Onlar bir-birini tanımır. Mənsə üçünü də yaxşı tanıyıram. 10-12 yaşları olar. Ayrı zümrələrə aid, ayrı tərbiyə görmüş Azərbaycan balalarıdı. Paytaxt sakinidi üçü də. Biri Bakıda yaşayan rayonlu balasıdı, biri adi şəhər uşağıdı, o biri rusdilli şəhər uşağı. Üçü də normal ailələrdə atalı-analı böyüyür, üçü də diqqət mərkəzində. Gəl ki, hər biri öz ailəsinin güzgüsü. Biri ağzını açan kimi qonşunun qaynana-gəlin-baldız davasını əkə-bikə arvadlar kimi şərh edir. O biri ancaq brend mallardan, yeni ətirlərdən, qır-qızıldan danışır, üçüncü də dil boğaza qoymadan kompüter oyunundakı qaniçən əjdahaların qırğın-mərəkəsini izah edir. O birinci - əkə-bikə arvad kimi böyüyənin baxıb həzz aldığı bozbaş verilişlərdəki Moşu-Şomu-Şəmi-Şümü fason qəhrəmanların sərgüzəştləridi. Soruşsan Sərinləşdirici kimi adlarla efirlərə gələn müğənnilərdən tutmuş Rəqsanə, Məleykə kimisinə qədər hamının şəxsi həyatını əzbər danışar. Kim kiminlə cükküldəşir, kim kiminlə bikkildəşir - hətta ona kimi. Digəri - rusdillisi Rusiyanın düşük telekanallarındakı komedi-klab qəhrəmanlarının bütün biədəb reprizlərini, iyrənc jestlərini, eyhamlı-söyüşlü çıxışlarını olduğu kimi təlqin edir. Üçüncüsü - tam bir yeni nəsil ədəbazı. Fikri-zikri daraq-güzgü və anasının-nənəsinin üzükləri, bilərzikləri, bəzək-düzəyi. Bu yaşda tifildə o boyda qızıl sevgisi haradan? Bilmirəm. Amma o uşağın böyüklərin gözündən yayınan kimi tez-tez internetdəki porno-səhifələrə baxdığını da bilirəm. Bildiyim həm də odu ki, bu uşaqlardan heç birinin valideyni övladıyla konkret məşğul olmur. Kitab oxumaq nədi, birlikdə filmə, tamaşaya baxıb müzakirə eləmək nədi? Yedirib geydirirlər, vəssalam. Baş, bilik-savad qalır repetitorla məktəbin ümidinə. Bəs iç? Ürək? Daxili aləm? O da Allaha pənah. Bir şeyi də bilirəm ki, bu uşaqların heç birinin heç vaxt qırmızı şarı olmayacaq. Onlara qırmızı şar lazım da deyil. Buna da tam əminəm.
***
30 dəqiqəlik bu filmin lentə alınmasından 60 ilə yaxın vaxt keçir. Zamanında Kann festivalının da qalibi olan “Oskar”lı film bu günəcən dünya kinosunun şedevrləri sırasındadı. Fransa rejissoru Alber Lamorisin “Qırmızı şar” qısametrajlı filmi mahiyyətcə Emil Zolyanın “Balaca şahzadə”sini xatırladır. Filmin qəhrəmanı - 10-12 yaşlı oğlan günün birində qıpqırmızı iri bir şar tapır - qeyri-adisini. Parisin bomboz şəhər həyatının görüntüsü də, ovqatı da dəyişir. Bu adi uşağın bənd olduğu iri qırmızı şar hər kəsin iç üzünü aşkar edir - paxıl paxıllıq edir, xain xainlik, yaxşı yaxşılıq, pis pislik - şara görə nəqliyyata minməyə qoymurlar, uzun yolu pay-piyada qaçmalı olur, məktəbə buraxmırlar, uşaq amma bu baryeri də adlayır. Sədd heyf ki, dünya öz axarındadı - hər yerdə olduğu kimi Parisdə də yaxşılar az, pislər çoxdu. Qırmızı şar - adi əşya deyil, alleqoriyadı, canlandırılmış bir obrazdı. Onun da istəyi, hadisələrə münasibəti, şəxsi qərarları var. Və qəhrəman təzə dostunu - qırmızı şarı sevə-sevə qoruyur, ona görə vuruşur, mübarizə aparır. Oğlan hər kəsdən fərqlidi deyə təkdi. Amma bu, kədərli təklik deyil. Onun içi sevgiylə, arzuyla, həyat eşqilə doludu. Hamı kimi olmaq istəmir deyə onu sevməyənlər, başa düşməyənlər, bu üzdən incidənlər də var. “Qırmızı şar” əslində uşaqlar üçün nəzərdə tutulan nəsihət xarakterli bir ekran əsəridi. Amma film nəinki uşaqlara, elə böyüklərə də əsl həyat dərsi keçmək iqtidarındadır. “Qırmızı şar” sevgi hekayəsidi, insanlıq, dostluq hekayəsidi, xeyir-şər nağılıdı, ümid dolu bir nağıl. Film gözlənilməz sonluqla bitir. Amma həm də bitmir. Hər tamaşaçının içində bir qırmızı şar eşqi, yeni bir sevda cücərir. Ta, o şarı həyatda axtarıb tapana qədər.
***
Konkret tanıdığım o üç uşağın valideynlərinə mütləq deyəcəyəm həmin filmə baxsınlar, tək yox, övladlarıyla birgə baxsınlar. Tanıdığım bir ana da var - müsbət nümunədi. Azyaşlı uşaqlarına rus dilini öyrətmək üçün (məktəblərdə bu dil tədris olunmur axı) hər axşam rus dilində nağıllar oxuyur. Cümlə-cümlə oxuyub tərcümə eləyir, izahla oxuyur, öyrədə-öyrədə oxuyur. O xanıma da söyləyəcəm “Qırmızı şar” təəssüratımı. Mütləq özü də baxacaq, balaları da. Siz də deyin, hər kəsə deyin. Belə filmlərə tədris vəsaiti kimi baxsınlar deyin. Yarım əsrdən bir az əvvəl lentə alınan ekran əsərinə yarım saatdan bir az çox vaxtınız gedəcək. Qazandığınızı isə illərlə unuda bilməyəcəksiniz.