21 Mart 2015 09:22
1 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axırıncı dəfə bu model avtomobilə 1995-ci ildə minmişdim. Amma o zaman maşının mühərriki nə belə tez-tez sönür, nə də ki, avtomobil bu cür silkələnirdi. Görünür, dəmir parçası olan bu avtomobilin də, bizim kimi, itirdiyi və qazandıqları olub.

Lakin bu maşın indi 20 il qabaqkı kimi xoşbəxt deyil. O dövrlərdə əlçatmaz olan bu avtomobillərdə rəhbər şəxslər gəzirdi, indi isə ya taksi sürücüləri, ya da fəhlələr dolaşır. Məhz mən də 20 il qabaq o rəhbər şəxslərdən birinə məxsus olan bu maşında yol getmişdim. İndi bir çoxları bu avtomobillə yanaşı, onun içərisində olan insanları da saya salmır (insanlar da belədir: vəzifə və böyük pullar sahibi olan zaman ətrafında saysız-hesabsız “dostlar” olur. Pul və vəzifə əldən getdikdə bir də baxırsan ki, dostun elə özünsən, ətrafında heç kim qalmayıb). Odur ki, hazırda hər adam özünə sığışdırıb cındırından cin ürkən "Qaz 24"-ə minmir. Amma nə yaxşı ki, mən bu avtomobilə mindim...

Əgər bu taksiyə minməsəydim, Masazırda dayanacaqda marşrut avtobusunu gözlədiyim iyirmi dəqiqəyə çoxlu rəqəmlər əlavə olunacaq, mənsə nəqliyyat sistemi idarəçilərini hələ xeyli yada salacaqdım... Yüzlərlə insanla həmrəy olub dayanacaqda gözləməsəm də, Masazırdan 20 Yanvara kimi "Qaz-24"-də bir saat yarımdan çox tıxacda (artıq sözügedən yolda tıxac problem hesab edilmir. Uzun sürən “mübarizədən” sonra bunu sakinlərə yaşam üçün zəruri olan hal kimi qəbul etdirməyi bacarıb aidiyyəti qurumlar) qalaraq 20 il öncəki uşaqlıq xatirələrimi xeyli canlandırdım. Özü də bütün bunları bir manata, dollara çevirəndə isə qəpik-quruşa etdim. Necə gözəl illər imiş uşaqlıq illəri. Nə bir problem bilirmişik, nə itkimiz varmış, nə qayğımız. Dünyada, ölkədə gedən prosesləri nə dərk edir, nə də gələcək barədə fikirlərə qapılırmışıq. Eh...

Nəsə, qayıdaq mətləbə. Hər kəs etiraf edər ki, bu gün Azərbaycanda axsayan birinci sahə nəqliyyat sektorudur. Maraqlıdır, daha çox pul xərclənən də bu sahə, ən çox problem olan da. Təkcə marşrut avtobusları ilə bağlı yazılası o qədər problem var ki, bu, saymaqla qurtarmaz: qrafikə uyğun işləməmək, dayanacaqdan kənar saxlamaq, avtobusu necə gəldi idarə etmək, sürücü mədəniyyətsizliyi və s. və i. a.
Marşrut avtobusu sarıdan problem yaşayan qəsəbələrdən biri də Masazırdır. Əslində, bu qəsəbə çox problemlərdən əziyyət çəkir (ən başlıcası isə sakinlərin elektrik enerjisi probleminə görə boğaza yığılmasıdır. “Azərenerji”nin səlahiyyətlərinin “Azərişıq”a verilməsi elektrik enerjisinin təminatı sahəsində sakinlərdə ümid yaratsa da, bu ümid doğulmamış ölüb. Ad dəyişikliyindən sonra hətta sutka ərzində dəfələrlə işıq söndürülür, bəzən saatlarla elektrik təminatı olmur).

Uzun mötərizədən birtəhər çıxaraq qayıdaq bu yazıda toxunacağımız nəqliyyat probleminə. Buraya on il qabaq da bir avtobus işləyirdi, indi də. Bu on il ərzində Masazırın əhalisi, bəlkə də, on dəfə artıb, amma marşrut avtobusunun sayı artmayıb ki, artmayıb. Bu avtobusun insanları daşımağa kifayət etmədiyini hamı bilir və görür. Di gəl nə xəttə yeni marşrut avtobusu buraxılır, nə də əlavə marşrut xətləri açılır. Madam ki, yeni yaşayış kompleksləri salınıb, Zəngilandan olan məcburi köçkünlər üçün yeni binalar istifadəyə verilib, o zaman yeni marşrut xətləri niyə açılmır? Yox, gərək bütün avtobuslar qapılarından insanlar sallanmış vəziyyətdə hərəkət edə axı... Həqiqətən, marşrut avtobusu probleminə görə hər dayanacaqda onlarla insanın olması və yolboyu mərkəz istiqamətinə addımlayan insanların uzun cərgəsi çox üzücü təsir bağışlayır. Axı nə vaxta kimi insanlar saatlarla avtobus gözləyəcək, gələn avtobusa minməyə imkan tapmayacaq? Bir şəxsin bütün bu marşrut avtobusu xəttindən külli miqdarda gəlir əldə etməsinə, bunun müqabilində isə insanların yollarda qalmasına, yaxşı xidmət göstərməməsinə daha nə qədər göz yumulacaq? Aidiyyəti qurumlar məgər bunu görmür? Yoxsa görmək istəmir? Ümid edək ki, bundan xəbərsizdirlər və məlumat əldə edən kimi məsələni həll edəcəklər(mi?). İnsanlar məcburiyyətdən ciblərində olan 3-5 manatı nə vaxta kimi taksilərə verəcək?

Bəlkə, mən bu olub bitəni düzgün başa düşə bilmirəm. Ola bilər ki, Nəqliyyat Nazirliyinin rəhbərliyi məni və mənim timsalımda camaatı keçmiş xatirələrə qaytarmaqla “sağ ol” gözləyir. Düzdür də, keçmişə qayıtmasan, gələcəyə necə addımlamaq olar?! Axı, bu nazirliyin aidiyyəti şəxsləri marşrut avtobuslarının vaxtı-vaxtında hərəkət etməsini təmin etsə, Masazırda hər dayanacaqda saatlarla duran onlarla insan xoşbəxt xatirələr qanadında uçmayacaq...


Müəllif: Aqil Lətifov