültəsinə raykom olmaq üçün daxil olmuşdular”.

Mən litseyi bitirib Bakı Dövlət Universitetinə daxil olanda və elə ilk kursdanca reportyor kimi qəzetlərdə çalışmağa başlayanda ( 1994-95-ci illərdən danışıram) Azərbaycan siyasətinin ən önəmli isimləri tarixçilər idilər.

Ölkə prezidenti Heydər Əliyev tarix fakültəsini bitirmişdi, nəinki Azərbaycanda, hətta qos-qoca Sovet İttifaqında misilsiz siyasi karyera qazanmış, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmiş Azərbaycanda yenidən iqtidara gəlmiş və dövlət təşkilatını qurmaqla məşğul idi.

Xalq hərəkatının lideri, sabiq prezident, müxalifətin mənəvi lideri, tarixçi-şərqşünas Əbülfəz Elçibəy Kələkidə idi, bir neçə il sonra- 1997-ci ildə Bakıya qayıtdı və siyasi prosesləri yenidən canlandırdı.
Tarixçi İsa Qəmbər Müsavat Partiyasının başqanı, tarixçi Etibar Məmmədov AMİP sədri idi.

Hər iki partiyanın elitasında yüzlərcə tanınmış fiqur vardı və hakim partiya ilə siyasi rəqabət ən yüksək həddə gedirdi.

Mən Qüdrət Həsənquliyevin adını yaxın qohumu ilə litseydə birgə oxuduğumdan erkən eşitmişdim. Daha sonra tələbə olaraq BDU-nun yataqxanasında qaldığım müddətdə də diskussiyalarda adının tez-tez çəkildiyinə şahid olardım.

Özüylə şəxsən tanış olanda o, AXCP sədrinin müşaviri idi- nə az- nə çox, düz 20 il bundan öncə.
Dövr o dövr idi ki, prokuror olmaq üçün hüquq fakültəsinə daxil olanlar, raykom olmaq üçün tarix fakültəsinə daxil olanlara qarşı müxalifət düşərgəsində bir cəbhə açmışdılar, önə çıxmaq istəyirdilər, onların önə çıxması Heydər Əliyevin də, Əbülfəz Elçibəyin də maraqları daxilində idi.

Bu gün raykom olmaq üçün tarix fakültəsinə daxil olan nəsil Azərbaycan siyasətini ya tərk edib, ya da tərk etmək üzrədirlər.

Bu gün “prokuror olmaq üçün hüquq fakültəsinə daxil olan” nəsilin də siyasi cazibəsi xeyli dərəcədə tükənib, ya çevrələrində marginal qruplar qalıb, ya da siyasi təcrid vəziyyətindədirlər.
İstisna Qüdrət Həsənquliyevdir.

Bu yazı bir yubiley təbriki olduğundan həmin nəslin digər nümayəndələrini təftiş etmək istəmirəm. Eyni zamanda təbrik ovqatından çıxış edərək yox, tamamilə reallığa söykənib deyirəm ki, onların hər birindən fərqli olaraq Qüdrət Həsənquliyev 51 yaşını siyasi qürubda yox, yetərincə işıqlı şəxsiyyət kimi qarşılayır.

Fikrimi əsaslandırıram onunla ki, hazırda Qüdrət Həsənquliyevin partiyası- BAXCP Əbülfəz Elçibəyin vəfatından sonra parçalanan AXCP-nin ən geniş sosial bazasını əhatə edir, üstəlik, cəmiyyətin yeni kəsimlərinə və elektoral seqmentlərinə açılmaq üçün ciddi potensiala malikdir.

İkinci dəlilim budur ki, məhz Qüdrət Həsənquliyevin şəxsi dünyagörüşü sayəsində BAXCP milli-demokratik siyasi idealların ən sistemli daşıyıcısı olaraq çıxış edir.

Üçüncüsü, Qüdrət Həsənquliyev həm parlament üzvü olaraq, həm də prezident seçkilərində iştirak təcrübəsi ilə cəmiyyətdə rasional mövqenin inkişafına xidmət edir.

Bayaq dedim, Qüdrət Həsənquliyevlə tanışlığımızın, dostluğumuzun tam 20 illik tarixi var. Bu az olmayan müddətdə aramızda heç zaman inciklik olmayıb, hər zaman, hətta siyasi baxşlarımız fərqlənəndə belə münasibətlərimiz sayğıya və inama əsaslanıb.


Yadımdadır, MSK katibi seçiləndə AXCP-də ona qarşı ciddi basqı vardı. Bu, gözügötürməzlik olmasa da, partiyaiçi rəqabətdən daha çox konyuktura idi. “Azadlıq” qəzetinin redaksiyasında onu təbrik etdim, uğurlarına sevindiyimi və MSK katibi olmasının “Xəqani-33”ün qapalı dairəsindən kənara çıxmasında, potensialını reallaşdırmasında ona çox ciddi imkanlar yaradacağını söylədim.

O gün Qüdrət Həsənquliyevin dediklərini hələ də xatırlayıram, qısaca ifadə edəcəm: “Siyasətdə maraqlar, fikirlər toqquşa bilər, amma səmimiyyət hər zaman qorunmalıdır ”.

Mənim fikrimi bilmək istəyirsinizsə, Qüdrət Həsənquliyevin insan kimi də, hüquqşünas kimi də, siyasətçi kimi də üstünlüyü elə yaxşı niyyətli olmasında, səmimiyyətindədir. Onu öz yaş nəslinin qalan bütün müxalif siyasətçilərindən fərqli olaraq ayaqda saxlayan, önə çıxaran əsas faktor da məhz bu keyfiyyətləridir.

Məhz bu keyfiyyətə malik olduğu üçün o insanlara, cəmiyyətə, siyasətə münasibətdə dağıdıcı yox, toparlayıcı; intriqant yox, barışdırıcı; istifadəçi yox, dəstəkçidir.

Folosoflardan birinin sözüdür, həyatın ifadə etdiyi məna həyatın insanın qarşısına çıxardıqları ilə deyil, insanın həyatın qarşısına çıxardığı dəyərlərlə ölçülür.

Odur ki, bu günə qədər və bundan sonra həyatın qarşısına BÜTÖV İNSAN çıxmış Qüdrət Həsənquliyevə 50 illik yubileyində ancaq bir alqış etmək olar:
Tanrı ürəyinə görə versin!


Müəllif: