Yarışlarda ölkəmizi 24 şagird və məşqçi təmsil edəcək
Mayın 4-də təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilərlə görüşüb.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin uğurlarından söhbət açan nazir ötən il idman və şahmat məktəbləri yetirmələrinin respublika səviyyəli yarışlarda 1604 medal, beynəlxalq yarışlarda 390 medal (116-sı qızıl, 118-i gümüş, 156-sı bürünc), ümumilikdə 1994 medal qazandığını nəzərə çatdırıb.
I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kompaniyası çərçivəsində Təhsil Nazirliyinin təşkil etdiyi kütləvi idman tədbirlərinə diqqət çəkən Mikayıl Cabbarov bildirib ki, müvafiq yarışlar ilk Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, məktəblilərin sağlam həyat tərzinə cəlb olunması, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bədən tərbiyəsinin və idmanın rolunun artırılması məqsədilə keçirilib. I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar.
Sonda təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilərə qol saatı hədiyyə edib və onlarla xatirə şəkli çəkdirib.
SEVİL