21 Sentyabr 2015 14:11
2 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəramət Böyükçöl

Bu odlar yurdu balaca bir yerdir, hamı hamını ovcunun içi kimi tanıyır. Məsələn, mən dəqiq bilirəm ki, kim vətəni nə üçün çox istəyir, kim niyə Qarabağ haqqında bəlağətli çıxışlar eləyir, gözəl-gözəl sözlər deyir. Zeynəb Xanlarovadan soruşurlar ki, Qarabağ geri qayıtsa nə edərsən? Qayıdır ki, Şuşada şüşənin üstündə ayaqyalın oynayaram. Başdan ayağa yalandır. Zeynəb xanımın bu fikrinin bətnindəki pafos bizim evimizi yıxdı, bizi saxta şeylərə inandırdı.

Hiss edirəm ki, bu cür vətən sevgisi get-gedə ən adi bir tələbəni də yorub. Tələbə Şuşanın, Ağdamın, Laçının işğal günü ilə bağlı keçirilən heç bir tədbirdə iştirak etmək istəmir. Çünki yalan sözlərdən qulağı toxdur. Daha yorulublar, beziblər. Yadıma gəlir, ikinci kursda oxuyurdum. Oxuduğum universitetdə Şuşanın işğal günü təntənəli şəkildə qeyd olunurdu. Çoxlu alimlər, professorlar, ictimai-siyasi xadimlər də tədbirdə iştirak edirdi. Hərdən mənə elə gəlirdi ki, kim Şuşanı sevmirsə, onlar tədbirin ən hörmətli yerində əyləşiblər. Şuşada atası ölən, əmisi şikəst olan, dayısı itkin düşən tələbələrsə lap arxa cərgədə ancaq yer doldurmaq üçün oturublar.

Aydın məsələdir, tədbir açıq elan olunandan sonra çıxışlar başladı. Neçə ildən bəri eşitdiyim sözlər yenə təkrar olundu. Bircə dənə təzə söz eşitmədim. Bir məmur vardı, qarnı yer kürəsinə oxşayırdı. Mənim o boyda qarnım olsaydı, Allah haqqı, evdən çölə çıxmazdım. Amma bu adam tribunaya qalxıb Qarabağdan danışır. Guya yanıb-tökülür. Vətən belə gəldi, vətən elə getdi, vətənin çiçəyinə qurban, gülünə qurban, maşınına, evinə, villasına heyran.

Çıxış lap axırında həmin məmur yumruğunu düyünləyib Abbas Səhətdən iki misra dedi.

Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsə vicdan olmaz.

Məsələ ondadır ki, gurultulu alqışlardan sonra zala baş əyən məmurun yekə qarnı, maşınları, villaları, bağ evləri Abbas Səhətin pafoslu misralarının arxasında elə gizləndi ki, heç ucu da görünmədi. Olduğu kimi yadımdadır, zalda əyləşən bir Qarabağ əlilinin balası tədbirdən sonra o məmura yaxınlaşıb söz demək istədi, ancaq mühafizəçilər qoymadılar.

Ola bilər bir az təcrübəsizəm deyə belə şeylər məni sarsıdır. Nədənsə, vətən haqqında bütün pafoslu çıxışlar mənə intim səsləri xatırladır. Mən o sözlərə inanmıram. Biz Şuşanı nə zaman itirdik? Çünki kimisə alqışladıq. Kimisə alqışlayanda silahı mütləq yerə qoyursan. Biz silahı yerə qoyduq və Şuşa getdi. Düz 1992-ci ildən bəri eyni sözləri təkrarlamaqla məşğuluq. Ay Şuşa, vay Şuşa! Quzu nə üçün mələyir? Çünki süd istəyir. Bəs sən nə üçün belə pafoslu çıxış edirsən, ay məmur. Çünki ev istəyirsən, pul istəyirsən, maşın istəyirsən, vəzifə istəyirsən. Bunu mənim nənəm də bilir.

Mənim çox sevdiyim şair Musa Yaqubun da vətən haqqında bir şeiri başdan-ayağa pafosdur.

Bəlkə də borcundan çıxmadım vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Öləndə qoynunda qoy ölüm ki, mən,
Çürüyüm bir ovuc torpağın artsın.

Hərçənd ki, mən Musa müəllimin səmimiyyətinə inanıram, onun doğrudan da, yurdunu sevən bir şəxsiyyət olduğuna əminəm. Ancaq yenə də dəyərli şairimizin bu misralarında aldadıcı rəng yox deyil. Çürüyüm bir ovuc torpağın artsın. Misradakı obrazlılığın özü də yalandır. Bu cür saxta şeirlər minlərlədir. Problem ondadır ki, Qarabağ haqqında səmimi, içdən gələn əsərlər yazıla bilər, ancaq ədəbiyyatın Qarabağa heç bir dəxili yoxdur. Qarabağ mövzusunda yazılan bədii əsərlərin böyük əksəriyyəti nə üçün zəifdir və niyə nə üçün üzə çıxa bilmir? Çünki yalandan yazılıb, səmimi deyil, fikirlərin hamısı başdan ayağa pafosdur.

Bir dəfə yarızarafat yazmışdım ki, vətən mövzusunda şeir yazan nə qədər şairlərimiz var, hamısını Qarabağa aparmaq lazımdır ki, qoy ölsünlər, bizim də canımız qurtarsın. Ölkədə Şuşa, Kəlbəcər, Laçın haqqında nə qədər şeir müsabiqələri keçirilir. Müsabiqəyə mənasız əsərlər təqdim olunur və yer tutur. Müəllif min manatı qatlayıb qoyur cibinə, gedir davamını yazmağa. Belə vətən sevgisi olmaz. Bəs biz niyə ədəbiyyatda yalana bu qədər yer veririk? Şeirdə vətənə yaltaqlanmaq lazım deyil. Biz anamızı çox sevirik, ancaq hərdən ona əsəbiləşirik də. Bəzən doğma anamızla dalaşırıq, hərdən də acıq eləyib evdən çıxırıq. Vətən haqqında şeir yazanda da səmimi olmaq lazımdır. Adam vətəninə də öz doğma anasına kimi əsəbiləşə bilər. Və həmin əsəb, hirs bədii nervi kimi şeirin içində görünməlidir. Adam əslində vətəndən inciyib, amma yandığından vətəni tərifləyir. Vətən bizim müdirimiz deyil ki, onun haqqında səmimi söz demək üçün ehtiyat eləyəsən, onun qabağında əzilib-büzüləsən. Vallah, Allahdan qorxmaq lazım olmadığı kimi, vətəndən də qorxmaq lazım deyil.


Müəllif: Kəramət Böyükçöl