Vüqar Tofiqli: “Ölkə vətəndaşları Azərbaycan dövlətinin yanında olmalıdır”
Azərbaycanda tarixi əhəmiyyəti ilə seçilən “Bakı-2015” I Avropa Oyunlarına qısa vaxt qaldı. Bu mötəbər idman yarışı ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir və cəmiyyətin hər bir üzvü öz vətəndaşlıq mövqeyindən çıxış edərək köməyini əsirgəmir.
Məsələ ilə bağlı qəzetimizə açıqlamasında “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli deyib ki, I Avropa Oyunları Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq əhəmiyyətli idman yarışıdır.
Onun sözlərinə görə, bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi müsbət məqamlardan xəbər verir: “I Avropa Oyunlarının məhz Azərbaycana həvalə olunması ölkəmizin dünyada özünəməxsus yer tutması ilə bağlıdır. Gənc olmasına baxmayaraq, ölkəmiz son 10 ildə durmadan inkişaf edib, Cənubi Qafqaz regionunun liderinə çevrilib. Siyasi baxımdan Azərbaycanın tutduğu yol beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi üçün münbit şərait yaradıb. Ermənistanın Azərbaycan torpaqlarını 23 ildən çoxdur işğal altında saxlamasına baxmayaraq, ölkəmiz müharibə şəraitində belə öz demokratik, hüquqi dövlət quruculuğu yolunda inkişaf edib.
Bu gün isə I Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan dünyaya sülh çağırışı edir. Hesab edirəm ki, Oyunlar ərəfəsində avropalılar kifayət qədər ölkəmizin tarixi, mədəniyyəti, tolerantlığı barədə məlumatlar əldə etməklə yanaşı, həm də Qarabağ həqiqətləri barədə doğru-dürüst informasiyaya sahib olacaqlar.
I Avropa Oyunları həm də iqtisadi baxımdan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, görülən işlərin nəticəsi olaraq xarici investorların ölkəmizə marağı artacaq və beləliklə Azərbaycan üçün böyük imkanlar yaranacaq. Çünki hər zaman bəyan edildiyi kimi Azərbaycana sərmayə yatırmaq istəyənlər üçün kifayət qədər münbit şərait yaradılır. Oyunlar zamanı Azərbaycana xeyli sayda turistlərlə yanaşı, idman yarışlarını işıqlandıracaq kütləvi informasiya nümayəndələri də gələcək. Bu da Azərbaycanın turizm sektorunda bir canlanma ilə müşayiət olunacaq və xidmət sahələrinin inkişafına, təkmilləşdirilməsinə gətirib çıxaracaq”.
V.Tofiqli qeyd edib ki, bu məsələdə bələdiyyələrin də üzərinə böyük məsuliyyət düşür: “Bələdiyyələr bir çox ərazilərdə küçələrin təmizliyinə məsuliyyət daşıyır. Bu mənada bələdiyyələr I Avropa Oyunları ərəfəsində bu kimi məsələlərə diqqət yetirməli və öz imkanları çərçivəsində maksimum dərəcədə əllərindən gələni etməlidirlər”.
Təşkilat rəhbəri Azərbaycana qarşı bir sıra beynəlxalq təşkilatlar və Avropa qurumları tərəfindən edilən hücumlar barədə məsələyə toxunaraq qeyd edib ki, bütün bunlar bir mənbədən qaynaqlanır. Onun sözlərinə görə, bu qarayaxma kampaniyaları Azərbaycanın ev sahibliyi etdiyi bütün tədbirlər ərəfəsində özünü göstərib: “Lakin hər zaman olduğu kimi I Avropa Oyunları ərəfəsində də Azərbaycan dövləti bütün maneələri dəf edəcək. Hesab edirəm ki, belə bir məqamda ölkə vətəndaşları Azərbaycan dövlətinin yanında və sabitliyi pozmağa çalışanların qarşısında olmalıdır”.
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycan hər zaman tarixi köklərinə sadiq qalaraq dünya sivilizasiyasına öz töhfəsini verib. Onun sözlərinə görə, ölkəmiz öz yüksək mədəniyyəti ilə qonşu dövlətlərə müsbət mənada nümunə olub: “Ölkəmizdəki tolerantlıq isə bütövlükdə dünya üçün bir örnəkdir. Məhz I Avropa Oyunları ərəfəsində Azərbaycan bir daha öz multikultural mədəniyyətini nümayiş etdirmiş olacaq. Dövlətimizin yerləşdiyi coğrafi əraziyə nəzər salsaq görərik ki, Yaxın Şərqdə, Əfqanıstanda və digər ərazilərdə din adı altında radikal qruplar insanları qətl edir. Bu gün demokratiya adı altında bir sıra ölkələrə təzyiqlər göstərən Qərb və Avropada isə dini dözümsüzlük pik həddə çatıb. Azərbaycan müsəlman ölkəsi olaraq məhz bu yarışlara ev sahibliyi etməklə “vəhşi müsəlman” obrazını yaratmağa çalışan qüvvələrə tutarlı cavab vermiş olacaq. Ölkəmizə gələn qonaqlar müxtəlif dinlərin daşıyıcılarının olduğunu görəcəklər. Bir faktı da qeyd edim ki, Təşkilat Komitəsi tərəfindən I Avropa Oyunları ərəfəsində ölkəmizə gələn qonaqların öz ibadətlərini yerinə yetirmək üçün yerlər ayrılıb. Bu, təqdirəlayiq bir addımdır və bununla da Azərbaycan öz tolerantlığını dünyaya bir daha sübut etmiş olacaq”.
S.Əzimbəyli qeyd edib ki, Azərbaycan dövləti son iki yüz ildə bəzi bədnam qüvvələrin təzyiqi və təsiri altında olub: “Bu gün də müstəqil Azərbaycana qarşı təzyiqlər var, lakin ölkəmiz heç zaman öz haqq yolundan geri dönməyib. I Avropa Oyunlarına əngəl yaratmaq istəyən qüvvələr ancaq erməni dəyirmanına su tökməyə çalışanlardır. Azərbaycan vətəndaşları dövlətimizə qarşı çıxanlara anındaca cavab verməlidir. Bu hər birimizin vətəndaşlıq borcudur”.
BƏXTİYAR