Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı “Brifinq”in qonağıdır. Parlament seçkiləri öncəsi vəziyyəti dəyərləndirən Niyaməddin bəy təmsil olunduğu partiyanın potensial imkanlarından danışıb. BAXCP-nin platformasından söz açan N.Orduxanlı müxalifətin durumunu şərh edib. Vaxtilə sərbəst güləşlə məşğul olan gənc siyasətçi idmandan siyasətə keçid etməsinin səbəblərinə də aydınlıq gətirib.
- Nərgiz Ehlamqızı: Niyaməddin bəy, noyabrın 1-də keçiriləcək parlament seçkilərinə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) necə hazırlaşır? Seçkiyə neçə namizədlə qatılacaqsınız? Namizədləriniz bəllidirmi?
- Partiyamız parlament seçkilərinə çox ciddi hazırlaşır. Artıq BAXCP lideri Qüdrət Həsənquliyevin partiya qarşısında tövsiyə və tapşırıqları var. Ona uyğun olaraq seçkiyə hazırlaşırıq. Faktiki 80 namizədimiz bəllidir. Bu şəxslərin hər biri Azərbaycan siyasətində kifayət qədər tanınan insanlardır. Biz hazırda Mərkəzi Seçki Komissiyasının seçki kampaniyasına rəsmi start verməsini gözləyirik. Bundan sonra müvafiq qanunvericiliyə uyğun olaraq Ali Məclisin iclası keçiriləcək və dairələr üzrə namizədlərimiz ictimaiyyətə açıqlanacaq.
N.Ehlamqızı: Ali Məclisin iclasının tarixi məlumdur?
- Avqustun 30-da Ali Məclisin iclasını çağıracağıq. Ondan sonra namizədlərimizi elan edəcəyik. Namizədlərimiz sırasında partiya sədri, sədrin müavinləri, Rəyasət Heyətinin üzvləri, müşavirlər, rayon şöbələrinin sədrləri var. Bizim partiyanın 60-a yaxın rayon şöbəsi mövcuddur. BAXCP 10 minlərlə insanı əhatə edir. Hər rayonda partiyamızın Ali Məclis, şöbə sədrləri, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri var. Bu qurumlardakı rəhbər şəxslərin də namizədliyi irəli sürüləcək.
"YAP-la rəqabət apara biləcək müxalifət partiyası yoxdur"
N.Ehlamqızı: Parlament seçkiləri ölkə həyatında çox ciddi hadisədir. Amma nədənsə aktivlik bir o qədər hiss olunmur. Fəallıq daha çox sosial şəbəkədə müşahidə edilir. Seçkiqabağı situasiyanı necə qiymətləndirirsiniz?
- Doğrudan da, parlament seçkiləri ölkə həyatında çox önəmli hadisədir. Doğrudur ki, tam passivlik var. Amma partiyalar seçkilərə hazırlaşır, namizədlərini müəyyənləşdirir, eyni zamanda, MSK da mütəmadi olaraq görüşlər keçirir. Hətta YAP regionlarda görüşlərə başlayıb. Təbii ki, maliyyə resursları baxımından digər partiyaların regionlarda bu cür görüşlər keçirmək imkanları yoxdur. Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda YAP-la rəqabət apara biləcək güclü müxalifət partiyası yoxdur. Bu azmış kimi müxalifətin özü də dağınıqdır. Amma bütün bunlara baxmayaraq, ölkədə çoxpartiyalı sistem və müxalifət var. Təbii ki, müxalifət yekcins deyil və burada ümumiyyətlə iqtidarı tanımayan inkarçı müxalifət də, hakimiyyətlə normal, sivil münasibətlər qurub, çoxpartiyalı siyasi sistemin inkişafında maraqlı olan müxalifət də var. Hazırda siyasi partiyalar sosial şəbəkəyə adaptasiya olublar, siyasətlərini Facebook üzərində qurublar. Fikrimcə, aktivlik seçkiyə rəsmi start veriləndən sonra daha qabarıq şəkildə gözə çarpacaq.
Aqil Lətifov: Bir çox partiyalar etiraf edir ki, gözləmə mövqeyi Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı ilə bağlıdır. Bununla bağlı nə deyə bilərsiz?
- Hesab edirəm ki, YAP ölkənin ən güclü partiyasıdır və bu seçkidə də ən favorit partiya olacaq. Onu da deyim ki, BAXCP-nin rəqibi YAP olacaq. Onsuz da YAP həmişə öz siyahısını lazım olan məqamda açıqlayıb. Amma bu, partiyalara əsas vermir ki, gözləmə mövqeyini tutaraq YAP-ın siyahısını gözləsinlər. Hər bir partiyanın öz siyasi kursu var. BAXCP uzun müddətdir ki, bu prosesə hazırlaşır. Partiyanın platformasını üzvlərimizin müzakirəsinə çıxardıq. Mətbuatda çap etdik. Platformamızı təqdim etdik və üzvlərimizin müzakirəsinə çıxardıq. Partiyanın ali orqanı Rəyasət Heyətində hansı mövqedən çıxış edəcəyimiz, xalqa təqdim etdiyimiz fikir və ideyaları, liderimiz Qüdrət Həsənquliyevin cəmiyyətə verdiyi mesajları kifayət qədər müzakirəyə çıxarmışıq. Sonuncu dəfə bazar ertəsi İdarə Heyətində geniş müzakirə keçirdik, təxminən 4 saatdan artıq keçirdiyimiz iclasda platformamızın hər bəndi ətrafında fikir mübadiləsi apardıq. Hər kəs öz təkliflərini irəli sürdü, fikir toqquşmasını isə sədr səsverməyə çıxardı və İdarə Heyətinin üzvləri arasında hansı tərəfin arqumenti güclü idisə, səs çoxluğu ilə həmin təklif qəbul olundu. Bu gün müxalifət partiyalarının və blokların acıqladığı namizədlərin siyahısına baxırıq, elə partiya yoxdur ki, BAXCP-nin namizədilərinin sayı qədər namizəd açıqlasın. Heç 125 dairənin 50 faizini əhatə etmirlər. Biz daha çox namizədlə qatılmağa iddialıyıq.Və daha çox yer qazanmaq uğrunda mübarizə aparacağıq.
N.Ehlamqızı: Hazırda BAXCP-dən parlamentdə yalnız sədriniz təmsil olunur. Bəs bu il Milli Məclisdə neçə mandat qazanmağa iddialısınız?
- Bütün imkanlarımızla çalışacağıq ki, bu dəfə BAXCP parlamentin ana müxalifəti ola bilsin. Bayaq qeyd etdim, əsas mübarizəmiz YAP-la olacaq. İddiamız daha böyükdür, daha çox yeri qazanmaq, mandat əldə etmək istəyirik. Parlamentdə müxalifət fraksiyası yaratmaq arzusundayıq. Cənubi Qafqaz ölkələrindən, çox təəssüf ki, Azərbaycan parlamentində fraksiya yoxdur. Gürcüstan və Ermənistanda müxalifət fraksiyası var. Qanuna görə, parlamentdə fraksiya yaratmaq üçün ən azından 25 müxalif deputat təmsilçisi olmalıdır. Müxalifət partiyasıyıq və imkanlarımız nəyə çatırsa, onu əldə etməyə çalışacağıq.
Bəxtiyar Məmmədli: Niyə namizədlərin sayı 125 yox, 80-dir?
- Parlament seçkisi ağır seçkidir. Bu, bələdiyyə seçkiləri deyil ki, yüzlərlə namizədimiz olsun. Son bələdiyyə seçkisində yüzlərlə funksionerimiz bələdiyyə üzvü seçildi. Burada sırf peşəkar siyasətçilər təmsil olunmalıdır. Partiya elitasında olan, cəmiyyətdə kifayət qədər tanınan, ən azı namizədliyini verdiyi dairədə tanınan insan olmalıdır. Hazırda gücümüz 80 namizədə çatır. Amma belə niyyətimiz də var ki, partiya üzvü olmayan insanları namizəd kimi dəstəkləyək.
B.Məmmədli: Belə müraciətlər varmı?
- Bəli, var. Biz həmin müraciətlərə İdarə Heyətində baxacağıq. Ölkənin tanınmış adamları, media işçilərindən müraciət edənlər var, sayları da çoxdur. Qərar qəbul etsək, onları da BAXCP müdafiə edəcək. Seçdiyimiz 80 dairədən başqa dairələrdə namizədliyini irəli sürən nüfuzlu və tanınmış şəxsləri dəstəkləyə də bilərik.
B.Məmmədli: Namizədlər içərisində gənclər və qadınlar neçə faiz təşkil edir?
- Namizədlər içərisində xanımlar da, gənclər də üstünlük təşkil edir. 28 yaşlı namizədimiz də var, mənim kimi 38 yaşlı, üçüncü dəfə deputalığa namizəd olan da var. Bütün yaş kateqoriyalarında namizədlərimiz olacaq.
A.Lətifov: Bəs özünüzün parlamentə düşmə şansınızı necə qiymətləndirirsiniz?
- Mən BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müaviniyəm. Seçkidə iştirak etmək siyasətçinin birbaşa vəzifə borcudur. Təvazökarlıqdan uzaq olsa da, bu parlament seçkiləri mənim indiyədək iştirak etdiyim yeddinci seçkidir. Son 20 il ərzində bələdiyyə seçkilərinin hamısında iştirak edib qalib gəlmişəm. 18 illik seçki təcrübəm var. Azərbaycanda ən gənc bələdiyyə üzvlərdən biri olmuşam. O zaman da partiya mənsubiyyətim var idi. Rəhmətlik Əbülfəz Elçibəyin təmsil olunduğu AXCP-dən namizədliyim irəli sürülmüşdü. Parlament seçkilərində isə 2005 və 2010-cu ildə BAXCP-dən namizəd olmuşam. Bu dəfə də seçkiyə qatılacağam, çox güman, 45 saylı Abşeron seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm. Abşeron rayonunda kifayət qədər tanınıram. Anadan olduğum və yaşadığım Mehdiabad qəsəbəsində 6 min seçici var. Faktiki həmin ərazidən 4 dəfə bələdiyyə üzvü seçilmişəm, 2 dəfə isə parlament seçkilərində məğlub olmuşam. Amma namizədliyimin konkret olaraq hansı dairədən irəli sürüləcəyinə partiyanın Ali Məclisi qərar verəcək. Bu yaxınlarda MSK-nın rəsmi saytında 2010-cu ilin parlament seçkilərində məğlub olmuş siyasətçilərin səsləri ilə tanış oldum. Müxalifət partiya sədrlərindən Əli Kərimli, İsa Qəmbərin nə qədər səs topladığı ilə maraqlandım. Bu sədrlərin hər ikisi məndən 1000 səs az toplayıb. Əli Kərimlinin yekə-yekə danışmaığına baxmayın. Əli Kərimli uzun illərdir siyasətdədir, çox iddialı danışır, 2 min 200 səs toplayıb. Hətta müşahidə etdim ki, başqa dairədən deputat seçilən elə millət vəkili var, məndən az səs yığıb. Mənsə dairəmdə ikinci yerə çıxmışdım. Hər seçkidə çox böyük kampaniya aparıram. İstər bələdiyyə seçkiləri olsun, istərsə də parlament. Siyasi təşkilatda təmsil olunan şəxsin birbaşa vəzifə borcudur ki, seçkidə iştirak etsin. Bu səfər də daha geniş seçki kampaniyası aparacağıq. Qapı-qapı, məhlə-məhlə gəzəcəyik, hər kəsdən səs istəyəcəyik. Arxamda BAXCP kimi böyük bir təşkilat durur ki, bu da mənə çox böyük imkanlar yaradır. Artıq sosial şəbəkə imkanları da artıb. Sosial şəbəkələrin imkanlarından da geniş yararlanacağıq. Azərbaycanın bütövlüyünü görən, daim milli maraqlarımızdan çıxış edən liderim - Qüdrət Həsənquliyev var, bu da mənə əlavə güc verir. Bəzən yoldaşlar sual verir ki, 2 dəfə məğlub olmusunuz, yenə namizədliyinizi irəli sürürsünüz? Əsaslandırıram ki, siyasətçinin vəzifə borcudur ki, bütün eçkilərdə iştirak etsin. Siyasəti özümə peşə seçmişəmsə, niyə də seçkidə iştirak etməyim. 10 ildən artıq sərbəst güləşlə məşğul olmuşam. Elə olub ki, tatamidə 5-0 hesabla irəlidə olduğum görüşün sonunda məğlub duruma düşmüşəm. Hərdən bunu idmanla müqayisə edirəm, sona qədər mübarizə aparmaq lazımdır. Bəzən olub ki, məğlub durumda ola-ola, döyüşün sonuna 20 saniyə qalmış, mükəmməl fənd işlədib qalib gəlmişəm. Yəni siyasətçi də sonadək mübarizə aparmalıdır. BAXCP-nin platforması cəmiyyətimizə və dövlətimizə xeyir verəcək platformadır.
"Radikal siyasi düşərgənin potensialı tükənib"
A.Lətifov: Özlərini ana müxalifət adlandıran bəzi partiyalar var ki, boykot çağırışı edir. Bu çağırışlara münasibətiniz necədir?
- Əli Kərimli hazırda saxta profillərlə Facebook-da özünü “millət vəkili” seçir. Habelə radikal siyasi düşərgənin digər təmsilçiləri Facebook-da özlərini deputat seçirlər. Radikal siyasi düşərgənin potensialı tükənib. Özləri etiraf etməsə də, bu, reallıqdır. Onlar 125 namizəd tapıb ortaya çıxara bilmirlər. Əli Kərimli kimi namizəd irəli sürəcək? Matros Faiqi? Kim qalıb onun yanında? Rəhmətlik Əbülfəz Elçibəyin rəhbərlik etdiyi AXCP Rəyasət Heyətinin 19 üzvü vardı. Novella Cəfəroğlu, Qulamhüseyn Əlibəyli, Asim Mollazadə, Qüdrət Həsənquliyev, Bahəddin Həziyev, Arif Paşa və digər 14 nəfərdən heç kəs Əli Kərimlinin yanında qalmadı. Hətta “Yurd” təşkilatının üzvləri belə onu tərk edib. Əli Kərimlinin ciddi sosial dayağı yoxdur. İmza toplanması üçün 125 dairə üçün 1200-dən artıq dəstəkçi lazımdır ki, bu prosesi apara bilsin. Minlərlə insan bu prosesə cəlb olunmalıdır. Bu adam bələdiyyə seçkilərində 100 nəfərin adını namizəd kimi irəli sürə bilmədi. O bilir ki, bu vəziyyətdə məğlubiyyət qaçılmazdır. Onun verdiyi bəyanatlar şantaj xarakterlidir. Beynəlxalq təşkilatların dəstəyi ilə mandat əldə etmək istəyir. Fikirləşir ki, bu cür vasitə ilə, ola bilsin, mandat qazana bildi.
N.Ehlamqızı: Facebook sosial şəbəkəsində adınıza açdığınız səhifəni 300 min şəxs bəyənib. Bu qədər “like”ı necə yığa bilmisiniz?
- Azərbaycanda Facebook fəaliyyətə başlayanda ilk 50 istifadəçidən biri mən olmuşam. 2006-cı ilin axırlarında çox adam Facebook-un nə olduğunu bilmirdi. Kimə desəydin Facebook-a qoşul, səndən soruşurdu ki, o, nə olan şeydir? Mənsə ilk gündən Facebook-u dərindən öyrəndim və izlədim. O dövrdə düşünürdüm ki, bir zaman gələcək bu sosial şəbəkə Azərbaycanda kütləvi hal alacaq və belə də oldu. Bu gün faktiki Azərbaycanda 300 min nəfərin bəyəndiyi 3 qrup var. Onlardan biri “Prezidentə dəstək”, digəri “Ağ yol”, üçüncüsü isə “Niyaməddin Orduxanlı” qrupudur. Qrupun rəhbəri də özüməm. Facebook-un öz qanunauyğunluqları var. Şəxsi profilimin izləyiçilərinin sayı 50 minə yaxındır. Yeni qruplar yarananda hər kəs bir-birinə dəstək olurdu. Sosial şəbəkələr çox önəmli sektordur. Facebook-un sirləri var ki, onun vasitəsilə kütləvi şəkildə bəyənmə olub və insanların könüllülüyü əsasında onları qrupuma əlavə etmişəm.
"Əli Kərimli “Azadlıq” qəzetində müxbirlik edir, hətta saxta profillərlə özünün yaydığı statuslara rəylər yazır"
İlhamə Əbülfət: Haker hücumundan necə qorunursunuz?
- Bilirsiniz, Facebook-da Əli Kərimli və bəziləri mənə necə nifrət edirlər? Radikal siyasi düşərgənin nümayəndələri saxta profillərlə elə şeylər yazırlar ki, adam dəhşətə gəlir. Bir tənqidə görə məni ölümlə də hədələyirlər. İnan, həmin təhdidləri görsəniz, dəhşətə gələrsiniz. Diri-diri yandırılacağımı da saxta profillə yazıb göndərirlər. Əli Kərimlinin dəstəsi bu məsələdə çox aktivdir. Saxta profillər açıb adımdan yazışmalar edirlər. Əli Kərimli bolşevikdir. Mənə patoloji nifrət edir. Özünə “demokrat” adını qoyub. Ancaq adi bir tənqidə son dərəcə dözümsüzdür. Bu gün o, siyasətlə məşğul olmur, qayıdıb keçmiş işinə. “Azadlıq” qəzetində müxbirlik edir. “Akif” “Azad” və b. imzalarla, hətta saxta profillərlə özünün yaydığı statuslara rəylər yazır. Bunu hər kəs bilir. Azərbaycanda Facebook-a saxtakarlığı da Əli Kərimli gətirib. Azərbaycan xalqı heç vaxt Əli Kərimliyə dəstək verməz. Onun keçirdiyi mitinqə, onun rəhbərliyində olduğu Milli Şuraya baxın. Ölkənin baş naziri olmuş Pənah Hüseyn açıq şəkildə bəyan etdi ki, Milli Şura Rusiya layihəsidir. Rüstəm İbrahimbəyovun Rusiya layihəsinin icraçısı olduğunu, hələ 2013-cü ildə ilk dəfə Qüdrət Həsənquliyev demişdi. Bu adamlar adi tənqidə belə dözə bilmirlər. Onların heç birindən dövlət adamı ola bilməz!
"Azərbaycan dövlətinin müstəqil yaşaması Heydər Əliyevin xidmətidir"
Zahid Nurəliyev: Sizcə, Emin Millinin mərhum prezident Əbülfəz Elçibəyi təhqir eləməsinə niyə AXCP tərəfindən hər hansı reaksiya verilmədi?
- Əli Kərimli buna heç vaxt reaksiya verməz. O, ömrü boyu Elçibəyi təhqir edən adam olub. Elçibəyi qəzetində aşağılamasının canlı şahidiyəm. Kim onları Elçibəyin davamçısı hesab edir? Uzun illərdir peşəkar siyasətlə məşğul olanlar bunu ironiya ilə qarşılayırlar. Əbülfəz bəy dünyasını dəyişən günü Əli Kərimli “Məkan” qəzetində onu təhqir etmişdi, bunu açıb deməyə utanıram. Yalan deyirəmsə, Əli Kərimli çıxıb desin ki, belə hadisə olmayıb. İnsanlığa yaraşmayan hərəkəti Əli Kərimli etdi. Elçibəyi devirmək istəyən adam necə Emin Milliyə cavab verər? Emin Milli başından böyük səhv edib. Bu xalq qarşısında Əbülfəz Elçibəyin xidmətləri bəllidir. Əbülfəz bəy xalq və dövlət naminə geri çəkilməyi də bacaran insan olub. Müxalifətdə qalıb necə müxalifətçi olmağı da əxlaqı ilə sübut edib Əbülfəz Elçibəy. Elçibəy 1993-cü ildə reallığı qəbul edib, bilib ki, Azərbaycanın möhkəm olmasında kim rol oynaya, dövləti kim qoruya bilər. O da mərhum Heydər Əliyev idi. Bu, bir tarixi faktdır. Mən Xalq Cəbhəsinin gənclər şöbəsinin müdiri olmuşam, Əbülfəz bəy şəxsən mənə deyib ki, müstəqil Azərbaycan dövləti əldən gedirdi, Rusiya qoşunları yenidən Azərbaycana qayıda bilərdi, müstəqiliyimizi itirə bilərdik, o zamankı Milli Məclisin bir çox üzvləri yenidən rus qoşunlarının Azərbaycana qayıtması ilə bağlı müraciət hazırlamışdı və bunun qarşısını mərhum Heydər Əliyev ala bilərdi və aldı da. Mərhum Heydər Əliyev müstəqil Azərbaycanı qoruyan şəxs olub. XX əsrin əvvələrində Azərbaycan Demokratik Cümhuriyyəti 23 ay yaşaya bildi. Mən isə açıq şəkildə demək istəyirəm ki, mərhum Heydər Əliyevin xidmətləri hesabına 24 ildir ki, Azərbaycan öz müstəqiliyini qoruyub saxlaya bilib. Bu, tarixdir və bunu kimsə inkar edə bilməz. İstər Əbülfəz Elçibəyin, istərsə də Heydər Əliyevin Azərbaycan dövləti qarşısında və onun xalqı qarşısında çox böyük xidmətləri var. Emin Milli ağzına gələni deyib, özünü qəhrəman kimi təqdim edir. Bu adama ləqəb kimi Milli yox, Satqın adı vermək olar. Bu insan milli azadlıq hərəkatının sədrinə, tarixi şəxsiyyətinə qarşı bu cür həqarət yağdırırsa, onun milli kimliyinə şübhəm var. Almaniyada oturub məhbus siyasilərlə bağlı birbaşa Azərbaycanın əleyhinə çıxış edir.
Nərmin Muradova: Dediniz ki, sərbəst güləşlə məşğul olmusunuz, nə əcəb idmanın ardınca getmədiniz?
- Peşəkar güləşlə məşğul olmuşam, nəticələrim də olub (gülür). SSRİ dövründə müəyyən çəkilərdə uğurlar əldə etmişəm, Azərbaycan çempionatında da nailiyyət qazanmışam. Hərdən medallarımın fotolarını Facebook-da da paylaşıram. 3-cü sinfi bitirəndə sərbəst güləşə yazılmışam, 12 il bu idmanla məşğul olmuşam. İdman mənə kifayət qədər üstünlüklər qazandırıb. 38 ildə 1 dəfə də olsun, siqaret çəkməmişəm, spirtli içki qəbul etməmişəm. 12 il ərzində potensialım hara qədər imkan verirdisə, ora qədər gəldim. Ailəmiz milli azadlıq hərəkatında çox fəal olub. 7 qardaşıq, sonbeşik mənəm. Qardaşlarımın hər biri milli azadlıq hərəkatında fəallıq göstəriblər. Onlar AXC-nin fəal üzvləri olublar. Qarabağ döyüşündə 5 qardaşım könüllü döyüşçü kimi iştirak edib. Ancaq mən idmana gedə-gedə siyasətə marağım olub. 1993-cü ildə Azərbaycanda gənc siyasi natiqlik məktəbi açılmışdı. 14-15 yaşlı gənclər orada təmsil olunurdu. O məktəb də siyasətə gəlməyimdə rol oynadı. 2000-ci ildə ali məktəbi bitirdikdən sonra bir illik hərbi xidmətə getmişəm. Və qayıdan ili yenidən siyasi fəaliyyətimi davam etdirmişəm. Həmin il liderim Qüdrət Həsənquliyev Xalq Cəbhəsinin birləşdirilməsi ideyası ilə çıxış edib. Qüdrət bəyin dəvəti ilə ona ilk dəstək verənlərdən biri olmuşam. 2001-ci ildə partiyanın birləşməsi prosesi başlayan gündən Qüdrət bəy niyyətini mənə açıqladı. Bildirdi ki, Xalq Cəbhəsini birləşdirib, təşkilatı yaşatmalıyıq, mən bu gün də fəxr edirəm ki, Qüdrət bəy mənə belə bir təklif verib, onu dəyərləndirib yanında olmuşam. Sevinirəm ki Qüdrət bəy kimi liderim var. Nə yaxşı ki, Qüdrət bəy xalq cəbhəsini birləşdirdi.
İ.Əbülfət: Siyasətdən kənar əyləncənizi necə təşkil edirsiniz?
- Əlbəttə, hər gün siyasətlə məşğul olmuruq (gülür). 3 övladım var, biri 6-cı, biri 4-cü sinfə qədəm qoyub. Kiçik qızım 1 yaşındadır. Ailəvi istirahətə gedirik, uşaqları tamaşalara aparıram. Övladlarımın təhsili ilə xüsusilə maraqlanıram. Aysu 5 ildir əlaçıdır. Ailəmiz böyükdür. Qardaşım, bacımgilə də gedirik.
N.Muradova: Hansı mahnıları dinləməyi xoşlayırsınız?
- Muğam və saz mahnılarına qulaq asmağı xoşlayıram. Son vaxtlar dövlət radiosuna qulaq asmağa üstünlük verirəm, bu radioya qulaq asmağı hər kəsə məsləhət görürəm. İnanın, efirdə çox zövqverici mahnılar səsləndirirlər, maraqlı verilişlər yayımlayırlar. Aparıcıların nitqi, müzakirəyə çıxarılan mövzular, musiqilər nostalji hisslər yaşadır.
Nərgiz Ehlamqızı
Foto: Elçin MURAD