28 Aprel 2015 14:13
1 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən 45 gün sonra paytaxtımız mötəbər və mötəbər olduğu qədər də bizim üçün gərəkli, vacib olan bir yarışa - I Avropa Oyunlarına ev sahibliyi edəcək. Yarışların baş tutacağı müddət ərzində (haradasa 20 gün) bütün dünyanın, ən azından Avropanın gözü Azərbaycanda olacaq.

İndiyədək ölkəmizdə keçirilən mühüm tədbirlərə, onların ən üst səviyyədə reallaşdırılmasına, eləcə də, gələn qonaqların məmnunluqla getməsinə nəzər yetirdikdə dövlətimizin Bakı-2015 Avropa Oyunlarına da ustalıqla ev sahibliyi edəcəyinə, bütün yükü layiqincə daşıyacağına tam hazır olduğunu əminliklə söyləyə bilərik. Bəs biz necə, hər vəchlə inteqrasiya etməyə çalışdığımız Avropanın, dünyanın gözünün üzərimizdə olmasına, qonaqlarımızı layiqincə qarşılamağa, haqq səsimizi, mədəniyyətimizi, mətbəximizi, əzən deyil, əzilən olduğumuzu, işğal edən deyil, işğal olunan tərəf olduğumuzu, soyqırımı edən deyil, soyqırımına məruz qalan tərəf olduğumuzu haykırmağa, nümayiş etdirməyə hazırıqmı? Sualı belə də qoymaq olar: biz bütün bunları dünyaya çatdırmaq istəyirikmi? Mənim bu suala cavabım “yox” olardı. Avropa Oyunları öncəsi dövlətimizi, dövlətçiliyimizi istəməyən qüvvələrin əks-təbliğatına, hər vəchlə bu yarışmanı gözdən salmağa çalışmasına diqqət yetirdikdə bu qənaətə gəlmək heç də çətin olmur.

Heç şübhə yox ki, bizim belə mötəbər yarışlara ev sahibliyimizi istəməyən ilk ölkə Ermənistan və onun havadarlarıdır. Düşmənimizin bunu istəməməsi çox doğru və başadüşüləndir. Çünki düşməndir, amma ağıllı düşməndir və buna görə də qarşısındakı dövlətin güclü olmasını, dünyada tanınmasını, qəbul edilməsini istəmir. Ona görə ki, onlar tanınmağın, təbliğatın nə olduğunu çox yaxşı dərk edirlər. Yüz il boyunca dünyada təbliğat aparan və indi-indi bunun barını yığan ermənilər bu yarışın Azərbaycanın gücünə güc qatacağını, ölkəmizə dividentlər gətirəcəyini bizdən də yaxşı bilir. Onlar gözəl bilirlər ki, ölkəmizdə keçirilən belə mötəbər yarışlar, konfranslar və digər tədbirlər Azərbaycanın əlini daha da gücləndirir, dəstəkçilərinin sayını artırır, eyni zamanda, Azərbaycan özünü, haqq səsini, erməni vəhşiliyini, sülh istədiyini bəyan etdikcə işğal altındakı torpaqlar sahibinə bir o qədər yaxınlaşır və dünyada formlaşdırılan “məzlum erməni” maskası yırtılır. Ermənilər onu da bilirlər ki, bizim Qarabağa yolumuz “Bakı-2015"-dən və bu kimi mühüm tədbirlərdən keçir. Odur ki, onlar belə yarışların ölkəmizdə təşkilinə hər vəchlə kölgə salmağa, Azərbaycanı ləkələməyə, ölkəmizə qarşı mənfi və anti-demokratik imic formalaşdırmağa çalışırlar. Bununla onlar bir məqsəd güdürlər - işğal etdikləri torpaqları əldən verməmək. Acı doğuran məqam isə ermənilərin, onların havadarlarının bu istəyinə Azərbaycandan da dəstəkçilərin olmasıdır. Bu isə sualsız ötüşmür: Bəylər, cibinizdə Azərbaycan pasportu, damarınızda türk qanı daşıyaraq belə qüvvələrin dəstəkçisi necə olursuz? Siz bu qüvvələrin ədaləti, demokratiyanı bir kənara qoyub, hər şeyə öz maraqları çərçivəsində yanaşdığını görə-görə özünüzü onlara necə təslim edirsiz? Belə çıxır ki, ”sapı özümüzdən olan bu baltalar" da Ağdamı, Şuşanı, Laçını, Kəlbəcəri və digər işğal olunan əraziləri istəmirlər.

Əgər istəsəydilər, Azərbaycanın güclü olmasına çalışardılar.
Əgər istəsəydilər, Azərbaycanın uğuruna sevinərdilər.
Əgər istəsəydilər, Azərbaycanın uğuruna çamur atmaz, dövlətimizin yanında olar, erməni vəhşiliyini dünyanın diqqətinə çatdırmaq üçün ələ düşən bu fürsəti fövtə verməzdilər.
Əgər istəsəydilər o qədər uzatmaq olar ki...

Bu şəxslər deyir ki, Avropa Oyunları Azərbaycanın nəyinə lazımdır, dövlət belə bir yarışmaya niyə çoxlu pul xərcləyir? Nə bilim, yarışda iştirak üçün ölkəmizə gələn imkanlı almanın, fransızın, ingilisin, rusun, yunanın, hollandın pulunu nə üçün verir? Tam səmimi deyirəm, mən də olsam, ölkəmin təbliğatı üçün bu addımı atardım. Çünki həqiqətlərimizi, işğala, soyqırımına məruz qaldığımızı, əzilən, işğal edilən tərəf olduğumuzu, gerçək erməni simasını dünyaya çatdırmaq bizə lazımdır. Bunları görmək üçün ingilis, alman, fransız, rus o qədər də səy göstərməyəcək. Necə ki, 23 il qabaq gözləri önündə baş verən erməni vandalizmini deyil, 100 il qabaq olmadığı sübuta yetirilən “erməni soyqırımı”nı qəbul edirlər. Bizə qarşı bu qədər vəhşiliyə rəğmən, həmin “həqiqət carçılarından” biri belə, Ermənistana, gözün üstə qaşın var, demədi. Çünki erməni türkü qırıb. Çünki erməni müsəlman ölkəsinin torpaqlarını işğal edib. Çünki erməni vaxtilə osmanlı sopası yemiş Avropanın indi də adı gələndə tir-tir əsən türk dövlətlərini gücsüz düşürmək üçün onlara lazımdır. Deməli, biz daha çox çabalamalıyıq ki, haqq səsimizi məcburən dünyanın “beyn”inə yeridək. Bunun üçünsə Avropa oyunları əla fürsətdir və bu imkandan maksimum səviyyədə faydalanaraq dünyaya bir seçim imkanı tanımalıyıq - həqiqəti görmək. Buna görə də lap pul da xərclənər, qonaq da çağırılar... İnanın, bir əcnəbinin belə, haqqı görməsi, erməninin iç üzünə bələd olması böyük uğurdur. Çünki o bir nəfərin də ona inanacaq əhatəsi var.

Elə bilirsiniz ki, ermənilər olmayan “soyqırımı”nı pulsuz-parasız dünyaya qəbul etdirirlər? Yoxsa dünya ölkələri onların ala qaşına, ala gözünə aşiq olub? Yox. Düzdür, burada xristian təəssübkeşliyi və yuxarıda qeyd etdiyim digər məqamların müəyyən rolu var. Lakin Ermənistanın, erməni diasporunun illər boyu apardığı işin, xərclədiyi pulun vacib amil olduğunu unutmaq lazım deyil.

Məhz bütün bunları nəzərə alaraq yuxarıda bu yarışların bizim üçün vacib və gərəkli olduğunu qeyd etdim. Çünki bu yolla biz özümüzü dünyaya tanıdırıq. Deyirik ki, baxın, həqiqət budur, biz buyuq, ermənilərsə bu və siz qatilin yanındasız. Əminəm ki, bunun xeyrini mütləq görəcəyik - bu gün də olmasa, sabah...


Müəllif: Aqil Lətifov