Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Kremldə görüş zamanı martın sonuna kimi Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə başlamaq üçün saziş imzalamaq barədə razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
“İki ölkənin nümayəndə heyətləri arasında prezidentlərin iştirakı ilə keçirilən danışıqlarda tərəflər martın sonunadək Rəşt-Astara dəmir yolu tikintisi layihəsinin həyata keçirilməsinə dair sazişin imzalanması barədə razılığa gəlib. Martın sonunadək dəmir yolunun tikintisi ilə bağlı müqavilə imzalanacaq, Rusiya tərəfi tikinti işlərinə başlayacaq”, - diplomat deyib.
Xatırladaq ki, Astara-Rəşt xətti Rusiya, Azərbaycan və İran dəmir yollarını birləşdirəcək Şimal-Cənub istiqamətində beynalxalq nəqliyyat layihəsinə aid dəhlizdir. Bu dəmir yolu Azərbaycanın Astara rayonu ilə İranın Astara şəhəri arasındakı xətlə birləşəcək.