25 İyun 2015 10:54
2 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məndə telefon nömrəsi yoxudu. Deməli, axtarıb tapmalıydım. Kimdən tapa bilərdim, maraqlıdı.

Onu bir yazıçı kimi az adam tanıyır, qaynar müzakirələrdə, çal-çağır polemikalarda, açıqlama "cədvəl"lərində adına, özünə, şəxsinə rast gəlinmir. Əslində, mən onu ilk dəfə 80-ci illərin sonlarında "Azərbaycan" jurnalının redaksiyasında görmüşdüm - hələ də orda işləyirmiş, təzə bildim. İmzasına onda rast gəlmişdim, vaxtaşırı çap olunurdu, elə indi də çap olunur.

Mübariz Cəfərlinin ciddi yazıçı olduğunu şəxsən mən son illər retro qismində təkrar nəşr edilən hekayələrindən öyrəndim, bildim, anladım. Yaxın dostlarla da bu qənaətimizi bölüşmüşük.

Amma Mübarizin 1995-ci ildə yazılmış "Halə" povestini oxuyub axıra çıxanda daha özümü tuta bilmədim. Başa düşdüm ki, mətn də qadın kimidi - dəbdə olanı, podiuma çıxarılıb aləmə sırınanı, oxucuya göz basan şortusu, şit-şılığı da var, öz taleyini yaşayan namuslu-ismətlisi də.

Mübariz Cəfərlinin nömrəsini ədəbiyyatşünas-tənqidçi Cavanşir Yusiflidən alıb onunla telefonla danışandan sonra (deyəsən, belə qəfil zəngə yazıçı dostumuz - bəli, özü demişkən, "Feysbuk" dostuyuq - xeylaq təəccüblənmişdi) internetdə axtarış verdim. Mübariz özünə şəxsi bloq da yaradıbmış. Bloqa yazıçının "Bərpaçı" romanından Cavanşir Yusiflinin 2012-ci ildə yazdığı məqalədəki ilk cümlələr mənim indiki halətimə, qənaətimə, təəssüratıma tamam uyğundu.

Tənqidçi yazırmış: "Mübariz Cəfərlinin "Bərpaçı" romanı 2010-cu ildə "Azərbaycan" jurnalının 12-ci sayında çap edilib. Mən onu bir təsadüf nəticəsində gördüm və oxudum. Təəccübləndim ki, niyə bu roman indiyə kimi heç kəsin diqqətini cəlb eləməyib. Sual verilən kimi, cümlənin sonundakı sual işarəsi qopub yerə düşür, bizim ədəbi aləmin rəngbərəng "moderatorlar"ı başqa nəsnələr axtarışındadırlar və özlərini elə aparırlar ki, guya bu əsərləri məhz onlar sifariş verib yazdırıblar".

Məncə, fürsətdən istifadə edib tənqidçinin bu fikirlərinə də bir alqış yapsaq, yerinə düşər.

***

Doğrusu, əvvəl əl telefonunda, mobildə, sonra işdəki "oturaq telefon"da qarışıq bir söhbət elədik, mən elə bil "Halə" povestinin yarı-mistik, yarı-realistik, dolaşıq-tutqun ab-havasında danışırdım. Bilmək istəyirdim, bu povestin məzmunu, alt-üst qayəsi nədən ibarətdi? Yəni yazıçı nə demək istəyib, oxucuya nə çatdırmaq amacındadı?.. Cadugər yazıçıya nə pıçıldayıb ki, məntiqə kölgə, qaranlıq salan belə bir qəribə əhvalat çıxıb ortaya?

Amma söhbət əsnasında fikrimdən daşındım, özünə də dedim bunu: "Yox, səndən əsərlə nə demək istəyirsən deyə sormayacam. Bu, gülməli olar..."

İlk baxışda adi, primitiv məişət olayıdı - evlənmək yaşı çatmış bir oğlanı kəndə çağırıb xalası qızına ürcah eləmək istəyirlər. Beləliklə, o, bir gecəni sabahlamadan (gecəyarı durub aradan çıxır) xalasıgildə, qızla qonşu otaqda, bir gecəni də səhərəcən cadugər dul qadının - dayısı arvadının evində keçirir. Tipik kənd mühiti, nəsil intriqası... Ancaq cadugərin bir gecəlik monoloqunu tək nəsil söhbəti kimi qəbullamaq qeyri-mümkün...

Sonra Mübariz Cəfərli mənə elektron variantda iki əsərini, o cümlədən haqqında Cavanşir Yusiflinin məqalə yazdığı "Bərpaçı" romanını göndərdi. "Halə" haqdasa dedi ki, povest çap olunandan sonra bir gənc yazar - indi məşhurdu - ürək ağrısıyla qayıdıb ki, bu əsərdə bircə nəfər də müsbət adam yoxdu.
Düz deyib, Mübariz ümumiyyətlə pis adamlardan yazır. Amma yaxşı adamlar da var... Yadıma bir əhvalat düşdü.

Qıtlıq-kasadlığın artıq başlanğıc aldığı 90-cı illərin əvvəlləriydi, kirayədə qaldığım Bakının ucqar guşəsində ailəyə çörək almaqçun mağazaya tələsirdim. Axşam keçirdi, qatı qaranlığıydı, üstəlik, möhkəm yağış yağmışdı, yer də palçığıydı. Evlərin arasından bir işıq çıxdı. Kuzalı maşın düz yanımda saxladı. Sürücü kabinədən başını uzadıb dedi: "Mən də belə gedirəm, gəl otur gedək..."


Müəllif: Qurban Yaquboğlu