24 Yanvar 20:01
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 24-də İslamabad şəhərində Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclası keçirilib.

Bu barədə Teleqraf.com-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

İclasda Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar Mustafayev və Pakistan İslam Respublikasının müdafiə, müdafiə istehsalı və aviasiya naziri, Komissiyanın həmsədri Xavaca Məhəmməd Asif, hər iki tərəfin nümayəndə heyətlərinin üzvləri, həmçinin digər rəsmi şəxslər iştirak ediblər.

Komissiyanın həmsədri Xavaca Məhəmməd Asif Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq, iki qardaş ölkə arasında tarixi dostluq əlaqələri, uzunmüddətli uğurlu əməkdaşlıq münasibətləri haqqında danışıb.

O, Pakistanın və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz və xalqlarımız arasında dostluq bağlarının, müxtəlif sahələrdə yüksək səviyyəli tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verdiyini qeyd edərək, bu əlaqələrin möhkəmləndirilməsində hər iki ölkənin aidiyyəti qurumlarının
göstərdiyi səyləri yüksək qiymətləndirib.

Komissiyanın həmsədri Vüqar Mustafayev Pakistan Hökumətinə və xalqına göstərilən qonaqpərvərliyə görə Azərbaycan nümayəndə heyəti adından təşəkkürünü bildirib.

V.Mustafayev ölkələrimizi yüksək hörmətə və etimada, çoxillik dostluq və qardaşlıq münasibətlərinə əsaslanan unikal əlaqələrin birləşdirdiyini qeyd edib. Komissiyanın həmsədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərifin 2024-cü ildə qarşılıqlı səfərlərinin ölkələrimiz və xalqlarımız arasındakı tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini, çoxşaxəli əməkdaşlığın dərinləşməsinə böyük töhfə verdiyini qeyd edib.
Nazir ötən il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etdiyini xüsusi vurğulayaraq, bu mötəbər və qlobal tədbirdə qardaş Pakistanın fəal iştirakına görə minnətdarlığını bildirib. V.Mustafayev Birgə Komissiyanın VIII iclasında müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığı yeni mərhələyə daşıyan mühüm məsələlərin səmərəli müzakirə edildiyini, qarşılıqlı mənfəət üçün əlverişli mühitin yaradıldığını qeyd edib.

İclasda müdafiə sənayesi, informasiya və kommunikasiya texnologiyaları, rəqəmsal idarəetmə və nəqliyyat, sosial innovasiyalar və dövlət xidmətlərinin göstərilməsi ilə yanaşı, təhsil, elm, səhiyyə, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, idman, gənclər, mədəniyyət və digər sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub.

Tədbirdə Birgə Komissiyanın növbəti IX iclasının Bakıda keçirilməsi qərara alınıb.

Sonda Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının yekununa dair Protokol imzalanıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər