15 Dekabr 2015 10:07
1 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səninlə son görüşü dünənki kimi xatırlayıram. Dünən kimi xatırladığım o günün üzərindən nə az, nə çox düz 6 il keçib(mi?). Ancaq son görüşümüz 6 il uzaqda deyil, bu günün bir addımlığında qalıb. Geridə qalan həmin illərin heç fərqində olmamışam, sanki bütün olanlar dünən baş verib və bu dünənin bir sabahı kimi yeni günləri sıralayıram. O sabah olacaqmı? Yox, ancaq yenə gözləyirəm. Deməli, olmayan sabahın xəyalındayam. Xəyal olan o sabah daha neçə gerçək illərin sonuna hökm verəcək?!.

Yaxşı yadımdadır, 2009-cu ilin avqust ayı idi (artıq dörd ay (sən vağzalı ilə evdən ayrılanda nədənsə mən heç olmadığım qədər pis olmuşdum) idi ki, doğma evimizdən köçüb özünə yeni yuva qurmuşdun). Mən ilk və son dəfə sizdə qonaq olmuşdum. Son dərəcə xoşbəxt görünməyə çalışırdın, əslində isə nəsə bir narahatlığının olması da hiss edilməyəcək dərəcədə deyildi. Yoxsa bu, ölüm kabusunun narahatlığı idi?!.

Son görüşümüzdə sanki ilk dəfə görmüşdüm səni. Çünki səni yenidən kəşf etmişdim. Zəkan, danışığın, dünyagörüşün məni heyran etmişdi. Sanki səninlə bir evdə, bir ailədə böyüməmişdik. Sənin o şirin zarafatların, xoş sözlərin, gözəl gülüşün, daha da gözəlləşən siman göz önümdən bir an belə getmir. Sanki sən bütün bunları bilərəkdən edirmişsən. Ki, gəlişin kimi, gedişində də unudulmaz iz buraxasan. Bütün bunların yaddaşıma dünən kimi yazılması üçünmü həmin gün bu qədər yaddaqalan oldun? Kaş ki, sənin o xoş sözlərin, gözəl gülüşün, şirin zarafatların, “Galatasaray”-"Beşiktaş" (ailəmizdə hər kəs “Galatasaray”lı olduğu halda, sadəcə, sən fərqli idin - “Beşiktaş”a azarkeşlik edirdin) mübahisələrimiz olmayaydı, amma sən olaydın...

Sənin gedişin kimi, gəlişin də dünənki kimi yadımadadır. Bütün bunlar təsadüf idimi, görən? Xatirimdədir, 6 yaşım vardı və bir neçə gün idi ki, anam evdə yox idi. Atamsa anamın xəstəxanada olduğunu demişdi. Və bir-iki gün sonra anamla atam və sən evə gəldin. Çox sevinmişdim balaca bəbə tapmışıq deyə. Amma utandığımdam soruşa bilmirdim ki, bu uşaq qızdır, yoxsa oğlan? Qardaşımın olmasını çox istəyirdim... Bir dəfə anam bələyini açanda sənin göbəyini görmüşdüm və çox sevinmişdim, elə bilmişdim ki, qardaşım dünyaya gəlib...
Həqiqətən, sənin gəlişin də, gedişin də, elə 21 illik ömrün də çox yaddaqalan oldu. Qarşılaşdığın xoşagəlməz hadisələr, ölümdən döndüyün olaylar bu 21 illik ömründə çox yaşandı. Uşaqkən bir dəfə göldə, bir dəfə dərin su qazanında ölümə qalib gəldin. Ancaq təəssüf ki, sona qədər bunu bacarmadın. Ömrünün 21-ci payızında, bəlkə də, daha az yara aldığın olaydan sağ qurtula bilmədin. Bir-neçə dəfə qalib gəldiyin ölümə bu dəfə təslim oldun. Özü də tək deyil...

Səninlə son telefon danışığımızda Biləsuvara - kiçik bacımızın toyuna şəxsi səbəblər üzündən getmənə izn verilmədiyi üçün çox gileylənmişdin. Bəlkə də, sən ölümün iki gün gecikdiyi üçün narahat idin. Və iki gün sonra - dekabrın 15-i arzuna çatdın, Biləsuvara getdin, amma geriyə cansız qayıtdın. İki gün öncə gedişinə mane olan səbəblərsə bu dəfə gedişinə əngəl ola bilmədi!!!


Müəllif: Aqil Lətifov