27 Aprel 2023 19:29
2 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prodüserlər Gildiyasının İdarə Heyətinin yekdil qərarına əsasən, hüquqşünas Fikrin Bektaşi Gildiyanın sədri seçilib.

Teleqraf.com xəbər verir ki, bu qərar Gildiyanın bu gün keçirilən toplantısında verilib. Fikrin Bektaşi Mədəniyyət və Kinematoqrafiya haqqında qanun layihələrinin, Kinematoqrafiyanın inkişaf konsepsiyasının müəllifidir.
Qeyd edək ki, bir müddət əvvəl prodüser Nəriman Məmmədov gildiyanın sədr vəzifəsindən istefa vermişdi.

Bu günki toplantıda gildiyanın idarə heyətinin üzvləri də müəyyənləşib: prodüser Müşfiq Hətəmov, "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov, "Ultra Production" şirkətinin rəhbəri Pərviz Məmmədov, "Nərimanfilm" şirkətinin rəhbəri Nəriman Məmmədov, "Oksi media" şirkətinin rəhbəri Oksana Rəsulova, "Cinex" kino şirkətinin rəhbəri Mariya İbrahimova, Fikrin Bektaşi.

Qeyd edək ki, Azərbaycan Prodüserlər Gildiyası 2012-ci ildə 15 dövlət və qeyri-dövlət təşkilatı tərəfindən təsis edilib və ilk sədri Müşfiq Hətəmov olub.
Gildiyanın əsas məqsədləri milli kinematoqrafın inkişafına dəstək, onun müasir texnika ilə təmin edilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, televiziya, yayım, kinoteatr, internet şəbəkələri ilə əməkdaşlığın qurulması, milli filmlərin xaricdə nümayişi və satışının təmin edilməsi, ekran əsərlərinin festivallarda iştirakına dəstək, müəlliflik və mülkiyyət hüquqlarının təmin edilməsindən ibarətdir.


Müəllif: Nərmin Muradova