27 Mart 2017 16:32
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 29-da Azərbaycan Dövlət Film Fondunda kinomuzun böyük siması, əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin xatirə gecəsi keçiriləcək.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından Teleqraf.com-a verilən məlumata görə, xatirə gecəsində sənətkarın yaradıcıllığından, onun kinomuza verdiyi ekran işlərindən danışılacaq.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə keçiriləcək.

Əlisəttar Atakişiyev 1906-cı ildə anadan olub. 1927-1931-ci illərdə Moskva Ali Rəssamlıq Texniki məktəbində, 1931-1936-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alıb. Estoniyanın ilk rəngli filmini çəkib.

Kino-operator, rejissor vә rәssam Əlisəttar Atakişiyev 1960-cı ildə Azәrbaycan әmәkdar incəsənət xadimi adına layiq görülüb. Üzeyir Hacıbəyovun eyniadlı musiqili komediyaları әsasında çәkilmiş “Arşın mal alan”, “O olmasın, bu olsun” filmlәrinin quruluşçu operatoru olub.

“Bir qalanın sirri”, "Qərib cinlər diyarında", "Sehrli xalat", "Bizim küçə", "İstintaq davam edir" filmlərinin rejissoru olub.

Əlisəttar Atakişiyev 1990-cı ildə Moskvada qocalar evində vəfat edib.

Nərmin


Müəllif: