27 Noyabr 2015 12:03
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada: http://teleqraf.com/news/77929

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqunla müsahibənin ikinci hissəsini təqdim edirik.

Siyasi mövzularda suallarımıza cavab verən səfir dinlədiyi Azərbaycan musiqiləri, gəzib-dolaşdığı tarixi məkanlardan da danışdı.

Onu da xatırladaq ki, müsahibə Rusiyaya məxsus “Su-24" qırıcı təyyarəsinin Türkiyə hava məkanında vurulmasından öncə götürülüb.

Qurban Yaquboğlu: Türkiyə və Azərbaycan hökumətləri arasında çox isti və sıx münasibətlər var. Bəs toplumların bir-birinə münasibəti Sizi qane edirmi? Hansı fərq və problemləri görürsünüz?
- Mən “əcnəbi” ölkədə səfirəm. Türkiyənin mənim kimi İsveçrədə, ABŞ-da, Almaniyada da səfirləri var. Onların içində təkcə mən anamın öyrətdiyi dildə danışıram, cüzi fərqlər olsa da, sizlərlə ünsiyyət qura bilirəm. Sizin diliniz kökə daha yaxındır, bizim dilimiz bir az dəyişib, sizləri dinlədikcə, türkcəmi düzəltməyə çalışıram. Aramızdakı bənzərlik, sadəcə, dil birliyinə görə deyil. ABŞ, İngiltərə nümunəsini göstərmək uğursuz müqayisə olardı. Çünki Bəxtiyar Vahabzadənin dediyi kimi “bir ananın iki oğlu, eyni ağacın iki qoluyuq”. Çox xoşbəxtik ki, iki güclü dövlətimiz var. Ümumilli liderin dediyi kimi “iki dövlət bir millətik”. Əcnəbi diplomatlar hərdən məndən soruşurlar ki, bir-birinizi başa düşürsünüz? Mən də cavabında deyirəm ki, kökümüz eynidir, dinimiz, dilimiz, ən əsası ruhumuz birdir. 3 ildən çoxdur, Azərbaycandayam, sizin hissiyyatınızı daha rahat duyuram, çünki mən də sizə bənzər ailə mühitində, eyni ənənələr əsasında böyümüşəm. Mən də valideynlərim evə daxil olanda ayağa qalxıram. Üstəlik eyni mahnıları, şeirləri dinləmişik. Bizim xəmirimiz bir yoğurulub. Belə olan təqdirdə, təbii ki, Türkiyə və Azərbaycan arasındakı münasibətləri insan daha yaxşı başa düşür. Hansısa ölkə lideri deyə bilər ki, Azərbaycanla bu aralar münasibətləri sıxlaşdıraq, ondan enerjini daha ucuz qiymətə alaq. Türkiyə ilə Azərbaycan arasında belə münasibətlər yoxdur. Bizim aramızdakı əlaqələr dövri xarakter daşımır. Elə olsaydı, Nuru Paşanın rəhbərliyi ətrafında Qafqaz İslam Ordusu gəlib döyüşüb azərbaycanlı qardaşları ilə eyni məzara girməzdi. Yaxud Çanaqqalada azərbaycanlı şəhidlər olmazdı. O dönəmdə qardaşlıq refleksi ilə bir-birimizə sahib çıxmışıq. Ünvanladığınız sualı cavablandırmaq çətindir. Çünki Türkiyə ilə Azərbaycan arasındakı bu incə duyğuları kəlmələrlə ifadə etmək mümkünsüzdür. Bizim bu cür təməlimiz varkən Türkiyə və Azərbaycanı birgə necə gücləndirəcəyimizə diqqət yetirməli, bu mirasın gələcək nəsillərdə yaşadılması üçün çalışmalıyıq. Azərbaycanda cənab Prezident İlham Əliyevin, Türkiyədə cənab Prezident Rəcəb Tayyib Ərdoğan və hörmətli Baş nazirimiz Əhməd Davudoğlunun öndərliyi ilə Türkiyə və Azərbaycanın bütün imkanlarının birgə istifadəsi üçün tam iradə nümayiş etdirilir. İki müstəqil dövlətik, bəzən müxtəlif məsələlərdə fərqli düşünə, eyni hədəfə doğru gedərkən fərqli yolları daha məqsədəuyğun hesab edə bilərik. Bu, çox təbii bir şeydir, necə ki ailə daxilində fərqli fikirlər olur. İstərdim, Azərbaycan cəmiyyəti bir şeyə diqqət yetirsin, Azərbaycandan Türkiyəyə baxanda söylənən sözdə, yürüdülən siyasətdə xoşunuza gəlməyən bir şey hiss edəndə sadəcə bir şeyi xatırlayın, Türkiyənin heç bir küncündə Anadoludakı qardaşlarınız bilərəkdən Azərbaycanın maraqlarına zidd çalışmazlar. Bu, mümkün deyil. Dediyim kimi, eyni məqsədə doğru irəliləyəndə fərqli üsul seçə bilərik. Biz də öz növbəmizdə bu cür davranmalıyıq. Biz də Azərbaycana baxanda nəyisə bəyənmiriksə, belə qiymətləndirməliyik. Qəzetiniz vasitəsilə Azərbaycan cəmiyyətinə ötürmək istədiyim mesaj budur. Bizim birliyimiz və qardaşlığımız əlimizdəki ən böyük sərmayədir. Bizə xətər yetirmək istəyənlərin də ilk hədəf alacaqları yerdir. Ona görə də buna sahib çıxıb, aramıza nifaq toxumu səpmək istəyənlərə qarşı diqqətli olmalıyıq.

Aqil Lətifov: Düşmənlərə qarşı Türkiyə və Azərbaycan diasporunun birgə fəaliyyəti mümkündürmü?
- Xaricdə Azərbaycanla bağlı görülən işlər bizə çox pis təsir edir. Cənab Prezidentin dediyi kimi bir millətin iki diasporu olmaz, bir diasporu olar. Həm Azərbaycanın, həm də Türkiyənin güclü diasporu olmaqla yanaşı, formalaşmış güclü diaspora ənənəsi yoxdur. Diaspora ənənəsi deyəndə onu nəzərdə tuturam ki, Türkiyə vətəndaşları olduqları əcnəbi ölkələrə yaxşı inteqrasiya olunmalı, həmin cəmiyyətin sayğılı bir nümayəndəsinə çevrilməlidirlər. Təbii ki, eyni zamanda öz köklərindən qopmamalı, dillərini unutmamalı, Türkiyəyə bağlılıqlarını qorumalıdırlar. Biz bir tərəfdən bunun təbliğatını aparırıq, digər tərəfdən xarici ölkələrdə Türkiyə əleyhinə hər hansı situasiya baş verəndə sivil toplumun daha aktiv olmasını arzulayırıq. Bunun üçün Azərbaycanla Türkiyə olaraq yaxşı imkanımız var. Türkdilli dövlətlər platformasında da bu məsələ üzərində dayanırıq. Hələ istədiyimiz nöqtəyə gəlib çatmamışıq. Hətta aralarında heç bir etnik əlaqə olmayan bir çox ölkələr qrupu eyni dildə danışdıqları üçün bəzi məsələlərlə bağlı bir araya gələ bilirlər. Biz eyni kökdənik, dünyada bizə qarşı olan hadisələrlə əlaqədar birlikdə hərəkətə keçməliyik. Nə Azərbaycan, nə Türkiyə kiməsə qarşı cəbhə açmaq niyyətində deyil. Əminəm ki, zamanla bizə qarşı yönələn haqsız iddialara qarşı diasporumuz birgə fəaliyyət üçün hazırlıqlı olacaq.

Nərmin Muradova: Bəzi ölkələrin Azərbaycandakı səfirlikləri tez-tez mədəni tədbirlər keçirir. Bir neçə il öncə türk filmləri nümayiş olunurdu, tələbəlik illərində gedib həvəslə baxardıq. Türkiyə səfirliyinin təşkilatçılığı ilə keçirilən kültür tədbirlərində sanki durğunluq müşahidə olunur. Bunun xüsusi səbəbi varmı?
- Əslində, fəaliyyətimiz azalmayıb. Mən səfir kimi fəaliyyətə başlayanda heyrətlənirdim ki, niyə kinoteatrlarda türk filmləri nümayiş olunmur? Çox şükür, vəziyyət dəyişdi.

N.Muradova: Bu məsələdə Türkiyə səfirliyinin qatqısı var?
- İş artıq dinamik şəkildə davam edir. Əslində kinoteatrlarda türk filmlərinin nümayişi üçün səfirliyin bir işi olmamalıdır. O halda ki, tələb və məhsul var, iki tərəf birləşib ortaya iş qoymalıdır. Bir az gec baş tutdu, amma artıq ortada müsbət iş var. Fikrimizcə, bu il səfirlik üçün kültür sahəsində olduqca fəal dönəm oldu. Ötən ilin axırlarında Türkiyə mədəniyyət həftəsi keçirildi. Mədəniyyət həftəsinin açılışı Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin dəstəyi ilə Heydər Əliyev Mərkəzində baş tutdu. İlk dəfə idi ki, bir ölkənin kültür həftəsinin açılışı bu mərkəzdə reallaşdı. 1 həftə boyu müxtəlif sərgilər keçirildi. Bu il isə klassik və çağdaş rəssamlarımızın əsərlərindən ibarət rəsm kolleksiyası 3 ay ərzində Heydər Əliyev Mərkəzində nümayiş olundu. Açılışa həm Mərkəzin rəhbəri, həm də Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak etdi. Çanaqqala zəfərinin ildönümü ilə əlaqədar bir çox tədbirlər təşkil etdik. Bu tədbirlər çərçivəsində “Son məktub” filminin qala gecəsi keçirildi. Bakı Dövlət Universiteti ilə birlikdə Çanaqqala zəfəri ilə bağlı sərgi açdıq. Bir çox ölkələrin səfirlərini də həmin sərgiyə dəvət etmişdik. Bundan başqa caz festivalı keçirdik. Azərbaycanda caz musiqisinə maraq göstərirlər. Etiraf edim ki, muğamla Azərbaycana gələndə tanış oldum. Muğamın cazla sintezi çox xoşuma gəldi. Biz çox işlər görmüşük desək də, deməli, kənarda daha çox tələb var. Bu isə məni ancaq xoşbəxt edir və bizi daha çox işləməyə həvəsləndirir. Türkiyə Cümhuriyyəti olaraq fəaliyyətimizi daha təsirli etmək, o cümlədən türk dilini öyrənmək istəyənlərə dəstək vermək üçün dünyanın müxtəlif yerlərində Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzi qururuq. Bakı Dövlət Universiteti daxilində bu cür kiçik mərkəzimiz fəaliyyətdədir. Yunus Əmrə Mərkəzi üçün böyük məkan nəzərdə tutmuşuq, qarşıdakı dönəmdə buna çalışacağıq. Sadəcə, dil deyil, ebru sənəti və digər sahələr də fəaliyyət göstərəcək. Həmin mərkəzdəki fəaliyyət çərçivəsində Azərbaycandakı kültür tədbirlərimizi artıracağıq. Bir şeyi də qeyd edim, fəaliyyətimiz hələ ki, Bakını əhatə edir. Çox şükür qrafikimiz o qədər sıxdır ki, kənarda hərəkət etmək üçün imkanımız yoxdur. Gəncə, Naxçıvanda baş konsulluğumuz var. Fərqli bölgələrdə də aktiv olmaq istəyirik. Ümid edirəm ki, gələcəkdə Azərbaycanın digər regionlarında da geniş tədbirlər keçirə biləcəyik.

Nərgiz Ehlamqızı: Muğamla Azərbaycana gələndən sonra tanış olduğunu dediniz. Hansı xanəndələrimizin ifasını dinləməkdən zövq alırsınız?
- Alim Qasımov və dəyərli qızı Fərqanə xanımı dinləyirəm. Milli İncəsənət Muzeyində Türkiyədən ebru sənətinə dair əsərlər nümayiş etdirdik. Ebru Anadolunun qədim sənətidir, bunu Azərbaycandakı qədim sənətlə paralel təqdim etməyi düşündüyümüz üçün muzeyin digər zalında muğam konserti təşkil etdik. Sevda Ələkbərzadəni, Əzizə Mustafazadəni, Tünzalə Ağayevanı dinləməyi sevirəm. Türkiyədə tanıdığımız Azərin xanımın mahnılarına qulaq asıram. Yaşlı insanlarla söhbətlərdə Sovet dönəmində Türkiyə özləmi ilə yaşadıqlarını dedilər. Eyni hisslər Türkiyədə vardı, Zeynəb Xanlarova Türkiyəyə gələndə yer yerindən oynayırdı. Bütün bunlar eyni xəmirdən yoğurulduğumuzun göstəricisidir.

Dilqəm Əhməd: Bakıya gələndə ilk olaraq hansı tarixi yerləri ziyarət etdiniz? Unutmadığınız yerlər haralardır?
- Bütövlükdə Azərbaycanın tarixi məkanlarını düşünüb deyə bilərəm ki, zənnimcə, Anadoludan gələn hər kəsin ən çox təsirləndiyi yer Şəhidlər Xiyabanıdır. Mənəvi baxımdan bu məkan çox önəmli yerdir. Şəhərin ən mötəbər yerində, Şəhidlər Xiyabanının yanında Türk Şəhidliyinin yerləşməsi bizə xoş təsir göstərir. Çünki şəhidlərimizə necə sahib çıxıldığını görürük. Digər tərəfdən bu, mesajdır. Bizim birlikdə olduğumuzu, bir-birimizin uğrunda necə fədakarlığa qadir olduğumuzu simvolizə edir. Bir neçə il öncə Qubada Türk Şəhidliyi Kompleksi açdıq. Qubada insanlarla söhbət əsnasında məlum oldu ki, Sovet dövründə türk şəhidlərinin məzarına sahib çıxıblar. Minnətdarlıq hissi üçün deməyə söz tapmıram. Avropa Oyunlarında könüllülər ordusunda gördüm ki, gənclər olduqca pozitivdir, Azərbaycanı dünyaya daşımağa hazır, bir neçə dildə danışa bilən insanlar var. Bu ölkə gözəl ölkədir, qardaşınız olduğu üçün demirəm, doğrudan da Azərbaycanın tarixi və turizm potensialı var. Mənim gözümdə Azərbaycan gözəl gələcəyə doğru gedir, nə yaxşı ki, bu gələcəyə birgə gedirik.

Nərgiz Ehlamqızı

Foto: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər