"Brifinq"in qonağı teatrımızın əvəzolunmaz aktrisası Amaliya Pənahovadır. Azərbaycan tamaşaçısı onu "Sən həmişə mənimləsən" tamaşasındakı Nargilə ilə tanıdı. Bu rol o qədər uğurlu oldu ki, pyesin müəllifi İlyas Əfəndiyev sonrakı əsərlərindəki baş rolların böyük əksəriyyətini məhz Amaliya Pənahova üçün yazırdı. Parlaq simaya çevrilən aktrisa illər sonra öz teatrını yaratmaq qərarına gəldi. Həyat yoldaşı Yusif Muxtarla ərsəyə gətirdiyi Bakı Bələdiyyə Teatrı çoxsaylı maraqlı və özəl tamaşalar hazırlasa da, hələ də teatrın binası yoxdur. Bu il yaradıcılığının 50 illiyini qeyd edən xalq artistimizlə söhbətə elə məşhur rejissor Zanussi ilə son işbirliyindən başladıq. Xanım aktrisa həyat yoldaşı ilə tanışlığı, rəhbərlik etdiyi teatrın indiki durumu, mərhum prezident Heydər Əliyev ilə bağlı xatirələri, gələcək işləri və övladları barədə suallarımızı da cavablandırdı.
“Respublikaya ”bələdiyyə" sözünü birinci biz gətirdik"
Nərgiz Ehlamqızı: Amaliya xanım, bu yaxınlarda tanınmış rejissor Kşiştof Zanussi ilə birgə yaradıcılığınızın 50 illik yubileyinə həsr olunmuş premyeranız baş tutdu. Tamaşaya olan diqqət ürəyinizcə oldu?
- Məşhur rejissor Kşiştof Zanussi kimi sənətkarla çalışmaq, onun filminə çəkilmək, tamaşasında iştirak eləmək hər bir aktyorun arzusudur. Mən il yarım onun boş vaxtını gözlədim. Həm də binamızın problemi olduğu üçün çox götür-qoy edirdim, necə edək ki, öz problemimizi evimizdən kənara çıxarmayaq. Gördüm ki, bu məsələ getdikcə uzanır. Elə oldu ki, təsadüfən onun da vaxtı boş oldu, mənim də yaradıcılığımın 50 illiyi tamam olurdu. Allah-təala elə şərait yaratdı ki, vaxtımız Zanussiyə uyğun gəldi. O, məni tanımırdı, filmlərimi görəndən sonra əsərin üzərində dayandı və söylədi ki, istərdim "Qadın oyunları" tamaşasında çıxış edəsiniz. Elə oldu ki, məşqləri öz həmkarlarımla apardım, artıq hazırlıq dövrü idi, çünki onu gözləyə bilmirdim. Bilirdim ki, vəsaitlə əlaqədar qısa müddətlik məşqə gedirik. Zanussi bizi Varşavadakı öz iqamətgahına dəvət elədi. İlk məşqlərimiz də orada keçdi. Başda səfirimiz Həsən Həsənov cənabları olmaqla Azərbaycanın Polşadakı səfirliyinin nümayəndələrini dəvət etdik. Zanussinin iqamətgahı hətta mehmanxanalardan böyük idi. Dünyanın hər yerindən onun görüşünə gəlirdilər. Hazırlıqlı getməyimiz onun üçün təəccüblü oldu. Bu, mənim üçün adi şeydir. Çünki hazırlıqsız heç yana getmərik, adımız var. 20 gün orada qaldıq, məşqlər apardıq. Sonra Bakıya qayıtdıq. Bakıya gələndən sonra heç 5 gün keçmədi, Zanussi məni 75 illik yubileyinə dəvət etdi. Dünyanın bir çox ölkələri ən yüksək mükafatlarını ona verirlər. Mən öz adımdan Xəyyamın şeirlərindən illustrasiya olunmuş böyük masa hədiyyə etdim. Onu çevirəndə şahmata çevrilirdi, tərsinə döndərəndə nərd olurdu. Bu, onun üçün maraqlı idi. Çünki nərdin nə olduğunu bilmirdilər. Bütün qonaqlara göstərirdi ki, bunu Azərbaycandan gətiriblər. Bu da mənim üçün çox önəmli idi. Dəyəri və qiymətindən asılı olmayaraq Azərbaycandan yadigar hədiyyə qalması vacib idi. Yubileyin səhəri günü Bakıya gəldik, 10 günə yaxın məşq elədik. İyunun 22-23-də premyarımız oldu. Yüksək səviyyədə keçdi. Bir şeyə sevindim ki, Zanussi bizim kollektiv barədə yüksək fikirlər söylədi. O bildirdi ki, kollektivimiz başqa kollektivlərdən geri qalmır.
N.Ehlamqızı: Premyeraya dəvət elədiyiniz həmkarlarınızın hamısı gəldi?
- Mən qonaqların dəvəti ilə məşğul deyildim, dəvətnamələri verdim ki, paylaşdırsınlar. Mənim üçün fərqi yoxdur, tamaşaçı tamaşaçıdır. Sözsüz ki, həmkarlarımız gəlmişdi. Ayrı-ayrı teatrlardan aktyorlarımız, rejissorlarımız gəldi, maraq oldu.
“23 ildir teatr mövcuddur, amma binası yoxdur”
Qurban Yaquboğlu: Azərbaycanda bələdiyyə institutları çox da oturuşmayıb, amma ölkəmizdə çoxdandır Bələdiyyə teatrı var. Teatrın vəziyyəti necədir, nə problemləriniz, çətinlikləriniz var?
- Respublikaya bələdiyyə sözünü birinci biz gətirdik. Çünki o vaxt heç bilmirdilər bələdiyyə nə olan şeydir. 1990-cı ildə Akademik Milli Dram Teatrı ilk qaranquş olaraq Türkiyəyə qastrola getdi. Onda mən iki tamaşa aparmışdım, İlyas Əfəndiyevin "Bizim qəribə taleyimiz" və "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşaları idi. İkisində də baş rolda mən çıxış edirdim. İstanbul və Ankarada çıxış edəndə bizi prezident səviyyəsində qarşıladılar. Bircə o qalmışdı ki, maşınımızı qucaqlarına götürsünlər. O dərəcədə bizə sevgi vardı. İndi o, səngiyib. Özümüz bəlkə də o münasibətləri korlamışıq. Amma o vaxt çox böyük maraq və sevinc vardı. Bizi doğma və ən əziz insanları kimi qarşılayırdılar. İstanbulda olanda biz bələdiyyə teatrlarında çıxış elədik. Maraqlandıq ki, bu, nə olan şeydir. Bizə dedilər ki, 8-ə yaxın belə teatr var, onun da başında Gəncey xanım dururdu. Onunla tanış olanda bələdiyyə teatrlarının digər teatrlardan fərqi ilə maraqlandım. Bakıya döndük, iki il ərzində çalışdım ki, o ideyanı burada reallaşdıraq. Amma bizdə bələdiyyə yoxdur deyə hələ bələdiyyə qurumuna aid deyilik. Adımız bələdiyyə teatrıdır, amma hələ ki dövlətdən maliyyələşirik. Problem odur ki, 23 ildir teatr mövcuddur, binası yoxdur. Başqa teatrların repertuarına daxil olmayan, ən özəl tamaşalarımız ayrı-ayrı beynəlxalq festivallardan mükafatlarla qayıdıb. Sonuncu böyük qastrollarımızdan biri ilk dəfə Moskvanın Çexov festivalına idi. Biz orada Qurban Səidin "Əli və Nino" tamaşasını oynadıq. Salon ayağa qalxdı. Tamaşanın yarısı rus, yarısı Azərbaycan dilində idi. Əsər necə yazılıb, o səpkidə quruluş vermişdik. Amma sinxron tərcümə də gedirdi. Onların saytında bir məqalə çıxdı, ilk sətirləri oxuyanda şok vəziyyətinə düşdüm. Dedim bizi suçlayacaqlar. Yazırdılar ki, Bakı Bələdiyyə teatrının "Əli və Nino" tamaşası çox təəssüflər olsun ki, (bu məqamda ürəyim döyündü) müsabiqədən kənar göstərildi. Qeyd olunurdu ki, müsabiqədə olsaydı, mütləq yer alacaqdı. Bu, bir çox təriflərdən artıq şey idi.
Q.Yaquboğlu: Niyə belə bir teatr yaratmaq fikrinə düşdünüz? Siz parlaq sima idiniz, AZDRAMA-da İlyas Əfəndiyevin tamaşalarını oynayırdınız...
- 1990-cı ilin əvvəllərində, həqiqətən də, elə bir məqam çatdı ki, teatrın bütün repertuarı mənim çiynimdə idi. 18 tamaşanın 15-də baş rolda çıxış edirdim. İlyas Əfəndiyev mənə yazırdı, bu, özəl bir şey idi. İlk tamaşamın uğurundan sonra məhz mənə yazırdı.
“Çəkinirdilər ki, birdən gəlib onların yerini tutaram”
Q.Yaquboğlu: Bütün qadın rollarında sanki Sizi nəzərdə tuturdu...
- Bəli. Həm də obrazlar rəngarəng idi. Qərb klassikası, rus dramaturgiyasında Azərbaycan klassiklərinin bir çox əsərlərində çıxışlar elədim. Amma 1990-cı illərdə 20 Yanvar hadisələri oldu. Teatrlarda çaxnaşma baş verdi, hakimiyyət dəyişirdi, bilmirdin, kim hansı quruma xidmət edir. Teatrların çoxunu bağladılar. Mən o dövrdə çox müraciət edirdim ki, gedək cəbhə bölgələrinə. Müharibə artıq başlamışdı, təəssüflər olsun ki, bu, heç kimi narahat etmirdi. Biləcəriyə gedib tonqal qalayırdılar, başlarına 3-4 əsgər yığıb televiziyaya çəkdirirdilər. Neçə dəfə belə şeylərdən imtina edib ağır söz deyib çıxıb getmişəm. Müdiriyyətə də müraciət edəndə deyirdilər ki, nə işinə qalıb, maaşını alırsan, get otur, sənə heç nə lazım deyil. Amma mən riqqətə gəlirdim. Bilirsiniz, aktyor sənəti rejissordan, dramaturgiyadan, müdiriyyətdən asılıdır. Uzaqdan biz hamımız firavan görünürük, amma daxildə çox böyük və gərgin mübarizə gedir. Paxıllar, gözü götürməyənlər var. İstəməzdim bunu açıqlayaq, qoy elə tamaşaçının yaddaşında gözəl qalaq. Mən çox çirkinliklərlə rastlaşdım. Son vaxtlar lap bezmişdim. Mənə elə gəlir ki, yerlərindən, mənim nüfuzumdan qorxurdular. Çəkinirdilər ki, birdən gəlib onların yerini tutaram. Heç mən o fikirdə də deyildim. Amma artıq müstəqillik istədim. Almaniyada da oldum, oradakı teatrlara da baxdım, sənədləri hazırladım və teatrı açdıq.
“Yusif məni səhnədə görməyi xoşlayırdı”
Q.Yaquboğlu: Teatrı həyat yoldaşınız Yusif Muxtarla birgə açdınız. Akrtisaların həyatı həmişə maraqlı olur. Həyat yoldaşınızla nə zaman rastlaşdınız?
- Gəncədə doğulmuşam, 10 yaşından Bakıya köçdük, rus məktəbində oxuyurdum deyə Moskvaya getmək istədim. Valideynlərim qoymadı. Orada Kinematoqrafiya institutuna daxil olmaq istəyirdim, icazə vermədilər. 5-10-cu sinfə qədər məni heç bir dərnəyə qoymadılar, amma televiziya və radioda "Bənövşə" uşaq xoru açılmışdı. 1958-59-cu illər idi, 5 il getdim oxudum, solist oldum. Sonra bu, mənə teatrda kömək oldu. Teatrda 15-ə yaxın mahnı oxudum. Mənə o vaxt rəhmətlik rektor Vahid Hüseynov institutda şərait yaratdı, dinləyici kimi instituta gəldim. Mənə dəhlizdə qayıtdı ki, sən dili bilmirsən, bura Azərbaycan dilli universitetidir, necə gəlirsən? Dedim, nə bilim. Dedi icazə verirəm, gəl bütün dərslərə, otur dinlə. Şərait yarandı, bütün dərslərdə oturdum və dilə alışdım. 17 yaşında məktəbi bitirdim və instituta daxil olanda Yusif artıq ali məktəbi bitirmişdi. O, Dövlət İqtisad Universitetini qurtarmışdı. Məni görüb Mədəniyyət və İncəsənət Universitetində oxuduğum kursa daxil oldu. Yusif həm görkəmi, həm də danışığına görə səhnə üçün çox yararlı idi.
“17 yaşından əlini başımın üstünə qoydu, götürdü məni”
Q.Yaquboğlu: Amma heç vaxt səhnədə olmadı...
- Yox, oldu. 2 dəfə televiziya tamaşasında, 3 dəfə də Adil İskəndərovun diplom tamaşalarında çıxış etdik, onunla tərəf müqabili olduq. "Qırmızı yaylıqlı qovağım mənim", "Duel", "İki qardaş", Qəribə adam" tamaşalarında oynadıq. 30 il radioda aparıcı-diktor oldu, çox gözəl səsi vardı. 17 yaşından əlini başımın üstünə qoydu, götürdü məni (gülür).
Q.Yaquboğlu: Sizi səhnədə qısqanmırdı?
- Yox, o, məni səhnədə görməyi xoşlayırdı.
N.Ehlamqızı: Yəqin tamaşaçılardan məktublar alırdınız...
- Əlbəttə, pərəstişkarlardan məktublar da, zənglər də, gül-çiçəklər də vardı. İndiyə kimi onlar var. Mən həmişə tamaşaçılarıma minnətdar olmuşam.
“Hamımız firavan görünürük, daxildə çox gərgin mübarizə gedir”
Dilqəm Əhməd: Söylədiniz ki, 90-cı illərdə vəziyyət gərgin idi, insanların kimə xidmət etdiyi bilinmirdi. Özünüz də həmin proseslərin içində olmusunuz. 2014-cü ildən baxanda o illər, Azadlıq meydanı, Sizin meydanda tək qadın olmağınız necə görünür?
- Çox qəribə dövr idi. İndi də bir şeyə təəccüb qalıram ki necə olur ki, heç kəsin çağırışı və şüarı olmadan millət Azadlıq meydanına axışsın. Orada milyon, adam vardı. Görün nə dərəcədə ruh yüksəkliyi vardı. İndi 100 nəfəri bir yerə toplamaq müşkül məsələdir. Minlərlə insan gecədən səhərədək qalırdı. Ondan qabaq dövləti devirmək cəhdi olmuşdu. Yadınızdadır, onda prezident iqamətgahı qarşısında ulu öndərimiz çıxış elədi. Mən də meydana gəlməyi özümə borc bildim. Çünki Heydər Əliyevin hələ Sovetlər Birliyində bizim sənətkarlarımızı, elm xadimlərini, ayrı-ayrı ziyalıları SSRİ-i miqyasında tanıtmağı ürəyimizi fəxarətlə döyündürürdü. Niyə gizlədək? Qafqazda Gürcüstan, Ermənistan tanınırdı, Azərbaycan deyəndə soruşurdular, gürcüsüz, ermənisiniz? Heydər Əliyevin gəlişi ilə yavaş-yavaş Azərbaycanı tanımağa başladılar. Onun sənətə verdiyi qiymət, haqqımızda əcnəbilər qarşısında ürəkdolusu çıxışı gözümün qabağındadır. Hər bir premyeradan sonra səhnə arxasına gəlirdi. Sovet vaxtındakı tarixi filmlərimiz bu gün klassikaya çevrilib. Hər bir bayramda ona xas filmlər göstərilir. Əvvəl yox idi axı. Düzü indi də yoxdu. Qurumların dəyişməsi, keçid dövrü bizi bir az geriyə atdı. Bütün təchizat, gözəl təmir olsa da, hələ özümüzü axtarırıq. Filmlərimizin qızıl fondda qalması üçün onları o səviyyəyə gətirib çıxara bilmirik. Düzdür, ayrı-ayrı gənclər kino festivallarında mükafatlar qazanırlar. Amma bu, sistem şəklinə düşməyib. Dünya kino sənəti ilə ayaqlaşmaq üçün nəyin daha yaxşı olduğunu axtarırıq. 1994-cü ildə respublikamız üçün təhlükə yarananda mən öz mövqeyimi bildirməli idim.
“Heydər Əliyevin sayəsində Kəbəyə daxil oldum”
Q.Yaquboğlu: Yeri gəlmişkən Heydər Əliyevlə nə zaman üzbəüz tanış olmaq imkanı yarandı?
- 1969-cu ilin qışında Dumbadzenin "Darıxma ana" tamaşasına baxmağa gəlmişdi. İlk dəfə onu lojada gördük. 1971-ci ildə İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesi əsasında səhnəyə qoyulmuş tamaşaya baxdı, səhnə arxasına gəldi və yaradıcı heyətə respublikada təsis olunmuş ilk dövlət mükafatını verdi. Yaradıcı heyətin tərkibində çox gənc aktrisa idim, o mükafat ilk dövlət mükafatım idi. Heydər Əliyev təqdim elədi. Xurşudbanu Natəvan tamaşasına baxdı, Ağdamda Natəvanın qəbrinin üstü götürüldü, Şuşada onun barelyefi açıldı, hamımız, başda Heydər Əliyev və xanımı Zərifə xanım olmaqla orda iştirak elədik. İlham Əliyev Moskva Dövlət Beynəlxalq Universitetində oxuyurdu, gəldi, Zərifə xanım fəxrlə dedi ki, ürəyi Azərbaycanla döyünür, vətənpərvərdir. Bütün bu hadisələr gözümün qarşısındadır. Heydər Əliyev Məkkəyə gedəndə nümayəndə heyətinin tərkibində mən də vardım. Heydər Əliyevin sayəsində Kəbəyə daxil oldum. Onun üzünə qapılar açıldı, yüz nəfərin içindən 20 nəfər keçə bildi, Allah-təala elə elədi ki, mən Kəbəyə girə bildim. Qapılar bağlandı və çox əsrarəngiz anlar yaşandı. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü idim, millət vəkili olanda görüşüb söhbət aparmışdıq. Hətta rəqs də eləmişəm.
D.Əhməd: Hansı rəqs idi?
- Azərbaycanın milli rəqsi. Dəvət elədi, oynadıq. Bilirsiniz, necə rəqs edirdi? Qartal kimi oynadı. Mən qorxumdan əsirdim, deyirdi qorxma, qorxma. Mən də qayıtdım ki, qorxuram ayağım bir-birinə ilişə, yıxılam (gülür).
N.Ehlamqızı: YAP üzvü kimi indi iclaslara qatılırsınız?
- Sözsüz. YAP-ın Qadınlar Şurasında İdarə Heyətinin üzvlərindən biri mənəm.
"5 il deputatlıq kreslosunda vaxtımı boş keçirmədim"
N.Ehlamqızı: Gələn il parlament seçkiləri ilidir. Mandat uğrunda yarışda iştirak edəcəksiniz?
- Hələ o barədə düşünmürəm. Hər halda öz hazırlığımı sübut eləmişəm. 5 il parlamentdə oturdum, MDB parlamentlərarası mədəniyyət, informasiya, turizm, idman daimi komissiyasının üzvü oldum, sonra sədr müavini, sonra sədr əvəzi və sədri oldum. İtaliya-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü oldum. İtaliya senatında, Strasburqda, Sankt-Peterburqda, Moskvada çıxışlar elədim. Parlamentdə sosial siyasət komissiyasının üzvü idim və kresloda 5 il boş oturmadım, elə-belə vaxt keçirmədim. İşimlə əlaqədar qüsur tapılmadı. Mənə şöhrət lazım deyildi, şöhrətli idim, başqa işlərə əl atmadım. Hər halda namusla, qeyrətlə baş ucalığı ilə 5 ili orada keçirdim və çalışdım.
D.Əhməd: YAP-dan vəzifə gözləmisiniz, yaxud təklif olunub?
- Bu ona bənzədi ki, hər il ya teatr xadimləri ittifaqı yaxud AZDRAMA-da bir söz buraxırlar ki, Amaliya teatra direktor gəlir. Mənim öz işim başımdan aşır. Heç kəsin yerində gözüm yoxdur, ürəklərini buz kimi saxlasınlar (gülür). Mən YAP-ın Səbail rayon təşkilatı üzrə İdarə Heyətinin üzvüyəm. Bu rayon partiyanın ilk rayon təşkilatından biridir. Eləcə də, Qadınlar Şurasında iş gedir. Vallah vəzifə elədir ki, bu gün var, sabah yox (gülür).
D.Əhməd: Bəs Əbülfəz Elçibəyi necə xatırlayırsınız, onunla tanışlığınız olub? Həmin dövrdə aktrisa kimi çalışırdınız?
- Mən sizə dedim 90-cı illərdə teatrların vəziyyəti necə idi. Bir çox teatrlar bağlandı. Bilmirəm siyasətə qoşulmaq istəmədilər, ya nəyəsə görə bağlandı. Mən bir şeydən utandım açığı, Elçibəyin iştirakı ilə Moskvaya intervü verilirdi. Orada tərcüməçi oturdu. Çox gülünc vəziyyət yarandı. Azərbaycanın öz imici və dəsti-xətti vardı. Çünki biz öyrəşmişdik Heydər Əliyev sinə-dəftər idi, rusca, azərbaycanca danışırdı. Məncə Elçibəy rusca bilirdi, tərcümə ilə müsahibə verməsi yaxşı alınmadı. Onun hakimiyyəti nə çəkdi ki. Onların dövründə sözsüz teatr işləyirdi, Azadlıq meydanına gedirdik, biz hamımız rus qoşununa qarşı çıxırdıq. İstəyirdik biz də hansısa formada kömək edək.
D.Əhməd: Aktrisalar məvacibindən şikayətlənir. Sizin teatrda aktyorlar nə qədər qazanır?
- Vəziyyət eyni cürdür. Dövlət teatrıdır. Sovet vaxtından maaş necə bölünübsə, eləcə də qalır.
D.Əhməd: Olubmu məvacibə görə teatrı və sənəti tərk etsinlər.
- Olub, çox olub.
N.Ehlamqızı: Bələdiyyə teatrından AZDRAMA-ya gedən aktrisaların yaradıcılığının batdığı barədə danışmışdınız bir dəfə...
- Bəli, mənim bir neçə qızım vardı, baş rolda çıxış edirdilər, onları tovladılar, apardılar. İndi biri Türkiyədədir. Heç biri sənətdə qalmayıb. İndi də aktrisalarımızı bəzi teatrlar dəvət edir, amma artıq o birilərin başının daşa dəydiyini görüblər. Gedənlər geri qayıtmaq istəyəndə də mən qəbul etmirəm.
D.Əhməd: Niyə qəbul etmirsiniz?
- Bu gün səni atan sabah da atacaq. Bu gün nəyəsə şirniklənən adam sabah da şirniklənəcək. Neyləyirəm elə adamları. Etibarsızlığı sevmirəm. Özüm vəzifədən, puldan, gözəllikdən asılı olmayaraq çox etibarlı insanam. O etibarı da görmək istəyirəm, onu görməyəndə qırılıram, küsürəm. Elə adamlardan qaçıram. Pisliyim dəymir, amma elələrini də görmək istəmirəm.
N.Ehlamqızı: Bayaq vurğuladınız ki, çoxları elə bilirdi ki, AZDRAMA-ya rəhbər vəzifəsinə gedəcəksiniz. Bu söz-söhbətlərə görə teatrın rəhbəri ilə Sizin aranızda soyuqluq yaranıb?
- AZDRAMA-nın indiki rəhbərliyi ilə aramda soyuqluq yaranmayıb.
Aytən Həsənova: Kulis arxasındakı söz-söhbətlərə münasibətiniz necədir? Uzun illər AZDRAMA-nın aparıcı aktrisası olmusunuz, indiki repertuarından razısınız?
- Mən onlarla ünsiyyətdə deyiləm. Bilmirəm nə söhbətlər aparırlar. Tək aktyorlar deyil, bütün sahələrdə də paxıllıq edənlər çoxdur. Görür ki, kimsə ondan yüksəkdir, gözü götürmür, paxıllıq edir, başlayır ayağından çəkməyə... İnsan xislətində bu mənfi xüsusiyyət var. Hər bir teatrın öz dəsti-xəttinin olmasının tərəfdarıyam. Çox arzu edərdim ki, Akademik Milli Dram Teatrının səhnəsində möhtəşəm tamaşalar quruluş tapsın. Demirəm ki, müasir olmasın?! Amma möhtəşəm və sanballı olması şərtdir. Belə tamaşalar azlıq təşkil etsə də var. Problemimiz teatr problemi deyil, rejissor problemidir. Biz ayrı-ayrı teatrları suçlaya bilmərik. Çünki teatrların repertuarında yaxşı tamaşalar da var. Teatrlardan da hər zaman yüksək tamaşalar tələb etmək düzgün deyil. Çünki bu yaradıcılıq işidir, bu gün alınır, sabah alınmaya bilər.
N.Ehlamqızı: Bir az da övladlarınızdan danışardınız. Hazırda nə işlə məşğuldurlar?
- Bir oğlum, bir qızım, üç nəvəm var. Övladlarımda istedad vardı, amma onları kənarlaşdırdım, kiçik nəvəmdə sənətə məhəbbət daha çoxdur.
Q.Yaquboğlu: Övladlarınızı niyə sənətdən kənarlaşdırdınız?
- Çünki çox çətin, etibarsız sənətdir. Gərək bu sənətdə özünü gündəlik təsdiqləyəsən. Tamaşaçı məndən də amansızdır. Qızım iki universitet qurtarıb, indi özünün özəl işi var, iki övlad böyüdüb. Böyük nəvəm də iki ixtisaslıdır. Onu sənət çəkdi, foto ilə məşğuldur. Orada çalışır. Oğlum diplomatdır, onun da oğlu Amerikada universiteti bitirmək üzrədir. Kiçik nəvəm 8-ci sinifdə oxuyur. Kinoya çəkilmək istəyir, nağara, gitara çalır, mahnı oxuyur, rəqs eliyir.
“"Babək" filmini işıqlı xatırlayıram”
Q.Yaquboğlu: "Babək" filminin çəkilişlərini necə xatırlayırsınız? O filmdə fərqli səhnələr var, o film yaradıcılığınızda hansı rol oynayıb?
- Eldar Quliyev filmə hazırlıq işləri apardı və möhtəşəm film alındı. Çox çətin çəkilişlər idi. Naxçıvanda yay vaxtı, istidə çəkilib. Qala inşa olunmuşdu, maket idi. Bir də bütün səhnələr daxili pavelyonlarda qurulmuşdu. Döyüşlər hamısı açıq havada çəkilmişdi. Rasim Balayev 30 kiloluq geyimdə, 40 dərəcəlik istidə saqqal, bığda böyük əziyyət çəkdi. O filmi işıqlı xatırlayıram.
“50 ildən sonra da tamaşaçılara maraq kəsb edirəm”
N.Ehlamqızı: Amaliya xanım, Siz obrazlarınız və işinizlə tamaşaçıların xatirində qalmısınız və hər zaman yaratdığınız obrazlar müzakirə edilib. Amma son zamanlar estetik əməliyyatınız çox müzakirələrə səbəb oldu. Bu cür xəbərlərə reaksiyanız necədir?
- Çox mənfidir. Mənə elə gəlir ki, o nadanlıqdır. Bu haqda danışmaq gülüncdür. Dünyada nəinki sənətkarlar sırasında, müəllimlər, siyasətçilər, prezidentlər arasında bu təcrübə var. Allah özü sənətçiyə deyib ki, özünlə məşğul ol. Mənə elə gəlir ki, bu cür söz-söhbətlər nəyinsə xatirinə olan bir şey idi, xoşagəlməz alındı. Hər halda siz məni, görkəmimi də görürsünüz. Onların yazdıqlarına heç cavab da vermirəm. Onu da deyim, kimsə paxıllıq naminəmi elətdirib, babalı öz boynuna. Gündəmdə bu cür olmaq heç kimə başucalığı gətirmir. Gündəmdə sən sənətinlə, istedadınla ol. Mən xoşbəxt sənətkaram ki, 50 ildən sonra da tamaşaçılarda maraq kəsb edirəm. Deməli, nə isə deyiləsi sözüm var, tükənməmişəm. Bax bununla fəxr edə bilərəm. Amma bu gün burnumu, qulağımı yoxsa saçımı kəsdirdim, bunun heç kəsə dəxli yoxdur, bu, hər kəsin öz şəxsi işi, həyatıdır. Buna müdaxilə etmək düzgün deyil.
Nərgiz Ehlamqızı
Foto: Elçin Murad