14 Noyabr 2015 12:54
1 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq Maliyyə naziri Saleh Məmmədov “Brifinq”in qonağıdır. Nikbin proqnozları ilə seçilən tanınmış iqtisadçı, Azərbaycanda maliyyə elmi üzrə ilk elmlər doktoru dünyada və Azərbaycanda gedən iqtisadi prosesləri dəyərləndirib. Növbəti devalvasiyanın olub-olmayacağı məsələsinə toxunan Saleh Məmmədov gənc iqtisadçılardan, yetirmələrindən də danışıb. İqtisadçı qeyri-neft sektorunun inkişafı üçün xüsusi reseptin detallarını da açıqlayıb.

Naibə Qurbanova: Son vaxtlar dünyada və Azərbaycandakı iqtisadi-maliyyə vəziyyəti ilə bağlı yerli iqtisadçılar bədbin proqnozlar verirlər. Sizin proqnozlarınız daha nikbindir. İndiki situasiyada həmkarlarınız nə dərəcədə haqlıdır?
- Əvvəla, bizdə milli iqtisad elmi olduqca zəifdir. Təbii ki, bunda hamımızın, o cümlədən mənim də günahım var. Hesab edirdim ki, müstəqillik əldə edəndən, bazar iqtisadiyyatı qurulandan sonra böyük alimlərimiz yetişəcək. Təəssüflər olsun ki, bu proses çox zəif gedir. Azərbaycanda iqtisadiyyat üzrə müasir mətbuatda yalnız iki nöqteyi-nəzər var: ya kəskin tənqid, ya da aşırı dərəcədə tərif. Obyektiv analiz və çıxış yollarının təqdimatını görmürəm.
Həm də məni nikbin proqnoz verən kimi görürsünüz, amma mənim 90-cı illərdə bu günə verdiyim proqnozlar, respublikanın nail oldugu göstəricilərdən xeyli aşağıdır. Demək, mən də potensialı o dərəcədə dəyərləndirə bilməmişəm.

N.Qurbanova: Nəinki iqtisadiyyatda, elə siyasətdə də, mədəniyyətdə də orta xətt yoxdur.
- Elədir, bir tərəf hər şeyi qara, digər tərəfi isə ancaq ağ görür. Hər şey müqayisədə dərk olunur. Azərbaycanı İsveçrə, Sinqapurla müqayisə edəndə, təbii ki, zəif cəhətlərimiz çoxdur. Amma bu ölkələrlə müqayisə etmirəm, keçmiş Sovet ölkələri, Orta Asiya, Yaxın Şərq ölkələri ilə müqayisədə Azərbaycan çox inkişaf edib. Ortaq məxrəc budur ki, Azərbaycan başqa ölkələrə nisbətən çox qabağa gedib, onu az vaxt ərzində dünyada ən inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaq mümkündür. Həmişə müxalifətdə olmuşam, amma məsələyə obyektiv və dəqiq yanaşmaq istəyirəm, real olaraq Azərbaycanın iqtisadi səviyyəsi yaxşı vəziyyətdədir. Götürülən istiqamət bu cür davam eləsə, ölkəmizi dünyanın iqtisadi cəhətdən ən yüksək inkişaf etmiş ölkələr səviyyəsinə gətirmək olar.

Nərgiz Ehlamqızı: Bu, hansı mexanizmlə mümkündür?
- 1980-ci illərdə hesablama apardım, nəticədə məlum oldu ki, əgər Sovet dövründə 1960-80-ci illər ərzində Azərbaycan Mərkəzi Fondlara verdiyi vəsaitləri öz içərisində investisiyalara xərcləsəydi, ölkəmizin iqtisadi inkişafı hələ o dövrdə dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə gəlib çatardı. Konkret hesablamalara əsasən bunu deyirdim. Sovet dövründə Azərbaycan istifadə olunan milli gəlirin həcminə görə yalnız Tacikistandan irəlidə idi. Vəsait imkanları böyük olsa da, istifadə olunmurdu. 1992-ci ildə müstəqillik qazandıqdan sonra Mərkəzi Fondlara verilən vəsaitlər respublikada qaldı, böyük ehtiyatlar daha məqsədyönlü istiqamətlərə sərf olundu, xeyli irəli getdik. İndi isə Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə postsovet ölkələri içərisində, Pribaltika istisna olmaqla hamısından irəlidədir. Ukrayna, Rusiya, Orta Asiya ölkələrində tez-tez oluram, vaxtilə bu ölkələrdəki inkişafa, Ukrayna şəhərlərinə həsədlə baxırdım. İndi Azərbaycan şəhərləri hamısından gözəldir.

Qurban Yaquboğlu: Pessimist proqnozlar mexaniki düsturdan qaynaqlanır: Azərbaycanın inkişafında neft faktoru əhəmiyyətlidir. Belə bədbin proqnozlar da səslənir ki, bu faktor ortadan çıxarsa, 1990-cı illərin çətin günləri yenidən yaşana bilər. Sizin bu barədə mövqeyiniz necədir?
- Bu yanaşma yanlışdır. Azərbaycanı Ermənistan və Gürcüstanla müqayisə etsək, ölkəmizin hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabərdir. Azərbaycanın 42 milyard, Ermənistanınsa 1 milyard rezervi var. Sovet vaxtı rəsmi Moskvanın köməyi ilə həmişə Ermənistan və Gürcüstanın bütün göstəriciləri bizdən üstün olub. Səhv etmirəmsə, Volterin fikridir, deyir ki, pul dəniz suyudur, nə qədər çox içsən, o qədər içmək istəyirsən, iştaha yaranır. Bizim şəraitimiz də elədir. Respublikanın vəziyyəti nə qədər yaxşılaşırsa, tələbat yüksəlir, daha çox vəsait xərclənir. Neft olmasa, qeyri-neft sektoru, başqa istehsalat növləri var. Bu gün maşınqayırma zavodları açıldı, kənd təsərrüfatı sahələri inkişaf etdirildi, neft-kimya kompleksində böyük ixracat var, tikinti materialları istehsal olunur, fəza və hərbi sənaye sürətlə inkişaf etdirilir. Dövlət istiqaməti qeyri-neft sektorunun inkişafına yönəldib. Bütün yollar dəqiq müəyyən olunmalı və o istiqamətdə fəaliyyətə başlanmalıdır. Neftin qiymətinin düşməsi Azərbaycan üçün elə də qorxulu proses deyil. Neft olmasa belə, böyük rezervlər toplanıb. Eyni neft Nigeriya, İran və digər müsəlman ölkələrində də oldu, amma onlarda bu qədər rezervlər toplanılmadı. Azərbaycanda dəqiqliklə artıq məsrəfin olmamasına çalışıldı. Qeyri-neft sektorunun inkişafı üzrə çoxsaylı işlər görülüb. Bu, ölkə üçün ümidverici haldır. 42 milyard rezerv Azərbaycan üçün böyük məbləğdir. Mən Maliyyə naziri gələndə valyuta fondunda 4 min dollar pul qalmışdı. İndi isə 42 milyard dollar rezerv var, bu vəsait Azərbaycanın 3 illik büdcəsidir. Qorxulu heç nə yoxdur, özümüzü təmin edə bilərik. Eyni zamanda 42 milyard dollar hesabına böyük miqdarda investisiya qoyub qeyri-neft sektorunun payını artırmaq olar. Bu qədər pessimistlik düzgün deyil. Prezident məqsəd qoydu ki, ölkənin iqtisadi inkişafını yalnız qonşu ölkələr səviyyəsinə deyil, ən inkişaf etmiş dünya ölkələri miqyasına çatdıraq. Kiçicik Sinqapur, Lüksemburq, Honkonq, İsveçrə, Tayvan sürətlə inkişaf edib yüksək səviyyəyə çatdılar. Bizim də məqsədimiz Azərbaycanı ən inkişaf etmiş dünya ölkələri səviyyəsinə çatdırmaqdır. Ölkə rəhbərliyinin qarşıya qoyduğu məqsədləri həyata keçirmək üçün alimlər konkret sxem hazırlamalı və hökumətə təqdim etməlidir.

N.Qurbanova: Sizin seximiniz var? Onun tətbiqinə nə mane olur?
- Əlbəttə, var, təqdim etmişik. Yəqin hökumət baxacaq. Biznesin dəstəklənməsi, yoxlamaların nizama salınması, innovativ inkişaf, tranzit iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üzrə fərman layihəsi vermişdim.

N.Ehlamqızı: Media vasitəsilə yayımlayırsınız, yoxsa dövlət qurumlarına təqdim edirsiniz?
- Media vasitəsilə də təqdim etdim, amma müvafiq qurumlara da göndərdim. İnvestisiyaların mənbəyinin müəyyənləşdirilməsi, valyuta rezervlərinin yenidən bölüşdürülməsi, faizlərin aşağı salınması və s. üzrə konkret mexanizm, təkliflərim var. Bu gün kreditlərin yüksək faizlə verilməsi problemdir. Aşağı faizli kredit olmadan ölkəni inkişaf etdirmək mümkün deyil.

N.Qurbanova: Ölkə başçısının yoxlamaların 2 illik dayandırılması ilə bağlı müvafiq qərarı qeyri-neft sektorunun inkişafına nə dərəcədə təsir edəcək?
- Çox ciddi təsir edəcək. Orta və kiçik biznes olmadan inkişafa nail olmaq mümkün deyil. İnkişaf etmiş ölkələrin hamısı orta və kiçik biznesin inkişafı əsasında bu vəziyyətə gəlib çatıb. İnkişaf etmiş ölkələrin ayrı-ayrı sahələr üzrə modellərini götürüb sistemləşdirmişəm. Məsələn, Türkiyə, Sinqapur kimi ölkələrdə orta və kiçik biznes ümumi daxili məhsulun ən azı 60-70 faizini təşkil edir. Bizdə isə bu rəqəm 15 faizə də çatmır. Azərbaycanı da bu səviyyəyə çatdırmaq üçün gərək orta və kiçik biznesin inkişafını təmin edəsən. Bunun iki tərəfi var: birinci, administrativ- inzibati tərəfdir. Prezident bunu dəstəkləyir, hər bir maneənin qarşısını almağa çalışır. İkincisi də iqtisadi tərəfdir, mexanizm qurulmalıdır. Sovet vaxtı istehsalı təşkil edəndə dövlət layihəni götürürdü, onun qiymətləri müəyyən olunurdu, öz maliyyəsi hesabına vəsait qoyub onu icra edirdi. Bunu insanları iş yeri ilə təmin etmək, məhsul istehsalı və sair kimi cəmiyyətin inkişafı üçün vacib faktor kimi edirdi. 1990-ci illərin əvvəllərində yaradılan Sahibkarlığa Kömək Milli Fondu var, bundan başqa elə bir ciddi tədbir alınmır. Administrativ olaraq da maneələr yaradılırdı. Milli Təhlükəsizlik Nazirliyinin sahibkarlara qarşı qanunsuz əməlləri aşkarlandı. Bunun nəticəsidir ki, sahibkarlıq ümumi daxili məhsulda 10-15 faizin formasında belə iştirak etmir. Mən 10 proqramın tətbiq olunduğu sistem yaratmışam. Türkiyə, İngiltərədə maliyyə, inzibati, təhsil, məsləhət dəstəyi verilərək həyata keçirilən proqramlar əsasında biznes inkişaf etdirilir. Bu proqramlara əsasən Azərbaycanda kiçik biznesin inkişafı yüksək səviyyəyə çatdıra bilsək, neft məhsullarının payı 40-50 faizə gəlib düşəcək. Biznesin asanlaşdırılması üzrə Azərbaycanı dünya miqyasında birinci yerə çıxara biləcək hazır model hazırlamışam.

“Yetişdirdiyim tələbələrin çoxu dünyanın nüfuzlu təşkilatlarında çalışırlar”

Aqil Lətifov: Maliyyə sahəsi üzrə Azərbaycanın birinci elmlər doktorusunuz. Yetirmələriniz varmı?
- Yetişdirdiyim tələbələrin çoxu dünyanın nüfuzlu təşkilatlarında çalışır. Beynəlxalq Valyuta Fondunda, Beynəlxalq Maliyyə Korporasiyasında işləyən tələbələrim var. Məndən sonra elmlər doktoru çox oldu, çalışdım ki, qalxsınlar, içərisində savadlısı da, zəifi də var.

A.Lətifov: İqtisadiyyat elmin inkişafı Sizi qane edir?
- Qane etmir. Bu, təkcə Azərbaycanın problemi deyil. Bütün islam dünyasında elm sahəsi böyük problemdir. Elm olmayan yerdə inkişaf ola bilməz. Müsəlman ölkələrində elm həddən artıq zəif olduğu üçün bu ölkələr inkişafdan geri qalır. Azərbaycan bu sahədə irəliləyiş etmək fikrindədir və çox ciddi tədbirlər görülür. Bu gün müsəlman ölkələri ilə müqayisədə Azərbaycanın inkişafı üçün görülən işlər olduqca böyükdür. Dünya ölkələri içərisində elmin inkişafı və elmə xərclənən məsrəflər üzrə araşdırma apardım, ilk 50 yerdə bir dənə müsəlman ölkəsinin adı yoxdur.

“Müsəlman anlamır ki, fəza artıq tutulub, sabah heç bir boş yer tapılmayacaq”

N.Ehlamqızı: Elmə din mane olur? Azərbaycanda din elmə müdaxilə etmir axı...
- Təyyarə təzə istehsal olunanda mollalar deyirdi ki, Allahın işinə qarışırlar. Azərbaycan peyk buraxdı, alimlərin iştirak etdiyi müzakirələrdə demək olar ki, 10 % onu müdafiə etdi. Başqaları hesab edirdi ki, peykdənsə 1 kq kolbasa daha faydalıdır. Peyk buraxılanda biz səmada yer tapa bilmədik, kirayə götürdük. Müsəlman anlamır ki, fəza artıq tutulub, sabah heç bir boş yer tapılmayacaq, başqa planetlər, onların bütün zəngin resursları artıq tutulub. Mənim dissertasiya mövzum Sovet İttifaqı ilə Azərbaycanın qarşılıqlı maliyyə əlaqələri ilə bağlı idi. O vaxt rəqəmləri məxfi saxlayırdılar. 1980-ci ilə qədər bütün iqtisadçılarımız, akademiklərimiz o fikirdə idi ki, Azərbaycan Moskvanın hesabına yaşayır, SSRİ-dən ayrılsa, çox pis vəziyyətə düşəcək. 1978-79-cu illərdə Ziyad Səmədzadə bu məsələləri qaldırdı, dedi ki, tam tərsinədir, Azərbaycanın mərkəzə daha çox vəsait verir, onun milli iqtisad elminin inkişafında çox böyük rolu olub. 1980-ci ildə Heydər Əliyevin Mərkəzi Komitənin fevral plenumumda çıxışı oldu, açıq şəkildə göstərdi ki, Azərbaycan Mərkəzi Fondların yaradılması üçün böyük miqdarda pul verir. Leninin milli siyasəti nəzərdə tuturdu ki, respublikaların inkişafını bərabərləşdirmək lazımdır. Yaxşı inkişaf edən respublikanın hesabına pis inkişaf edənləri saxlamaq taktikası yürüdürdülər. O zaman Heydər Əliyev məsələni qoydu ki, Azərbaycan yaxşı inkişaf edir, ancaq pis yerdədir, çoxlu miqdarda vəsaitləri mərkəz götürür, respublika özü aşağı səviyyədə yaşayır. Bu məsələləri Moskvada, Leninqradda çox qaldırdıq. Müzakirələr sırasında ciddi surətdə dedilər ki, katibiniz çox böyük risk edir. Ondan sonra milli iqtisad elmi inkişaf etməyə başladı. Bugünkü şəraitdə tədqiqatlar azdır. İqtisad elmi ilə məşğul olan 5-6 elmi-tədqiqat institutları, ali məktəblər var.

N.Ehlamqızı: Neftin qiymətinin düşməsi fonunda insanlar növbəti devalvasiyanın olacağı narahatlığı yaşayır. İkinci devalvasiya olacaqmı?
- Hesab edin ki, neftimiz yoxdur. Gürcüstanın, Ermənistanın nefti yoxdur, onlar devalvasiyaya uğramır, bizim bu qədər rezervimiz ola-ola niyə devalvasiyaya getməliyik? İnsanlar nahaq yerə panikaya düşür. Sərbəst bazar şəraitində valyuta balansında müsbət saldo olan ölkələrin valyutalarının dəyərdən düşməsi problem deyil. Tam əksinə valyutanın dəyərinin artması problemdir, ölkə iqtisadiyyatına pis təsir edir. Yaponiyada 25 ildir yenin kursunu aşağı salmağa çalışırlar. Ölkə bazarına dollar və ya başqa valyutalar daxil olur, digər tərəfdə isə manat kütləsi var. Bazara nə qədər manat kütləsi çox çıxarsan, manatın kursu düşəcək. Əksinə az çıxarıb dollar çox çıxarsan o zaman manatın kursu qalxacaq. Bu gün vəziyyət o səviyyəyə çatmayıb ki, dollar tamamilə azalsın, manat kütləsi çoxalsın. Bu gün manatın 1 qəpik də olsa, devalvasiyaya uğraması üçün şərait yoxdur.

“55 müsəlman ölkəsindən biri də fəza iqtisadiyyatı ilə məşğul olmur”

A.Lətifov: Beyin mərkəzi yaradılması istiqamətində düşünmüsünüz?
- Sosial şəbəkələrdə müzakirələr aparırıq. Feysbukda iqtisad məktəbi qrupu açmışıq. Bəlli tələbələrimizlə müzakirələr aparırıq. Əslində beyin mərkəzi ideyası yaxşıdır, müzakirələr aparıb ictimaiyyəti məlumatlandırmaq olar. Mentalitet anlayışını beyindən silmək lazımdır. Müsəlmansayağı tendensiya ilə fəaliyyət göstərsək, irəli gedə bilməyəcəyik. 55 müsəlman ölkəsi var, onlardan biri fəza iqtisadiyyatı, tədqiqatlarla məşğul olmur. Belə bir hədis də var “1 gün elm öyrənmək 40 il ibadətdən üstündür”. Beyin, qafa hesabına hər şey yaratmaq olar. Bu gün Prezident çox düzgün mövqe tutur, biznesə, insanlara şərait yaradır. Müstəqillik qazandıqdan sonra Azərbaycandan çıxıb gedən biznes adamlarından 6-7 milyarder var. Amma bu gün Azərbaycanda 1 nəfər də olsa, milyarder yoxdur. Bunun səbəblərini araşdırmaq lazımdır. Bunun səbəbi keçmiş MTN-çilərin “fəaliyyəti”dir. Sahibkarları incitməklə, qanunsuz yoxlamalarla onları ölkədən qaçırırlar.

N.Ehlamqızı: İdeyalarınızı hansı ölkələrə satırsınız?
- Rusiya, Türkiyə, Koreya, Çin şirkətlərində məsləhətlər veririk.

“Gənc iqtisadçıların çoxunun düşüncələri bərbaddır”

D.Əhməd: Yeni nəsil iqtisadçılar köhnə nəsli qəbul etmir. İddia edirlər ki, dünyada baş verən trendi tuta bilmirlər. Sovet dövründə uğur qazanan iqtisadçıları yeni dönəmə uyğunlaşa bilməməkdə ittiham edirlər.
- Mən də elmi işimi Sovet dövründə müdafiə etmişəm. Gənclər gəlsin, müzakirələrə açığam, söhbət edə bilərik. Gənc iqtisadçıların çoxunun düşüncələri bərbaddır.

A.Lətifov: Vüqar Bayramov, Qubad İbadoğlunun proqnozlarını izləyirsiniz?
- Vüqar Bayramov tələbəm olub, onun opponenti olmuşam. Vüqar öz üzərində işləyir, onda inkişaf hiss olunur. Qubad İbadoğlu da tələbəm olub. Amma daha çox siyasətə meyllidir. Ümumiyyətlə, gənclərin tədqiqatlarında elə bir ciddi yenilik hiss etmirəm. Kənara çıxan azərbaycanlı iqtisadçılar arasında savadlıları daha da çoxdur, daxildə o qədər nəzərə çarpmır. Olsa idi, bugün bir neçə iqtisadi modellə tanış olmalı idik.

A.Lətifov: Siz nə əcəb heç bir ölkəyə birdəfəlik fəaliyyət üçün getmədiniz?
- Bir az ABŞ-da, bir az Avropada, Türkiyədə işlədim. Övladlarım böyüdü, çox gedə bilmədim.

“Azərbaycanda ingilis və rus dillərinin dövlət dili elan olunmasını təklif etmişdim”

- Azərbaycanda iqtisad elmini gücləndirmək üçün nə etmək olar?
- İngilis dilini bilməyən çox yüksək səviyyəli iqtisadçı ola bilməz. Çünki ədəbiyyat, mənbələr bu dildədir. Azərbaycanda ingilis və rus dillərinin də Azərbaycan dili ilə yanaşı dövlət dili elan olunmasını təklif etmişdim. Hesab edirəm, bu, bütövlükdə elmin inkişafına ciddi təkan olacaq. Dünyanın sürətlə inkişaf etmiş ölkələrində bir neçə dil dövlət dilidir. Sinqapurda 5, İsveçrədə 4 dil dövlət dilidir. Xüsusilə, bizim üçün xarici dil vacibdir. Rus və ingilis dilini bilməmək qəbahətdir. Hətta Afrikanın kəndlərində ingiliscə danışan adam tapmışam. O şərti də qoymaq lazımdır ki, dövlət məmuru olan hər kəs dövlət dillərinin hamısında danışmalıdır. Vaxtilə Ukraynada alimlərlə mübahisələrimiz düşəndə deyirdim ki, dilə görə özünüzü məhv edəcəksiniz. Ukrayna dili rus dilindən çox fərqlənmir, konfliktin nəticəsi də hamısı elə şeylərdən gəlib çıxdı. Digər tərəfdən, böyük iqtisad alimlərini ölkəmizə dəvət etməliyik, bizim gənc alimlərimizi aparıcı universitetlərə göndərmək lazımdır.

N.Ehlamqızı: Ailə üzvlərinizdən yolunuzu davam etdirən var?
- Övladlarım üçü də iqtisadçıdır, banklarda, sığorta təşkilatında işləyirlər.

“İqtisadiyyatımız bu səviyyəyə çatmasaydı, qonşu ölkələr çoxdan Azərbaycanı “yemişdi””

A.Lətifov: İqtisadiyyatda siyasət nə dərəcədə rol oynayır. Siyasət birincidir, yoxsa iqtisadi elmin tətbiqi?
- İqtisadiyyat və elmin tətbiqi birincidir. Siyasi islahatları kənara çəkmək olar. Çin islahatları iqtisadiyyatdan başladı, indi artıq dünya nəhənginə çevrilmək üzrədir, SSRİ siyasətdən başladı və dərhal dağıldı. Azərbaycan iqtisadi cəhətdən zəngin resurslara malikdir. Ölkəmizin olduqca böyük imkanları var, hamının gözü buradadır. Geostrateji cəhətdən Azərbaycan elə yerdə yerləşir ki, hamı gəlib buradan keçməlidir. Sanki 20-30 kişinin əhatəsində bir qadın dayanıb, hamı gözünü ona dikib. Bu gözəlliyi də qoruyub saxlamaq üçün iqtisadi potensialı gücləndirmək lazımdır. Azərbaycan İsveçrə və Sinqapur kimi səviyyəsinə gəlib çatanda müstəqilliyimizin təhlükə altına düşməsi müzakirə mövzusu belə olmayacaq. Azərbaycan müstəqillik dövründə çox böyük nailiyyətlər əldə edib. İqtisadiyyatımız bu səviyyəyə çatmasaydı, qonşu ölkələr çoxdan Azərbaycanı “yemişdi”. Bizim hakimiyyətdə olduğumuz dövrdə qonşu ölkələrlə, xüsusilə, Rusiya və İranla ciddi problemlər yaranmışdı. Heydər Əliyev ustalıqla situasiyanı sakitləşdirə bildi. Siyasəti emosiya ilə idarə etmək olmaz, qərarı nəticəyə görə soyuq ağılla vermək lazımdı. Əgər siyasətçi beynində olan planını açıq şəkildə deyirsə, o, siyasətçi deyil. Mən Heydər Əliyevlə də işləmişəm, onunla Moskvaya getdim. O vaxt prezident Boris Yeltsin idi, bizə münasibəti çox mənfi idi. Heydər Əliyev brifinqdən sonra dedi ki, rus xalqı böyük xalqdır. Sadəcə heç bir məsrəf tələb etməyən xoş sözlər idi, səhər Prezident Aparatında bizi görənlər deyirdi ki, bu, bizim dostumuz, böyük adamdır. Beləliklə, münasibətlər yavaş-yavaş düzəldi. İranla da vəziyyət çətin idi, düzəldi. Azərbaycanın düşməni yoxdur, bütün ölkələrlə münasibətlər iqtisadiyyatın inkişafına yönəltməlidir. Çinin bugünkü siyasəti, eləcə də bizdə olmalıdır. İqtisadiyyatı gətirib inkişaf etmiş vəziyyətə çatdıranda müstəqilliyə təhlükə ümumiyyətlə müzakirə mövzusu olmayacaq. Heç siz eşitmisinizmi ki, İsveçrənin, Sinqapurun, Lüksemburqun, İsrailin və ya BƏƏ –nin müstəqilliyi təhlükə altında ola bilər?

A.Lətifov: Sizə vəzifə təklifi olub?
- Olub, amma, bəzi hallarda təklif verənləri qane etməyib, bəzən də məni..

“Partiyaların əksəriyyətindən təklif almışam”

N.Ehlamqızı: Vəzifədə olmayan ziyalıları isə müxalifət öz tərəfinə çəkməyə çalışır. Müxalif cameə onların sırasında olmaq üçün Sizə müraciət edib?
- Partiyaların əksəriyyətindən təklif almışam, amma gördüyünüz kimi getməmişəm. Məni qane edən lider olsa, onunla işləyə bilərəm. Heç vəzifəsi də lazım deyil. 2003-cü ildə İsa Qəmbərə islahatların dərinləşdirilməsi istiqamətində hazır sənəd olaraq qanun, qərar, fərmanlar verdim. Heç bir reaksiya olmadı. Belə başa düşdüm ki, heç nə anlamadılar. Prezident postunu tutan şəxsdən daha mütərəqqisini görmürəm. Elmi dəstəkləyən adamdır, mütərəqqidir, istiqaməti görür. Hara gedirəm xaricdə Bakının gözəlliyindən danışırlar. Heç kəsin ağlına gəlməzdi ki, Azərbaycanda peyk buraxılsın, nüvə tədqiqatları institutu yaradılsın, kosmos sənayesinin inkişafı haqqında qərar verilsin.

D.Əhməd: Hesabatların, rəqəmlərin içərisində fiziki yorğunluğunuzu necə çıxarırsınız?
- İsrail Prezidenti Şimon Peres bir məqaləsində yazır ki, istirahətimi məşğuliyyət növünü dəyişməklə edirəm. Məndə də o cürdür. 14-16 saat iş başındayam. Çox oxuyanda yoruluram, götürüb nə isə yazıram, təbabətdən, incəsənətdən oxuyuram, sosial şəbəkələrdə çalışıram. Bir də idmana və sağlamlığa vaxt çatdırıram.

Nərgiz Ehlamqızı
Foto: Elçin Murad


Müəllif: