31 Yanvar 2017 15:33
1 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Opera və Balet Teatrında baş verənlər mətbuatın gündəmindən düşmür. Nəzakət Teymurova, Aygün Bayramova kimi tanınmış sənətçilərin teatrdan getməsi operasevərlərin narahatlığına səbəb olub.

Teatrın direktoru Akif Məlikovun mətbuata verdiyi açıqlamada “50 yaşlı Leyli olmaz” deməsi də narazılıqla qarşılanıb.

Opera və Balet Teatrında nə baş verir, ifaçılar teatrı niyə tərk edirlər, günahkar kimdir?

Teleqraf.com bu suallara aydınlıq gətirməyə çalışıb.

Xalq artisti Nəzakət Teymurova işdən çıxmağına peşman deyil: “Peşman deyiləm. Akif Məlikovun “50 yaşlı Leyli olmaz” fikrinə gəlincə, mənim 44 yaşım var. Yəqin Akif müəllim o fikirləri bildirərkən başqa sənətçiləri nəzərdə tutub. Opera və Balet Teatrında ən gənc “Leyli”lərdən olmuşam. İşdən öz ərizəmlə çıxmışam. Həmişə deyirdim müəyyən yaşa gəldikdən sonra teatrdan gedəcəm. Ona görə də heç kimi suçlamıram. Mənim üçün belə rahatdır. İşlədiyim yerə hörmət etmişəm. Elə bir insan da deyiləm ki, mənə hörmətsizlik etsinlər. Hər şeyin vaxtı var. Teatrda nə baş verdiyini bilmirəm. Orada işləyən insanlar bilərlər. İşlədiyim vaxtlarda belə nələr olduğunu bilmirdim. Başım öz işimə qarışmışdı. Heç zaman kiminsə işinə müdaxilə etməmişəm”.

nezaket teymurova ile ilgili görsel sonucu

Gənc solist Gülşən İbadova isə teatrdan zorla uzaqlaşdırıldığını deyir: “Keçən il bu vaxt işdən çıxmışam. Bir il əvvəl truppa müdiri Toma Eyvazova dəvət elədi, direktor səsimi dinlədi. Cakomo Puççininin “Bohema” operasında oynamalı idim. Artıq partiyanı öyrənmişdim. Sadəcə, səhnəyə çıxıb, məşq etməyimiz qalmışdı. Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasında Gülçöhrə obrazını canlandıracaqdım. Artıq məşqlər gedirdi. Gülçöhrə obrazında səhnəyə çıxmağıma iki həftə qalmış növbəti məşqi təyin etmək üçün Toma xanıma zəng elədim. Dedi bu obrazı oynamaq üçün Avropadan başqa sənətçi gəlir. Yalan imiş. Sonra Toma Eyvazova məni feysbukda dostluqdan çıxardı. Artıq orada özümə qarşı soyuqluq, narazılıq hiss etmişdim. Amma səbəbini anlamırdım. Başa düşdüm ki, məni teatrdan uzaqlaşdırmaq istəyirlər. Teatrdakı köhnə sopranolara da mane olurammış. Mənimlə çalışanlar işdən uzaqlaşmağıma çox təəssüfləndilər. Obraza hazırlaşanda həyəcanla, məsuliyyətlə çalışmaq və onu təhvil vermək istəyirsən. Mən cavan kadr idim, ştatda deyildim. Oynadıqdan sonra ştata keçəcəkdim. Amma imkan vermədilər. Toma xanıma zəng etdikdən üç-dörd gün sonra direktorla danışdım, dedim Akif müəllim, məni teatrdan uzaqlaşdırdılar, obrazımı canlandırmaq üçün Avropadan başqa sənətçi gəlir. Dedi elə şey eşitməmişəm. Direktorun cavabına özüm də məəttəl qaldım. Belə çıxırdı ki, oradan çıxarılmağımdan direktorun xəbəri olmayıb”.

İlgili resim

Gülşən İbadova direktorla hər hansı anlaşmazlıq yaşamadığını deyib: “Onunla münasibətim heç vaxt pis olmayıb. Yəqin direktora mənim haqqımda yanlış məlumat çatdırıblar. O teatr mafiya kimidir. Köhnə ifaçılar Toma xanımın ətrafına sığınıblar, gənc kadrları bir yolla teatrdan uzaqlaşdırırlar. Arxan, pulun yoxdursa, orada işləmək çox çətindir.

Yaxşı, orta nəslin nümayəndələrinin teatrdan çıxmasını başa düşürəm, axı mənim cəmi 29 yaşım vardı. Mən ki cavan kadram. Niyə uzaqlaşdırırsınız? Bəlkə, səsim pisdir? “Youtub”da videolarım, Avropadan gələn təkliflər göz qabağındadır. Ətrafımda olan Avropa klassik musiqi ifaçıları elə bilirlər ki, mən Azərbaycanın super opera ulduzuyam. Rəsmi feysbuk səhifəmə daxil olsanız, özünüz də görərsiniz. Mənim ifalarıma adi insanlar yox, Avropanın məşhur musiqiçiləri fikir bildirirlər. Mənə yazırlar ki, siz Azərbaycanın məşhur opera ifaçısısınız? Nə hə deyə bilirəm, nə yox. Belə bir acınacaqlı vəziyyət yaranıb. Avropa ölkələrindən dəvət var. İnşallah, yaxın günlərdə Avropada bir tamaşa oynamağa hazırlaşıram. Hələ adını deməyəcəm”.

Opera ifaçısı xalq artistlərinin teatrdan uzaqlaşdırılmasına da münasibət bildirib: “Zenfira İsmayılova çox gözəl sopranodur. “Sevil”i, “Nigar”ı canlandırıb. Eləcə də, Qərinə Kərimova. Teatrdan çıxarılanların əksəriyyəti adi səslər deyil. Sözünü demiş səslərdir. Qərinə Kərimova SSRİ dövründə Böyük Teatrda oynayıb. Onun uzaqlaşması məni məyus etdi”.

Teatrdan gedən sənətçilərdən biri də xalq artisti Mədinə Əliyevadır: “Bu haqda artıq sözümü demişəm. O teatrda çox hadisə baş verir. Mənim Belarusda tamaşalarım gedir. Orada iki tamaşa qoymuşam. Direktor mənə dedi sənin heç nə etməyə şansın yoxdur. Elə situasiya yaratdılar ki, danışmağa məcbur oldum. Sizə desələr ki, işinizin perspektivi yoxdur, orada qalarsınız? Hər bir normal insan işdən çıxar.

medine eliyeva balet ile ilgili görsel sonucu

Akif Məlikov müsahibəsində deyib ki, yüksək maaş alıram. Elə deyil. Baletdə xalq artistləri barmaqla sayılacaq qədərdir. Bu gün biri, sabah o birini çıxarır. Niyə bu sənət bir əldədir? O, direktordur, direktorluğunu etsin. Deyir bəzi baletlər bizim mentalitetə uyğun deyil. Axı sən Opera və Baletin rəhbərisən... Bu, nə deməkdir? Hərbi rejim yaradılan teatrda yaradıcılıq ola bilər?

Artıq təqaüdə çıxmışam. Özümü təsdiqləmiş insanam. Bu məsələnin bağlanmasını istəyirəm”.

Teatrdan narazı qalan ifaçı Aygün Bayramova bu barədə danışmaq istəmədi: “Opera və Balet Teatrında baş verənlər mənə maraqlı deyil. Maraqlı olsaydı, yaxşı açıqlama verərdim. İşim, dərsim, yaradıcılığım davam edir. Ona görə də üzrlü hesab edin, bu məsələ ilə bağlı suallarınıza cavab verə bilməyəcəm”.

aygün bayramova ile ilgili görsel sonucu

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətova müraciət etdik. O, mövzuya şərh vermək istəmədi: “Bu haqda Opera və Balet Teatrının direktoru açıqlama verib. Əlavə heç nə demək istəmirəm. Akif müəllim müsahibəsində kimin hansı səbəbdən getdiyini qeyd edib. Ondan sonra əlavə şərhə ehtiyacı yoxdur”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər