7 Mart 2015 13:15
5 857
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində "Brifinq"in qonağı əməkdar artist, tanınmış xanəndə Gülüstan Əliyevadır. Bu bayram ərəfəsində cəmiyyətin sayılıb-seçilən sənətkar qadınlarından olan Gülüstan xanım bu sənətin çətinliklərindən söz açdı. Şəhid xanımı və şəhid bacısı olan Gülüstan xanım müharibə şəraitində yaşadıqlarından danışdı. Ailə həyatı qurarkən sənəti ilə vidalaşıb yenidən xanəndəliyə qayıdan tanınmış ifaçı keçdiyi çətin həyat yolundan bəhs edib.

Nərgiz Ehlamqızı: Sizinlə telefonda danışanda dediniz ki, axşam tamaşada olmuşam, gözümdə allergiya yaranıb. Sənət çoxmu qurban tələb edir?
- İşıqlardan göz çox yorulur, bəzən üzdə problemlər yaranır. Fiziki yorğunluqdan çox beyin yorğunluğu olur. Çünki daim söhbət aparırsan, efirdə, səhnədə formada olmalısan. Qrimdə, makyajdan allergiya yaranır. Bunu yaradıcılıq xətası sayıram. Artıq alışmışıq və təbii qəbul edirik.

Nərmin Muradova: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ayda nə qədər tamaşada oynayırsınız?
- Əvvəllər tamaşalarımız olurdu. Çünki bir zaman kəsiyində solistlərimiz analıq məzuniyyətində oldular. Bəziləri yaşla əlaqədar artıq teatrdan uzaqlaşdılar. Bu, haradasa 1998-2004-cü illər arası idi. O vaxtlar elə olurdu ki, həftədə 3-4 tamaşa oynayırdıq. Çünki teatrımızda bütün muğam tamaşalarında baş rollar ifa edirəm. Tələbat çox olduğuna görə tamaşalarda çox oynayırdım. İndi isə teatrımıza gəncləri də cəlb etmişik. Gənc solistlərimiz var. Elə olur ayda 3, bəzənsə ayda 1 tamaşa oynayıram. Növbəli olanda "Leyli" 4 aydan bir mənə, həmçinin Nəzakət Teymurova və ya Aygün Bayramovaya düşür. Kənardan dəvət olunmuş "Leyli"lərimiz də oldu. Ona görə teatrımızda solist olaraq çalışan "Leyli"lər bir az gözləməli oldu. Gənc solist Arzu Əliyeva, xalq artistimiz Gülyanaq Məmmədova gəldi, "Leyli" rolunu ifa etdi.

N.Məmmədova: Gülyanaq xanımın "Leyli"sini bəyəndiniz?
- Yaxşı idi. Bilirsiniz, Gülyanaq xanım konsert müğənnisidir, teatrın səhnəsi tamam başqadır. Amma yenə də Gülyanaq xanım oxudu, rolunun öhdəsindən gəldi.

"Tamaşaçı qıtlığımız yoxdur"

N.Məmmədova: "Leyli"lərin sayının çoxalması aranızda inciklik yaratmır?
- Qətiyyən. Uzun illər öncə "Leyli"yə görə solistlər arasında konfliktlər olub. Hətta illərlə bir-birindən küsülü qalıblar, danışmayıblar. Bu gün o hallar yoxdur. Amma sağlam rəqabət yenə var. Bu da təbii haldır, rəqabət olmasa, inkişaf olmaz. Bir bir-birimizin tamaşalarımıza baxırıq, həmkarlarımız hansısa mizanı daha yaxşı edirsə, onu öyrənirik. Ən başlıcası, tamaşaçı qıtlığımız yoxdur. Bir həftə ardıcıl olaraq səhnəyə çıxıb "Leyli", sonrakı gün "Aşıq Qərib"də "Şahsənəm"i, yaxud "Arşın mal alan"da "Cahan"ı oynayıramsa, mənim öz tamaşaçım, sevənlərim gəlib məni seyr edəcək. Bu gün solistlərdə o qorxu yoxdur ki, tamaşama gələn olmayacaq. Çünki artıq tamaşaçı da o tamaşaçı deyil. Seçməyi bacaran, xırda detalı da ifaçıda görən dinləyicilərimiz var. KİV-lər o qədər inkişaf edib ki, tamaşaçını maraqlandırmaq da çətindir. Onu məcbur edib teatra gətirmək mümkün deyil, o, nəyi sevirsə, ona baxacaq. Ötən gün "Arşın mal alan" tamaşası idi, zalımız dolu idi. Heç gözləmirdik ki, tamaşaçı çox olacaq. Bizim üçün ən böyük qazanc da tamaşaçı rəğbətidir.

Dilqəm Əhməd: "Leyli" obrazında nə var ki, 100 ildir onun uğrunda mübarizə gedir? "Leyli"ni necə xarakterizə edərdiniz?
- Birincisi, "Leyli və Məcnun" Şərqin ilk operasıdır. İkincisi, Üzeyir Hacıbəyli ilə Məhəmməd Füzulinin yaratdığı elə bir əsərdir ki, bütün dövrlər üçün müasirdir. Bu əsər heç vaxt köhnəlmir. Böyük Füzulinin şeirində fəlsəfə var. O qəzəlləri əzbərləməyə başlayandan bu günədək elə dəyişik hisslər kəşf etmişəm ki. Onu hər yaş dövründə bir cür qavrayırsan. Bu da ifaçını başqa məcralara aparır. "Leyli və Məcnun" operası oğlanın bir qıza olan sevgisi deyil, ilahi bir sevgidir. İnsanların Allaha olan eşqi, bağlantısıdır. Füzuli onu bir insanın simasında göstərməyə çalışıb. Hacıbəyli bunu dərk edib və klassika, muğamların üzərində yaradıb. Muğam dünyəvi musiqi janrıdır. Bütün Avropaya musiqi Şərqdən gedib. Şərqin də musiqisinin kökündə muğamlar dayanır. Hacıbəyli bunu özümüzünküləşdirib. "Leyli və Məcnun"un da qalıcı olmasının əsas səbəbi odur. Bütün ifaçıların ən böyük arzusudur ki, gedib akademik səhnədə "Leyli və Məcnun"u ifa etsin. Bu, onların yaradıcılığının pik nöqtəsidir. Bundan o tərəfi yoxdur. Mən tələbə olanda, Konservatoriyada oxuyanda həmişə teatrlara gedirdik. Müəllimim Arif Babayev "Məcnun"u oynayırdı, Zeynəb Xanlarova və Səkinə İsmayılova "Leyli"ni ifa edirdi. Afişalara baxanda həmişə deyirdim ki, görəsən, mənim də adım bir gün oradan asılacaqmı? Bu operanı ifa etmək özünü dərk edən, sənəti üçün yanan insanların hamısının arzusudur.

Qurban Yaquboğlu: Təzə operalar yazılmır?
- Təzə opera yazmaq çox çətindir.

Q.Yaquboğlu: Niyə?
- Son operamız Firəngiz xanım Əlizadənin "İntizar" operasıdır. Çox böyük anşlaqla keçdi. Bəlkə də, bunun səbəbi ölkəmizdəki müharibələr, dağıntılarla əlaqəlidir. Özüm daxil olmaqla erkən gəncliyimiz müharibə illərinə düşdü. Ayıldıq ki, artıq 40 yaşını keçmişik. Daha başqa işlər görmək üçün sərf edəcəyimiz illərimiz keçid dövrünə, yenidənqurmaya, müharibələrə, köçkünlüklərə düşüb. Yeni operalarımızın olmamasını həm də bununla əlaqələndirirəm. Həm də bəstəkarlar daha asan yollar axtarmağa başladılar.

"Səhrada "Leyli və Məcnun"u oynamışıq"

Q.Yaquboğlu: "Leyli və Məcnun" əsərindən bilirik ki, bütün hadisələr səhrada baş verir. "Leyli"lər və "Məcnun"lar, truppa nə vaxtsa səhrada olublarmı?
- Əlbəttə, olub. Misirdə, Küveytdə, İranda, Dubayda, Türkiyədə olub. Səhranı görmüşük, orada "Leyli və Məcnun"u ifa etmişik.

"Leyli"ni 100 dəfə oynamışam"

Q.Yaquboğlu: Ərəblər necə qarşıladı?
- Çox gözəl qarşıladılar. Ərəblərin özündə "Leyli və Məcnun" operası yoxdur. Onlar heyranlıqla izləyirdilər ki, necə ola bilər Ərəbistanın səhrasında baş verən bu hadisəni Azərbaycan bu cür yaradar. Martın 13-də "Leyli və Məcnun"unda "Leyli"ni mən oynayacağam. Hər kəsi Opera və Balet Teatrına dəvət edirəm. Operamız yeni quruluşdadır. Lazımsız mizanlar, artıq çadırları çıxarmışıq. Mən bu günədək 100 dəfəyə yaxın "Leyli"ni oynamışam.

N.Muradova: Saymısınız?
- Saymamışam. Bir neçə il əvvəl bunu bilmişəm. Teatrımızda 40 ildir çalışan tarzən Elxan Mansurov bugünədək səhnədə olan "Leyli" və "Məcnun"ların məşqlərini hazırlayır. O, bizimlə ayrıca məşğul olur, bir neçə dəftəri var. "Leyli və Məcnun", "Aşıq Qərib", "Şah İsmayıl" operaları üçün ayrılıqda dəftər tutub. Sən demə, neçə ildir bizim statistikamızı aparırmış. Məsələn, mən neçə dəfə "Aşıq Qərib"də, yaxud "Leyli və Məcnun"da oynamışam. Bir gün mənə xəlvətcə dedi ki, sən artıq 100 dəfəyə yaxındır "Leyli"ni, 36 dəfədən artıq "Şahsənəm"i oynamısan. Bu, mənim üçün böyük tapıntı oldu. Uşaqların hamısına səs saldım ki, Elxan müəllim bizim statistikamızı aparıb, gedin öyrənin, bəlkə, sizinkiləri də yazıb? Beləliklə, Elxan müəllimin gizli statistikasını üzə çıxardıq.

N.Muradova: "Leyli"ni ən çox kim oynayıb?
- Deyəsən, ən çox Nəzakət xanım Teymurova oynayıb. O, teatra məndən 1 il əvvəl gəlib. İşlərimiz elə alınıb ki, o, "Leyli"ni çox oynamalı olub.

N.Muradova: Teatrdakı maaşlardan razısınız?
- Əlbəttə, maaşımız ehtiyaclarımızı ödəmir. Allah elimizdən-obamızdan razı olsun, həmişə bizi diqqətdə saxlayırlar. Bizi el şənliklərində görmək istəyirlər, çox sağ olsunlar. Deyir, aşıq eldən dolanar. Çox şükür, ayaqdayıq.

"Şəhərin ortasında tanklar, silahlı insanlar gəzirdi"

D.Əhməd: Mayda toy olmurdu, indi də oyunlarla əlaqədar iyunda toy olmayacaq. Necə edəcəksiniz?
- İyunda etməyənlər mayda edəcək. Bilirsiniz, çalışan adam heç vaxt ac qalmır. Giley edib, narazılıqlarımızı bildiririk, vallah, 10 il bundan qabaqkı vəziyyətimizdən daha yaxşıyıq. Prezidentimiz insanlarımıza çox böyük dəstək olur. 90-cı illərin əvvəlində ayağımızı heç qapıdan çölə qoya bilmirdik. Çörək tapa bilmirdik. 1991-ci ildə həyat yoldaşım Cəbrayılda şəhid oldu. 1993-cü ildə Cəbrayıl alındı, biz Beyləqana, oradan da Yevlaxa gəldik. İnanın ki, rayonlarda vəziyyət çox çətin idi. Şəhərin ortasında tanklar, silahlı insanlar gəzirdi. Ölkə xaos içərisində idi. Belə vəziyyətdən gəlib bu günə çıxmışıq. İnanıram ki, 5 ildən sonra biz daha gözəl və yüksək maaşlı həyat içərisində yaşayacağıq.

N.Muradova: Bir müddət səhnədən uzaqlaşdınız, həyatınızda müəyyən dönəm oldu, sonra yenidən qayıtdınız. Sanki ailəni sənətdən üstün tutmuşdunuz.
- Qadın birinci növbədə anadır. Bütün xanımlara bunu tövsiyə edirəm. Qadın ailə qurmağı düşünürsə, o, ailəni ən yüksəkdə tutmalıdır. Birinci onun üçün ailə olmalıdır. Əgər ailə qurmursa, karyera qurmağı düşünürsə, o, tamam başqa bir şeydir. Sən hər şeyi qurban verərək ailəni seçirsənsə, artıq sənin üçün ən ümdə ailə olmalıdır. Mən Respublika müsabiqəsinin qalibi, Bülbül adına məktəbin tələbəsi, Milli Konservatoriyanın muğam fakültəsinin ilk məzunu olmağıma baxmayaraq, ailəni seçmişdim. Həm musiqi məktəblərinə, teatra, kolleclərə dəvətlər vardı, hamı istəyirdi ki, onlarla çalışım. Amma mən ailəni seçmişdim. Düşünürdüm ki, gələcəkdə həyat yoldaşım icazə versə, dərs deyərəm, yaxud sənətimi davam etdirərəm, əgər olmayacaqsa, deməli, olmayacaq. Mən ailəni seçmişdim.

"Bakıdan aqrar rayona gəlin köçdüm"

N.Muradova: Özü də rayona gəlin köçdünüz.
- Bəli, ailə qurub Cəbrayıl rayonuna getdim. Bakıdan, mərkəzdən aqrar rayona gəlin köçdüm.

Q.Yaquboğlu: Həyat yoldaşınızla Bakıda rastlaşmışdınız?
- Bəli, həyat yoldaşım Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdi. Özü də məcburi olaraq təyinatını öz rayonuna almışdı. O vaxt tələbələrə təyinatı öz rayonuna vermirdilər. Cəbrayıl müharibə bölgəsi olduğu üçün öz elinə, obasına getmək istəmişdi. Mən də, təbii ki, onunla bərabər rayonda yaşamağa qərar vermişdim. Mən sənətimi qurban verib ailəmi seçmişdim, o isə özünü vətənə qurban verdi. Mən inanıram ki, alın yazısı insanın xarakteridir. Öz xasiyyətimizdən irəli gələn addımlarımız bizi o hadisələrə aparıb çıxarır. Mən başqa xarakterli qız olsaydım, başqa oğlanı seçərdim. Məsələn, bir musiqiçi ilə ailə həyatı qurardım, həyatımı başqa cür davam etdirərdim. Bu gün də tamam başqa adam olardım. Bu, mənim xasiyyətimdən irəli gəldi ki, mən məhz vətənpərvər oğlanı seçdim.

Q.Yaquboğlu: Siz seçdiniz, yoxsa o seçdi?
- Təbii ki, o, məni seçmişdi, mən də seçim olaraq onu seçdim. Başqa oğlanı da sevə bilərdim. Məni məcbur ərə verməmişdilər ki.

N.Muradova: Deyəsən, ailələriniz də razı olmayıb...
- Bəli, ailələrimiz də razı deyildi. Onların da ailəsi çox qapalı, mühafizəkar idi.

Q.Yaquboğlu: Hansı kənddə yaşadınız?
- Qalacıq kəndində. O nəsildə bir yad gəlin mən idim. Anamgil onları tanıdıqlarına görə istəmirdilər ki, mən oraya gedim. Təbii ki, bu, ailələrin öz dünyagörüşləri idi. Hətta ortaya "onlar sünnidir, biz şiəyik" tipli məsələlər də çəkirdilər (gülür). Amma bizim ikimizin qərarı vardı, ailə qurub evlənmək istəyirdik və bunu həyata keçirdik. Elimizin adəti ilə ailə qurduq. Bu xasiyyətim məni Cəbrayıla apardı.

Q.Yaquboğlu: Doğrudan, tamam əlinizi üzmüşdünüz ki, bir də heç vaxt oxumayacaqsınız? Kənddə toyda, ad günlərində də oxumadınız?
- Yox, heç vaxt oxumadım. Həyat yoldaşım işi ilə əlaqədar Bakıya gəlib-gedirdi. Hər dəfə Bakıya gələndə mənə kasetlər alıb gətirirdi. O kasetləri indiyədək saxlamışam. Deyirdi ki, müəllimə, sənə kaset almışam. Arif Babayevin muğamlarını da almışdı. Özü də musiqi sevən adam idi.

N.Muradova: Onun üçün oxuyurdunuz?
- Yox (gülür). Kasetləri alırdı ki, evdə qulaq asım. Yəqin, hiss edirdi ki, darıxıram, bütün gün evdə tək oluram. Müharibə dövrü idi, demək olar ki, evdə olmurdu. Səhər 7.00-da gedirdi, səhərə yaxın saat 4.00-da gəlirdi. Elə günlər olurdu ki, ümumiyyətlə, evə gələ bilmirdi. Çünki o vaxt sərhəddə polislər dayanırdı. O, bölmə rəisi idi, məcbur idi ki, ermənilərlə üz-üzə postlara özü qalxsın. Yolda da ermənilər mina qurmuşdular, özü və işçiləri minaya düşdü.

N.Muradova: İtkisini necə yaşadınız?
- Yaşayanlar bunu bilir. Arzulamıram ki, ölkəmizdə müharibə olsun, gənclərimiz şəhid olsunlar. Əlbəttə, şəhidlik çox böyük zirvədir, Vətən şəhidləri ilə yaşayır. Şəhidlərimiz olmasa, torpaqlarımızı qaytara bilmərik, oğullar Vətən üçündür. Hər bir ana, həyat yoldaşı, bacı üçün bu, heç vaxt yeri bağlanmayan yaradır. Nə vaxt dindirsən, qanayan bir yaradır (kövrəlir).

N.Muradova: Necə qərar verdiniz ki, oxuyacaqsınız? Çünki bilirdiniz ki, oxumağınızı istəmir.
- Elə ona görə sənətə qayıtmaq istəmirdim. 1993-cü ildə Cəbrayıl rayonu alındı, mən evimizə, Yevlaxa qayıtdım. 1991-ci ildən 1993-cü ilədək qaynatamgillə yaşadım.

N.Ehlamqızı: Dayağınızı itirmişdiniz, oğlunuzu ata evində böyütməyə qərar verdiniz?
- Bəli. Cəbrayıl rayonu alınanda məcbur oldum. Mən oğlumla bərabər Yevlaxa gəldim. 1994-cü ildə qardaşım Tərtərdə Qırmızı kənddə, axırıncı ən böyük döyüşdə şəhid oldu. Mayın 7-si qardaşımı dəfn etdik, mayın 8-i ulu öndərimiz atəşkəs elan etdi. Şükürlər olsun, kütləvi qırğınların, gərəksiz itkilərin qarşısı alındı. Bütün həyatımız məhv oldu, dünyamız dağıldı. Biz tək qaldıq. Başqa qardaşım yox idi, yoldaşımı da itirmişdim. Yevlaxda da heç kəsi tanımırdım. Bütün həyatım Bakı ilə bağlı idi. Müəllimlərim, bütün tanıdığım insanlar Bakıda idi. Anamı da məcbur etdim, Bakıya köçdük.

"Hüquq fakültəsinə 2 balım çatmadı"

N.Muradova: Haradansa təklif almışdınız?
- Yox, heç bir təklif yox idi. Sadəcə olaraq, gələcəyimi qurmaq üçün Bakıya gəlməyə məcbur idim. Oxumaq fikrim yox idi, hazırlaşdım, sənədlərimi BDU-nun hüquq fakültəsinə verdim. 1994-95-ci illərdə dalbadal imtahan verdim. O vaxt test üsulu yeni idi, ballar da aşağı idi. 367 bal yığmışdım, hüquq fakültəsinə 2 balım çatmırdı. Tarix, şərqşünaslıq, jurnalistika, filologiya fakültələrinə düşürdüm, amma hüquq fakültəsinə balım yetmədi.

Q.Yaquboğlu: Digər fakültələrdə də oxumadınız?
- İstəmədim. Mən artıq ali təhsilli insan idim. Getdim TQDK-ya. Səhv etmirəmsə, Əziz müəllim idi, onun yanına getdim, dedim ki, Konservatoriyanı bitirmişəm, hüquq fakültəsi üçün 2 balım çatmır, istəyirəm həyat yoldaşımın işini davam etdirim. Oxuya bilmirəm, sənətimin dalınca getmək üçün açıla bilmirəm. Söylədim ki, mənə kömək edə bilərsinizmi, 2 balımı təlafi edim, qaçqınam, şəhid ailəsiyəm, bu güzəşti mənə verə bilərsinizmi? Mənə dedi ki, yox, qızım, əgər müharibədə dayaq nöqtəni itirmiş olsaydın, səni qəbul edə bilərdik. Yəni, müharibədə əlil olsaydım, yaxud ayaqlarımı itirmiş olsaydım. Baxdım, dedim, yox, Əziz müəllim, gərək özüm orada şəhid olardım, ondan sonra, bəlkə, siz məni qəbul edərdiniz, nahaq yerə gəlib buraya çıxmışam. Bu məsələni elə oradaca bağladım, müəllimlik etməyə başladım.

Q.Yaquboğlu: Harada müəllimlik etdiniz?
- Sabunçu rayonunda 170 saylı məktəbdə müəllimlik etdim, hətta "JEK"də təlimatçı işinə yazıldım. Çünki çox çətin dövr idi, dolana bilmirdik, ailə mənim üstümdə idi, himayəmdə körpə uşaq vardı. Ara-sıra Konservatoriyaya Arif Babayevin sinfində gedib otururdum. Hər gedəndə Arif müəllim deyirdi ki, ay bala, gəl teatra, axı sənin yerin teatrdır. Sənin səsin, imkanların var. Amma tərəddüd edirdim. Mən Müdafiə Nazirliyinin Həzi Aslanov adına mahnı və rəqs ansamblına gəldim. Mən döyüş bölgələrinə getmək fikri ilə oraya işə düzəldim. Əsgərlərimizi görmək istəyirdim, elə bil ürəyim uçunurdu ki, elə ora gedim. O fikirlə ansamblın tərkibində əsgərlərimizə çoxlu yardımlar aparırdıq. Televiziya da bizə qoşulurdu. Beləcə, məni həvəsləndirirdilər ki, işimlə məşğul olum. Bir gün televiziyada mənə dedilər ki, mahnı yazdır, ali təhsilli adamsan, televiziyanın arxivində ifaların var, Respublika sarayında Heydər Əliyev sizi qəbul edib, bütün dövlət konsertlərində iştirak etmisən, gəl. 1995-ci ildə Əhməd Bakıxanov adına ansamblın rəhbəri Möhlət müəllimin yanına getdim, dedim ki, sizinlə televiziyaya bir neçə mahnı yazmaq istəyirəm. Çox sağ olsun, bir ilə yaxın birgə məşğul olduq. Mənim ilk yarım saatlıq konsertim efirə çıxdı. Ondan sonra səs-küy yayıldı ki, Gülüstan Əliyeva oxumağa qayıdıb. Bizim uzaq qohumumuz vardı, Azərbaycanda sayılıb-seçilən insan idi, o, məni məcburən Opera və Balet Teatrına göndərdi. Dedi ki, sən niyə qalmısan. Teatrın direktorundan, Tamara Eyvazovadan xahiş etmişdi ki, bu xanımı dinləyin, yaxşı deyilsə, götürməzsiniz. 1996-cı ildə teatra getdim, müsabiqədən keçdim. Bu günədək də orada çalışıram.

"Qaynanam deyirdi ki, gəlinim balet oynayandır"

N.Ehlamqızı: Yoldaşınızın ailəsinin reaksiyası necə oldu?
- Onların evindən gəldiyim bir gündən indiyədək bir gün də olsun onlarla əlaqəni kəsmədim. Mənim oğlum var, o, öz qohumlarını, babasını, əmisini, bibilərini tanımalı idi. Heç vaxt qoymadım ki, onlarla arada soyuqluq yaransın. Həmişə get-gəl saxladım. Oğlum Rüfətlə sıx əlaqələrimiz bu günədək davam edir. Biz qohumuq, qohumları da biz seçmirik. O vaxt elə dövr idi ki, hamı öz başının hayında idi. Heç kəs başqasının problemini həll etmək gücündə deyildi. Elə xeyirdə, şərdə bir-birimizi görürdük. Düşünürəm ki, o xarakterdə ailə mənim oxumağımı ürəklərinin dərinliyində yaxşı qarşılamadılar. Bu günədək bu haqda bir söz deməyiblər. Hələ nişanlı idik, qaynanam deyirdi ki, gəlinim balet oynayandır (gülür). O insanların sənətçidən anlayışları yox idi, qapalı insanlar idilər. Orada gəlin başıaçıq gəzsin, darvazadan çölə getsin, qaynatanın qabağına çıxsın kimi vərdişlər yox idi.

N.Muradova: Peşmançılıq da keçirmirdiniz?
- Yox, təbii ki, sevdiyim oğlanla ailə qurmuşdum, əlbəttə, nə olsa qəbul etməli idim. Geriyə yol yox idi.

D.Əhməd: Oğlunuz neçə yaşındadır? Nə işlə məşğuldur?
- Oğlumun artıq 23 yaşı var. İqtisadiyyat sahəsini bitirib, elə o sahədə də çalışır. Nə mənim, nə də atasının sahəsini seçdi. Arada hiss edirəm ki, atasının işinə aid ikinci təhsil almaq istəyir.

N.Muradova: Sənətinizi qəbul edir?
- Gözünü açıb məni belə görüb. Hərdən saytlarda müsahibələrimə irad bildirir. Deyir, ay ana, bu nədir demisən, ailədə qaynana, gəlin belə olmalıdır. Bu xarakter atasından gəlmədir. O da mühafizəkardır. Başqa sənət adamları övladları ilə birgə müsahibə verir. Rüfət heç xoşlamır. Oğlum atasının ailəsini çox sevir, onlarla nəfəs alır.

D.Əhməd: Evləndirmisiniz artıq?
- Artıq nəvəm də var (gülür).

N.Muradova: Gəlininizi Siz seçmişiniz, yoxsa özü?
- Gəlinim sinif yoldaşımın qızıdır, bir yerdə böyüyüblər. Əlbəttə, əvvəldən bilirdi ki, tanımadığım insanla ailə qurmasına razı olmaram. Çünki mənim bir övladım var, 5 uşağım yoxdur.

N.Ehlamqızı: 8 Martda kimlərdən təbrik gözləyirsiniz?
- Axşam oğlumla o barədə söhbət edirdik, deyirəm ki, gəlinə filan şeylər alaq. Soruşurdu ki, bəs biz sənə nə alaq, ay ana. Deyirəm, yox, heç nə istəmirəm, siz mənim üçün ən böyük hədiyyəsiniz, nəvəm var, ən böyük sevincdir. Hədiyyə verməyi də, almağı da xoşlayıram. Bahalı, yaxud ucuz olmağının fərqi yoxdur. Gül də ola bilər, əsas odur diqqət olsun. Əsas odur ki, sevdiyin və diqqət gözlədiyin insanlardan sənə diqqət olsun. Elə bilirəm insanı yaşadan elə budur.

N.Muradova: Hansı gülü xoşlayırsınız?
- Liliyaları xoşlayıram.

"Həyat yoldaşımı heç kimlə əvəz etmədim"

N.Muradova: İkinci dəfə ailə həyatı qurmaq barədə düşünürsünüz?
- Deyirlər ki, əvəz olunmayan insan yoxdur. Mən onunla razı deyiləm. Təkrar olunmayan insanlar var. Kiminsə yerinə qoya bilmədiyimiz insanlar var. Ətrafımızda münasibət saxladığımız, dərdləşdiyimiz, görüşdüyümüz, sevdiyimiz insanlar var. Biz yaşayırıq, həyat davam edir. O insan ki, onunla ailə qurasan, itirdiyin insanın yerinə qoya biləsən, həyatımda belə insan olmadı. Həyat yoldaşımın yerini kiminləsə əvəz etmədim.

Nərgiz EHLAMQIZI,

Foto: Elçin MURAD, Rəşad ABBASOV


Müəllif: