21 Noyabr 2015 12:19
4 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Brifinq"in qonağı Xalq artisti Gülyanaq Məmmədovadır. Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi olan Gülyanaq xanımdan indiyədək çox müsahibələr alınıb, amma Şəkinin Böyük Dəhnə kəndində anadan olan qızcığazın Bakıya gəliş hekayəsi çoxlarına bəlli deyil. Xalq artisti fəxri adına qədər bir çox mükafatlara layiq görülən, bacısı Gülyaz Məmmədova ilə daim birgə addımlayan Gülyanaq Məmmədova tək ifasını, bu yaxınlarda isə "Leyli" obrazını da tamaşaçılara təqdim etdi. Redaksiyamıza həyat yoldaşı və oğlu ilə təşrif buyuran Gülyanaq Məmmədova ilə maraqlı müsahibəni təqdim edirik.

Nərgiz Ehlamqızı: Gülyanaq xanım, ötən ilin sonunda fəxri ad aldınız, bu il "Leyli" obrazını canlandırdınız, başa vuracağımız 2015-ci il nə dərəcədə uğurlu oldu?
- Keçən ili yola salar-salmaz bizə sevinc bəxş olundu. Sağ olsun cənab Prezidentimiz bizi yüksək fəxri adla təltif etdi. Uğur uğurun ardınca gəldi, bu il "Leyli" obrazını ifa etdim. Şükürlər olsun, tamaşamız yüksək səviyyədə keçdi. Tamaşadan dərhal sonra mart ayında ABŞ-a səfər etdim, San-Fransisko, San-Diyeqoda konsertlərim oldu, Novruz bayramı ərəfəsində çox maraqlı konsert proqramı ilə çıxış etdim. Vətənə dönəndə aprel ayında ikinci dəfə "Leyli" obrazına dəvət aldım. Tamaşaçı istəyi çox oldu deyə tamaşanı yenidən oynadıq. Bu il də uğurlarımız çox oldu. İlin sonunadək solo konsert vermək istəyirdik, baş tutmadı, təşkilati baxımdan gecikdik. 2016-cı ilin əvvəlində bu arzumuzu həyata keçirmək niyyətindəyik. Mədəniyyət və İncəsənət Universitetinin muğam kafedrasının baş müəllimiyəm, işimdən çox razıyam, gələcəyimiz üçün səhnəmizə yeni muğam ifaçıları yetişdiririk. İstəyirik ki, yaxşı səslər gəlsin. Əlbəttə, hamısı yaxşı olmaz. 2-3 yaxşı ifaçının olması belə səhnəmizin qazancıdır. Gülyaz xanım da, mən də muğam müsabiqəsinə kadrlar veririk ki, tələbələrimiz öz istedadlarını göstərə bilsinlər. Muğam müsabiqələrinin keçirilməsi ürəyimizi açır. Gənclər hələ tanınmır deyə efirə çıxa bilmirlər, muğam müsabiqəsi ilə potensialları göz qabağında olur. 3-4 ay müsabiqə boyunca artıq öz sözlərini deyə bilirlər, tamaşaçı tərəfindən sevilməyə başlayırlar. Birinci xanımımız Mehriban xanım Əliyevaya çox minnətdarıq ki, belə bir müsabiqə təşkil etdi.

N.Ehlamqızı: Bir çox xanəndə "Leyli" obrazının arzusunda olur. Kimisinə bu və ya digər səbəbdən oynamaq qismət olur, bir çoxuna yox. Sizə bu təklif necə gəldi?
- Mənə 20 ildir təklif gəlirdi, bu dəfə mən təklif etdim. Elə jurnalistlər həmişə sual verirdi ki, niyə "Leyli" rolunu canlandırmırsınız? Bəlkə də, bir növ arxayınçılığım vardı ki, bacılardan biri, Gülyaz xanım 1993-cü ildə oynamışdı. Elə Mənsum İbrahimovla bacım "Leyli və Məcnun" kimi səhnəyə eyni vaxtda atılmışdı. Onların məşqi gözümün önündə keçib. Həm də Polad Bülbüloğlu Mədəniyyət və Turizm naziri olduğu dövrdə Azərbaycanda tapılmırdıq, həmişə qastrol səfərlərində idik. Almaniya, Avstriya, Fransa, Estoniya, Rumıniya, Türkiyə kimi ölkələrdə konsertlərimiz çox olurdu. Həmişə də Polad müəllim xaricdəki konsertlərə sevə-sevə bizi dəvət edirdi. Hətta jurnalistlər sual verirdi ki, niyə bu bacıları göndərirsiniz? O da deyirdi ki, onların səhnə mədəniyyəti, geyimi, ifası hərtərəfli şəkildə tamamlandığı üçün məhz bu kadrları seçib aparıram. Bir sözlə, işimiz o qədər çox idi ki, bəlkə də sıx qrafikə görə vaxt tapıb "Leyli"ni oynamağa can atmırdım. Sonra da ailə qurdum. Ailə, övlad məsuliyyəti önəmlidir. İşlərimin 50 faizini təxirə saldım. Bir qadın üçün ana olmaq da vacibdir. Ona görə də "Leyli" rolunu gec ifa etməyə qərar verdim. O da birdən alındı.

"Leylidən doymadım"

Qurban Yaquboğlu: Daha oynamırsınız?
- Mən Opera və Balet Teatrının solisti deyiləm, öz təklifimlə getdim, teatrın direktoru məni yüksək səviyyədə qarşıladı. Dedi ki, ilk dəfə kimsə qapımı açıb "Leyli"ni oynamaq istədiyini söyləyir, sizi çox istəyirik, "yox" deyə bilmərik. Teatrın rəhbəri Akif Məlikov başda olmaqla, bütün kollektivə, rejissora, orkestrə, dirijora, truppaya təşəkkür edirəm. Şükürlər olsun, tamaşam uğurlu alındı. Amma onu deyim, heç doymadım. "Leyli" o qədər gözəl obrazdır ki... Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası milli operamızın şah əsəridir. Obrazın özü, musiqisində sevgi, kövrəklik, həsrət - hər şey var deyə insan "Leyli"dən doymur. Həmişə düşünürdüm ki, sənətçilərimizin hər biri "Leyli"ni 10-15 dəfə oynadıqca bu obraza alışıblar. Amma mən çoxdan bu rola can atırdım, daxilimdə həmişə "Leyli"ni canlandırmışam. Həm də Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik ixtisası ilə yanaşı aktyorluq fakültəsini də bitirmişəm. Filmlərimizi də seyr edəndə, tamaşalara da baxanda təbiiliyi sevirəm, obraza ürəkdən yaşantı verəndə səmimi olur. "Leyli"ni oynamaq üçün səs kifayət etmir, xanəndə bu obrazı canlandıranda Leylinin iztirabını yaşamalıdır. O, ağlamağı da, sevməyi də bacarmalıdır. Bu əsərdə ata, anaya olan hörmət, tərbiyəvi məsələlər var. Dahi Üzeyir bəy bu əsərdə hər şeyə toxunub. İndi də "Leyli"dən danışanda kövrək oluram. Açıq danışmağı, səmimiyyəti xoşlayıram, hər dəfə hansısa rol üçün müraciət etdikcə, gərək təşkilati işlərlə də məşğul olum. Afişa vurulması, biletlərin satılması məsələsini də üzərimə götürməliyəm. Çox istəyərdim ki, teatrımızın administrativ heyəti bilet satışı və digər təşkilati işlərlə məşğul olsun. Heç bir təmənna güdmürəm, gedib oynayaram. Allaha şükür ki, afişalarım vurulanda, reklamlar gedən kimi biletlər satıldı. Tamaşaçının operaya belə axını varsa, deməli, operalarımız həmişə sevilir, insanlar mədəniyyətimizə, incəsənətimizə maraq göstərir. 2 tamaşa oynadım, 1 yer belə boş qalmadı. Hətta deyəsən, 1 yerə 3 bilet satılmışdı, ayaq üstə qalmışdılar (gülür). O da mənim günahım deyildi, hörmətli rektorum Fərəh Əliyeva ayaq üstə qalmışdı, ona dəvətnamə vermişdim, amma çıxarıb bilet göstərmişdilər ki, bu yer mənə satılıb. Bu, digər tərəfdən gözəl hadisədir, deməli, tələbat çox imiş. Şəkidən öz istəyi ilə qonaqlar gəlmişdi, hətta qapıda qız ağlayırmış ki, "mənə də bilet verin". Kimdənsə 2-3 qat baha qiymətə alıb zala daxil olmuşdu (gülür).

Dilqəm Əhməd: ABŞ-dakı konsertinizdə dinləyicilər ifanızı necə qarşıladı?
- Hələ 1993-95-ci illərdən səfər etdiyimiz ölkələrin vətəndaşlarına konsert vermişik. Azərbaycanlılar, türklər, İran azərbaycanlıları az olub. ABŞ-dakı son konsertimizdə isə amerikalılar da vardı, amma əsasən "Azərbaycan" cəmiyyətinin ətrafında birləşən həmyerlilərimiz gəlmişdi. Novruz bayramına həsr olunmuş konsert olduğu üçün hər insan da dost-tanışını qonaq gətirmişdi ki, bizim milli musiqilərimiz, rəqslərimiz, geyimlərimizi onlara göstərsinlər. Hətta Kanadadan çox yüksək səviyyədə hazırlanmış rəqs qrupu mənimlə birgə o konsertdə çıxış elədi. Onların rəqslərinə heyran qaldım. Bir neçə çıxışımdan sonra nəfəs almağım üçün ara-sıra rəqslər oldu. Tək 2 saat 40 dəqiqə solo konsert verdim. Amerikalılar heyranlıqla baxırdı. Musiqimiz o qədər şirindir ki, melodiyalarımız, "Şur", "Çahargah", "Segah"ımız kiminsə xoşuna gəlməyə bilməz. Səmimiyyətlə gəlib təşəkkür edir, şəkil çəkdirirdilər. Təəssüf edirəm ki, neçə illər xarici ölkələrdə oldum niyə ingilis dilini öyrənməmişəm. Deyirəm, heç olmasa övladlarımda o səhvə yol verməyim, onları ingilis dilinə yönəldim. 1995-ci ildə boğazımı açıb baxırdılar ki, nə aparat qoymusan, o zəngulələr, cəh-cəh necə səslənir? Deyirdilər ki, insan boğazında o texnika ola bilməz. Xaricdə yaşayan həmvətənlərimizdə hətta bizim Azərbaycanda eşitmədiyimiz mahnıların valları var. 1995-ci ildə İsveçdə olanda Şövkət Ələkbərovanın mahnısını öyrənmişdim.

Cahangir Cahangirova məxsus mahnını Gülyanaq Məmmədova zümzümə edir...

Sevə-sevə gəzdim mən elləri,
Qara telə düzdüm mən gülləri,
Baxa-baxa yollara, axtarıram səni mən...

Bu mahnı indi oxunmur axı. Hətta "Çırpınırdı Qara dəniz" mahnısını heç kim ifa etmirdi, 1995-ci ildə xaricdə öyrəndim, gəldim Azərbaycanda bir neçə tədbirlərdə oxudum, Azərin xanım onu geniş işıqlandırdı. Təəssüf etdim ki, bunu ilk mən başlamışdım, niyə davam etmədim (gülür). Əlbəttə, bütün bunlar hamısı bizim uğurumuzdur.

"Həmin gündən ulu öndərimiz bizi "bacılar" adlandırdı"

Aqil Lətifov: İki bacının eyni səhnəni paylaşması necə hissdir? Bacınız Sizin yüksəkliyə qalxmanızda hansı rol oynayıb?
- Gülyaz xanım məndən əvvəl də ifa edib. Bizi bu cığıra salan böyük bacımız Rəhimə olub. O, Asəf Zeynallı adına musiqi kollecində Nəriman Əliyevin sinfində təhsil alıb. O cür səsi var, ailə qurdu, kənd yeridir, oxumağa icazə vermədilər. Gülyaz xanımla biz uşaqlıqdan əl-ələ tutub cüt oxuyurduq. 1982-ci ildə "Şəlalə" xalq çalğı alətləri ansamblı ilə teleteatrda çəkilmişik, "Azərbaycan gəncləri" mahnısını ifa etdik. O vaxtlar mən elə də gözəl oxuya bilmirdim, Gülyazın muğam üçün avazı vardı, ifa edirdi, mən bacarmırdım, ondan öyrənirdim. Amma necə olurdusa, müsabiqələrə gələndə, Gülyaz ya soyuqlayırdı, ya da maşında ürəyi bulanırdı deyə haldan düşürdü, mənsə oynaya-oynaya birinci yerə çıxırdım (gülür). 9 yaşında "Azərbaycan gəncləri" mahnısı ilə müsabiqədə qalib olmuşdum. Professional səhnədə isə ilk dəfə bizi "Heyratı" muğamı ilə ustadımız, Xalq artisti Kamil Vəzirov birləşdirdi. İlk olaraq Mahnı teatrında Gülyaz xanım çalışırdı, 1993-cü ildə Opera və Balet Teatrına "Leyli"ni oynamağa getdiyi üçün öz yerinə məni məsləhət gördü, məni də bəyənib seçdilər. 1997-ci ilədək ayrı-ayrı ifa etdik, həmin il Kamil müəllim bizi yenidən birləşdirdi. Ulu öndərimiz Heydər Əliyevin qarşısında "Heyratı" muğamı ilə çıxış elədik və həmin gündən ulu öndərimiz bizi "bacılar" adlandırdı. Hər dəfə soruşurdu, hansı Gülyanaq, hansı Gülyazdır? (gülür). Bizə dedi ki, mən bu gündən bu qızlara "bacılar" deyirəm, qoy Azərbaycanın bacıları olsunlar. İnsanlarımız sağ olsun, o vaxtdan hara gedirik, hər kəs bizi öz bacıları kimi qəbul edir, bu hörməti həmişə görürük. Bizim duetlərimiz uğurlu olub. Düzdür, tək ifada öz sözümü daha rahat deyə bilirəm. Çünki ixtiyarım öz əlimdə olur. Amma tərəf müqabili olanda qarşıda böyük mədəniyyət dayanmalı, bir-birini anlamalısan. İstər bacım olsun, istərsə də başqa tərəf müqabili, onu səs diapazonu ilə əzib keçmək düzgün deyil. Ona oxumağa imkan verməməyim, səsimi ondan yüksək qaldırmağım doğru olmaz. "Bu şəhərdə" bizi yamsılayır, o cür etmirik (gülür). Hərəyə Allah bir cür səs diapazonu verir, bacıyıqsa, bu, o demək deyil ki, səsimizin rəngi eynidir. Kimin səsinin diapazonunun gücü hara qədər yetirdisə, bölgüləri o cür edirdik.

A.Lətifov: Aranızda narazılıq yaranırdı?
- Olurdu, bölgü məsələsində elə qəşəng mübahisələrimiz olurdu ki. Böyük kimi həmişə ona haqq qazandırmışam, danlanmışam. Amma Gülyaz məni yerində danlayıb. Çünki mən həmişə ondan öyrənmişəm, onu əzə bilmərəm axı.

Nərmin Muradova: Hansınız dəcəl olmusunuz?
- Mən dəcəl idim (gülür).

N.Ehlamqızı: Böyük bacınıza bu sənəti davam üçün icazə verilməsə də, Gülyaz Məmmədova artıq Bakıda idi, oxuyurdu. Kənddən Bakıya gəlmək, təhsil almaq, xüsusilə musiqi sahəsində fəaliyyət üçün ailənizi necə razı saldınız?
- Atamla anam bir az etiraz edirdi. Amma həm də oxumağımızı istəyirdilər, çünki uşaqlıqdan bacarığımızı görürdülər. Hətta Şəkinin katibi Sevil xanım düz məhəlləmizə qədər gəlirdi ki, icazə verin, axı bu qızların gələcəyi var. Məktəbdə müəllimlərim, Şəkinin mədəniyyət evinin müəllimləri bizə dəstək verirdi. Dərsdən gəlib tütün sahəsində işləməyə gedirdik, uzaqdan motosiklet gələndə deyirdilər ki, Gülyanaqla Gülyazın dalınca gəlib. Hansısa tədbirə gedəndə özlüyümdə deyirdim ki, sahədəki yoldaşlarımızdan aralı qalacağıq. Amma tədbirdən qayıdıb səhəri gün 2 saat qabaq sahədə qalan işimizi görürdüm. Sahə işi elədir ki, hamı cərgə ilə birgə hərəkət eləməlidir. Müsabiqələrdə yer tutan kimi atam deyirdi ki, deməli, bunların gələcəyi var, eybi yox, gedib oxusunlar. Qardaşım Əsədullah bizə çox dəstək olurdu, o, əlimizdən tutub müsabiqələrə aparırdı.

N.Muradova: Şəkidən Bakıya qaçıb gəldiyinizlə bağlı əfsanə yaranmışdı, deyilənlər doğru idi?
- İstəyirdilər ki, qız uşağıyıq Bakıya gəlməyək, ailə quraq. Hər bir ata-ana istəyir ki, övladının adı təmiz, ailəsi, gələcəyi yaxşı olsun. Buna görə də məni dayım oğluna nişanlamışdılar. Bir il ağlayıb sızladım, məni eşidən olmadı, dedilər ailə qurmalısan, vəssalam, ata-ananın sözü yerə düşməməlidir. Dayım oğlu da yetim idi, atam deyirdi ki, kimə yox deyim? Böyük bacım ailə qurmuşdu, onun təhsilini yarımçıq qoyduqları üçün deyirdim heç olmazsa, mənim arzumu gözümdə qoymayın. Amma Gülyaz oxuyurdu, onunla məktublaşırdıq. Gülyaz deyirdi ki, mən deyərəm gəl, amma atamla anamın sözünü yerə sala bilmərəm. Hey ağladım, sızladım, nəhayət, qərar verdim, toya 2 gün qalmış Bakıya birbaşa öz məqsədimin ardınca qaçdım (gülür). Hətta cehizim getmişdi. İndi o günlər barədə gülə-gülə danışıram, amma o vaxt məni görən olsaydı, dəli kimi başımı tutub ağlayırdım. Anama da yazığım gəlirdi, bizdə ata-anamıza böyük hörmət var, amma onları başa sala bilmədiyim üçün bu yola əl atdım. Orta məktəbi bitirən kimi klubda işləyirdim, işə getmək adı ilə evdən çıxmışdım. İmtahan vermişdim, dedim nəticəni gözləyək, bəlkə qəbul oldum. Biz imtahan verəndə, test üsulu ilə imtahanın ilk ili idi. İmtahana qardaşım aparmışdı. Heç nəticəni gözləmirdilər. Kənddə deyirdilər ki, tez toyu edin, aparaq, nənəyə baxsın. Nənəm xəstə idi, ona baxmalı idim, ona görə toyu etməyə tələsirdilər. Nənəm dünyadan məndən küsülü köçdü, amma kəndə gedəndə mütləq qəbrini ziyarət edirəm.

Q.Yaquboğlu: Bağışlamadı?
- Yox, bağışlamışdı, sonra deyirmiş ki, Gülyanağa dəyməyin, qoyun oxusun, biz səhv etmişik.

"Sübut etdim ki, insan istəyinin dalınca gedə bilər"

N.Muradova: Bakıya bacınızın yanına gəldiniz?
- Bacımın yanına gəldim, 10-15 gün sonra imtahanımın nəticəsi bəlli oldu, 420 balla Milli Konservatoriyaya qəbul olmuşdum, amma arzum Nəriman Əliyevin sinfində təhsil almaq olduğu üçün Asəf Zeynallı adına kollecdə oxumağa getdim. Dedim, bünövrədən başlamalıyam. Beləcə, Şəkidən qaçmışam, heç peşman da deyiləm, məni o vaxt qınayanlar deyir yaxşı ki, qaçmısan (gülür). Bütün Şəki deyirdi ki, gəlin qaçdı. Cehiz getmişdi, ev də bəzənmişdi, amma sübut etdim ki, insan istəyinin dalınca gedə bilər. 20 il öncəyə getsəydik, bəlkə mən də qaça bilməzdim. Amma 1990-cı illərdə müharibə şəraiti olsa da, müasir dövr idi, inkişaf, dəyişiklik olurdu. Tələbəlik illərim də çətin oldu, çörək növbələri vardı. İstedadım, diribaşlığımla özümü doğruldub çörəyimi tez tapmağa başladım. Atamla anama deyirdim ki, ipək qurdundan daha əl çəkin, sizi əziyyət çəkməyə qoymayacağam.

A.Lətifov: Ailənizlə nə vaxt barışdınız?
- Atam dalımca gəldi, dedi gəl, narahat olma, söz-söhbət yayılıb ki, kiməsə qoşulub qaçıb, amma gedək görsünlər ki, sən arzunun arxasınca qaçmısan, qəbul da olmusan, evimizdəsən. Atamla kəndin içində gedəndə pıçıldaşırdılar ki, qaçmayıbmış. Cürbəcür şayiələr yayılmışdı, biri deyirdi özünü qayadan atıb. Sən demə “Qız qalası” əfsanəsi mənim adımla bağlı imiş, Gülyanaq özünü qaladan atıbmış. Dedim atmamışam, mən o Gülyanaq deyiləm (gülür). Soruşdum ki, məni ailə qurmağa məcbur etməyəcəksiniz? Kənddə toyun bütün tədarükü görüldüyü üçün dayım oğluna Gülyanaq yox, Güləbatın adlı gözəl gəlin gətirdilər. Güləbatının evində dəfələrlə qonaq da olmuşam, danmaq olmaz, bir nəslin övladlarıyıq, dayım oğlu canım-ciyərimdir, onu sevməmişəm, o da bilirdi ki, oxumaq istəyirəm. Dayılarım, xalalarım hamısı məndən incik idi, bu küskünlük 1-2 il davam elədi. Dayımın o biri oğlunun toyunda birbaşa maşını toy evinə sürüb barışığı orada elədim. Hamı məndən küsülü idi, məclisə girdim, hər kəsi qucaqlayıb öpdüm ki, dayımın balasının toyuna gəlmişəm. Məni alqışladılar ki, sən düz yol tutmusan. Onları da qınamıram, ata yurdunda layiqli gəlin istəyirdilər, nənəmin yolunu davam edəcək, yetim qalmış dayımın övladlarına dəstək olacaq insan arzulayırdılar. O bacarığı bəlkə də məndə görürdülər, işgüzar olmuşam, təndirə çörək yapırdım, yemək bişirirdim, sahədə çalışırdım, dərs də oxuyurdum. İndi düşünürəm ki, o qədər işlə dərsi necə oxumuşam, deməli, istəyəndə olur.

N.Muradova: İndi də övladlarınıza da vaxt ayırırsınız, işinizi də görürsünüz, hər şeyi çatdırırsınız...
- Bəlkə də, kəndin enerjisidir. Hərdən həyat yoldaşım sual verir ki, yorulmursan? Deyirəm, yox, işimin uğuru olanda yorulmuram. Uğursuz işim olanda isə elə bilirəm dünyanın dərdi mənimlədir.

A.Lətifov: Filmlərə çəkilmək istəyərsiniz?
- Aktyorluq həvəsi məndə çoxdur. Yaxşı filmdə obraz yaratmaq istəyərdim.

"Şəmkirin Şiştəpə kəndində 11 saat Gülyazla dayanmadan oxumuşuq"

N.Muradova: Həyat yoldaşınız icazə verər?
- Məncə verər, özündən soruşun, məndən niyə soruşursunuz? (gülür)
Gülyanaq xanımın həyat yoldaşı Ziya bəy kiçik replika atır: Roldan asılıdır.
Gülyanaq xanım davam edir: Açıq deyəcəyəm, bizi bilirsinizmi yoran nədir? Sağ olsun, xalqımız sevir, toylara dəvət edir. Bunu danmaq olmaz, toylara gedirik, çörəyimizi toylardan qazanırıq. Diqqət mərkəzindəyik, qazanca ehtiyacımız var ki, tələbatımızı ödəyək. Biz toyla yanaşı dövlət tədbirlərinə dəvət alırıq, makiyaj, geyim xərclərimiz, lent yazıları var. Xalq da müğənnini yeni repertuar, ifa ilə sevir, geyimləri diqqət önündə olur. Belə tələbatları ödəmək üçün toylara üz tuturuq, amma toylar səsimizi yorur. Toy olub ki, Şəmkirin Şiştəpə kəndində 11 saat Gülyazla dayanmadan oxumuşuq. Səhər səsimiz pis vəziyyətdə idi. Ona görə də, qərara aldım ki, 5 toydan ikisinə gedək, özümüzü qoruyaq. Bizdə həm də şöhrətpərəstlik var. Deyirlər filan müğənni bahalı maşından düşdü. Bu gün 80 minlik əvəzinə 10 minlik maşın da sürə bilərəm. Mənim elə bir ədam yoxdur. Bizdə deyirlər baxaq müğənni hansı maşından düşdü, nə geyindi? Sonra səsinə, insanlığına qiymət verilir. İfaçı 70 yaşına qədər də çalır, əl yorulsa belə asta ifa edəcək. Səs elə şeydir ki, yaş özünü göstərir, iki nazik teldir, o, qırıla da bilər. Səsi verən Allah ala da bilər. Başıma da gəlib, toyda səsim oxuduğum yerdə dayanıb, həyəcan keçirmişəm ki, nə edəcəyəm? Sağ olsun, Gülyaz xanım kömək edib, vəziyyətdən çıxmışıq, bu da toylardakı yorğunluğun nəticəsidir. İndi ağlım başıma gəlib, dalbadal toya getmirəm, şükür Allaha gözüm toxdur, dünya malında gözüm yoxdur, sadəcə, tələbatımızı ödəmək üçün toylarda iştirak edirik.

N.Muradova: Həyat yoldaşınızla necə tanış olmusunuz?
- Türkiyədə tanış olmuşuq. Polad Bülbüloğlu nazir olan zaman Aygün Kazımova, Bilal Əliyev, Gülyaz və məni konsertə dəvət etmişdi. Yoldaşım, anası və qardaşı konserti izləməyə gəlibmiş, səhəri gün təsadüfən şəhərdə gəzərkən qaynım bizi qonaq apardı ki, gedək 1 stəkan çay için yorulmusunuz. Süfrə açmışdılar, yedik içdik, Gülyazla durub qabları yuduq. Yoldaşımın anası dedi bunlar nə yaxşı qızlardır. Qaynım soruşdu ki, sən qonaqlarımızı tanımadın, dünən səhnədə oxuyan bacılardır da. O da qayıtdı ki, nə danışırsan, dünən hündürboy görünürdülər, indi bapbalaca uşağa oxşayırlar ki. Deyirdi ki, müğənni də qab yuyar? Deməli, tərbiyə görmüş qızlardır. Mənə əziyyət vermirlər. Qab yumağın oduna düşdüm, mənə elçi düşdülər. 5 il də naz elədim, gördüm doğrudan, məni sevir, razılıq verdim, peşman da deyiləm. Övladlarıma çox gözəl atadır, məni də qoruyur.

D.Əhməd: Qeydiyyatınız Şəkiyədir, yoxsa Bakıya?
- Bakıda Yasamal rayonunda qeydiyyatdayam.

"Seçkilərdə Ülvi Quliyevə səs verdik"

D.Əhməd: Parlament seçkilərində kimə səs verdiniz?
- Deputatımız Ülvi Quliyev seçildi. Səs verən gün məntəqədə çəkiliş də vardı, soruşanda kimə səs verdiyimi gizlətdim, çünki səsvermənin nəticəsi açıqlanmamışdı. Evdə yoldaşımla məsləhətləşdik, evimizə bilgilər yayılmışdı, internetdən də oxuduq. Gördük savadlı, gözəl insandır. Əvvəlki seçkilərdə də başqa dairədən deputat seçilmişdi, öz aramızda qərar verdik ki, ona səs verək.

A.Lətifov: Övladlarınızdan sənətinizi kiminsə davam etdirməsini istəyərdiniz?
- Elə istəyirəm ki, amma heç birində belə arzu görmürəm. Böyük oğlum bir az qışqıran kimi səsi batır, balaca ciddidir. Qızım “həkim olacam” deyib durur. Nənəsi həkimdir, gen çəkir (gülür). Atam qara zurna ifaçısı olub, qardaşım qarmon çalıb. Anamın, bacılarımın gözəl səsi olub.

D.Əhməd: Nə yaxşı ləhcəniz qalmayıb?
- Mahnı teatrına təzə gəlmişdim, Oqtay Ağayevin 60 illik yubileyində məni Kamil müəllim yeni kadr kimi səhnəyə çıxarmaq istəyirdi. Zalda da Fidan və Xuraman Qasımovalar, Flora Kərimova, Fərhad Bədəlbəyli və digər sayılıb seçilən səbnətkarlar oturmuşdu. Çıxıb ifa etdim, sonra çəkilişə lentdə baxanda gördüm ki, Şəki ləhcəsində oxumuşam. Mahnını başdan ayağa “cörüm ad cünün mübarək kimi” oxumuşam. İndi də baxanda məni tər basır. G hərfinin ancaq “c” səsi ilə ifa etmişəm, danışığımda da özüm qüsuru görürdüm, deyirdim, niyə hamıda təbii alınır, məndə şit çıxır, axı mən də gözəl danışmaq istəyirəm. Kamil müəllim dedi ki, ləhcəni düzəlt. “Səhnə danışığı” dərsinin birindən qalmamışam, “g” səsi “q” səsinə çevirməyə başladım, “gəldim” sözünə “qəldim” deyirdim. Gülyaz məni danlayırdı ki, dilini niyə əzirsən? Deyirdim, “c” səsindən xilas üçün “q” səsinə keçmişəm ki, yavaş-yavaş “g” səsinə alışım (gülür). Səhnədə mədəniyyətlə danışmaq lazımdır.

Gülyanaq Məmmədovanın anasının teleqrafçılarla söhbətindən darıxan azyaşlı oğlu onu evə getməyə çağırır, biz də müsahibəni bitirməli oluruq.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD


Müəllif: