Bu gün bir çoxları sosial şəbəkələrin fəaliyyətindən, oradakı paylaşımlardan bu və ya digər formada narazılıqlarını ifadə edirlər. Dərinliyinə varmasan belə, sosial şəbəkələrdə, xüsusən “feysbuk”da xoş olmayan bir çox nüans tapmaq, hətta insanı bu mediadan uzaqlaşdıra biləcək əsaslar görmək mümkündür...
Amma bütün bunlarla yanaşı sosial medianın həm də xeyirli və müsbət tərəfləri var. Bu müsbət məqamların sadəcə ikisinə toxunacam. Birincisi, bu sosial şəbəkə insanları daha yaxından tanımağa yardımçı olur. Belə ki, “feysbuk”da virtual dostun olan hər bir şəxs haqqında onun paylaşımlarına, like-lərinə diqqət edən zaman konkret fikrə sahib olursan. Başqa sözlə desək, o adamın hansı “yuvanın quşu” olduğunu yəqinləşdirirsən...
Ən maraqlısı isə yalnız virtual olaraq deyil, əyani tanıdığın insanların bir çoxunu məhz bu sosial şəbəkə vasitəsilə yenidən kəşf etməkdir. Elə “feysbuk”un bu üstün cəhəti ilə tanıdığın şəxslərin ya maskasının cırıldığını, ya da bu sosial mediada maska ilə dolaşdığını müəyyən edirsən. Məsələn, kimisi sahib olduğu əxlaq kodeksinə zidd olaraq, sosial şəbəkələrdə əxlaqdan, hörmətdən ağızdolusu danışaraq, özünü nümunə göstərir. Öz-özlüyündə deyirsən ki, yazdığının əksinə olaraq filan pis əməli edən, təlqin etdiyi mədəniyyətə sahib olmayan məgər bu şəxs deyilmiydi? Ən acınacaqlı hallardan biri isə böyük-kiçik yeri bilməyən, valideynlərinə belə hörmət qoymağı bacarmayan şəxslərin “feysbuk maskası” taxaraq bu məsələlərdə örnəkverici cümlələr yazmasıdır...
Fikrimcə, “feysbuk maskaları” ilə bağlı hər biriniz daha artıq danışa və bu siyahını xeyli uzada bilərsiniz... Amma mən “bu insanların ”feysbuk maskaları" kimə və nəyə lazımdır?" sualını verərək kifayətlənirəm.
Bu sosial medianın digər üstün cəhəti isə burada xəbərlərin informasiya portalları ilə müqayisədə belə, daha sürətlə yayılmasıdır. Elektron media xəbərlərin çevik verilməsində sosial şəbəkələrə uduzur, bunun da ən başlıca səbəbi sosial medianın nəzarətsiz olması, informasiyanın necə gəldi yayılmasıdır.
“Feysbuk”un sürətli informasiya axınında xaricdə yaşayan soydaşlarımız da aktiv rol oynayır. Onların bəziləri Azərbaycanda yaşamağımıza baxmayaraq ölkədaxili məsələlər barədə bizim sahib olmadığımız informasiyaları əldə edib, yayırlar. Bax, diqqət yetirəcəyimiz və haqqında ciddi düşünəcəyimiz məqamlardan biri budur.
Deməli, “feysbuk”da dostluğumda olan və xaricdə yaşayan çoxsaylı vətəndaşımız var ki, onların bəzilərini şəxsən tanıyıram. Lakin bu şəxslərdən bir çoxunun paylaşdıqları şəkillərə, statuslara izah verməkdə çətinlik çəkirəm. Bir də görürsən ki, kimisi bir şəkil qoyaraq fotonun altında “Azərbaycanın filan rayonun bərbad yolları” şərhini yazır. Yaxud da filan şəhərdə filan hadisə bu cür baş verib, filan məmur hansısa xoş olmayan iş görüb və s. və i. a.
Bu şəxslər kimlərdir? Onlar bu şəkilləri necə çəkir, ölkəmiz haqqında xoş olmayan məlumatları necə əldə edirlər? Özlərini Azərbaycanın cəfakeşi kimi göstərən bu şəxslər doğurdanmı ölkəmizi sevirlər? Xaricdə oturub Azərbaycana barmaq eləmək onların nəyinə gərəkdir? Əgər həqiqətən müxalif mövqedəsənsə, bəs o zaman, xaricdən niyə “mübarizə” aparırsan?
“Feysbuk”un Azərbaycanı istəməyən bu “qəhrəman”ları məhz belə xəbərlər yaymaqla, özlərini müxalif qüvvə kimi göstərərək müxtəlif ölkələrdən sığınacaq alan şəxslərdir. Onların bir çoxunu yaxından tanıdığım üçün bu şəxslərin ölkəmizi istəmədiyini və hər şeyi qara görməyə çalışdıqlarını əminliklə söyləyə bilərəm. Əslində onlara müxalif mövqeli insanlar da demək olmaz... Bəyəm müxalif mövqedə dayanmaq ölkənin, dövlətinin düşməni olmaqdır? Axı hər şeyi qara görmək olmaz. İnsan Vətəninə bu qədərmi nifrət edər... Bunun bir adı var: şəxsi ambisiyalar və ya başqasının çaldığı havanı oynamaq.
Adlarını müxalifət qoyan bu qüvvələr guya, bu yolla mübarizə aparırlar. Əslində isə bu mübarizə yox, özünü Azərbaycanı istəməyən xarici qüvvələrə sırımaqdan başqa bir şey deyil. Necə ki, artıq bəziləri bunu bacarıb...