2 İyul 2015 18:12
4 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəqin yaddan çıxmayıb, Sahil metrosunun yanında qətl hadisəsi baş vermişdi. Bir oğlan arvadı ilə gedirmiş. Necə olubsa, bir it onun arvadına hürüb. Buna görə kişi əsəbiləşib, əvvəlcə itin yiyəsini öldürüb, sonra itin özünü öldürmək istəyəndə aləm bir-birinə qarışıb, it aradan çıxıb. Bir neçə ay bundan qabağın söhbətidir, sosial şəbəkələrdə həmin itin şəkli də yayılmışdı, sahibin yanında elə məzlum-məzlum dayanmışdı ki, necə deyərlər, it hürdüyünə it kimi peşman olmuşdu.

Allah heç bir itə göstərməsin, dəhşətli mənzərə idi.

Aradan xeyli vaxt keçəndən sonra fikirləşirəm ki, yəqin qətli törədən də peşmandır, qətli törədənin arvadı da düşünür ki, kaş o yolla getməzdim, it də mənə hürməzdi. Dünyada ən qəribə hadisələr Azərbaycanda baş verir. Adamlar bir-birinin ölümünə elə asan göz yumurlar. Həmişə mənə elə gəlir ki, məsələn, bu cür qətl hadisəsindən hamı dərs götürəcək, insanlar maariflənəcək və ehtiyatlı olacaq. Deyirəm, vəssalam, daha hamı başa düşdü ki, belə xırda şeylərin üstündə (lap elə danışdım ki, guya böyük şeylərin üstündə insan ölməlidir) insan ölməz. Amma olmur, olmur, olmur, demək olar ki, hər gün eyni məzmunlu ölümlərin xəbəri yayılır. Oğlan sevdiyi qızı bıçaqladı, oğlan atasını öldürdü, kişi arvadının başını kəsdi, arvad uşağın boğazına bıçaq çəkdi və s.

Bu sabahımız isə daha dəhşətli bir xəbərlə açıldı. Bakıda sevdiyi qızla məhəllədə öpüşdüyünə görə Nazim Ələkbərovu qətlə yetirdilər. Qətl barədə hərə bir söz deyir. Ən pisi odur ki, bəzən deyirlər, günah öləndədir, niyə qızı binanın qabağında öpürdü ki? Ay Allah, belə düşüncə olar? Əvvəla, qız deyir, öpüşmədik, qucaqlaşdıq. İkincisi, lap öpüşüblər, buna görə adam ölməlidir? Gör nəyin üstündə cavan oğlanın biri o dünyaya, biri də bu dünyada darıxacaq.

Saytda qızın sözlərini oxudum. Hiss olunurdu ki, ağlaya-ağlaya danışıb. Çətindir. Qətlə yetirən Kamran Həsənzadənin saytda şəkillərinə baxdım. Heç ağlının ucundan da keçirə bilmirsən ki, bu cür üzü nurla dolu bir oğlan kimisə öldürə bilər. Dəhşətdir.

Belə hadisələrdən sonra adamın canına qorxu düşür. Metroda, işdə, küçədə, parkda, yolda ehtiyatla gəzirsən. Elə bilirsən kimsə kürəyindən səni bıçaqlayacaq. Dünən bulvarda sevgilimlə gəzirəm, qorxumdan qıza deyirəm ki, bir az məndən aralı get, yaxşı deyil. Bizdən nə desən çıxar, birdən kimsə gəlib deyər ki, niyə əl-ələ tutubsunuz? Allah haqqı, belə bir şeylə qarşılaşsam, sevgilimin əlindən tutduğuma görə o adamdan üzr istəyərəm, deyərəm, qələt eləmişəm, bağışla. Təki ölürməsin. Mənim yekə-yekə danışdığıma baxmayın. Çox qorxağam. Canımı çox istəyirəm deyə qızın əlini buraxaram. Deyərəm, sən qabaqda get, mən arxanca yavaş-yavaş gəlirəm. Amma qorxuram indi də deyələr ki, niyə o qızın dalınca düşübsən? Ona görə, ay qız, yaxşı deyil, qoy mən qabaqda gedim, sən arxamca gəl.

Belə yaxşıdır. Amma burda da bir problem var. Qızı tək görüb kimsə ona yaxınlaşa bilər. Bəs necə olsun? Ən yaxşısı evdən çölə çıxmayasan. Burda da məsələ qəlizləşir. Belə bir cəmiyyətdə adam evdə arvadı öpməyə də qorxur. Adamın ağlına hər şey gəlir. Bir də gördün pəncərədən kimsə baxır, səni güdür.

– Brat, çıx çölə, sənlə işim var.

Axı niyə bir-birinizi qırırsınız? Niyə bir-birinizin canını alırsınız? Onsuz da ölürsünüz. Onsuz da bizimki yaşamaq deyil. İt zülmü ilə bir tikə çörək qazanmaq ölümə bərabərdir. Ac qarnına bu nə emosiyadır, nə qəzəbdir? Oğlan sevgilisi ilə şəhərdə gəzib, indi də evə yola salır. Bəsdir də. Bir sevgilini ki blokun qabağında qucaqlamadın, öpmədin, bu nə sevgi oldu? Bəzən dünyanı gəzirsən, amma qızın evlərinin qapısından içəri girəndə çevrilib sənə əl eləməyi qədər heç nə gözəl olmur. Amma Azərbaycanda qapının ağzında sevdiyinə əl yelləməyin üstündə adamı qətlə yetirirlər. Ay Allah, başımızı götürüb hansı cəhənnəmə gedək?


Müəllif: Kəramət Böyükçöl