"Çətin səfər oyunu alındı".
Teleqraf.com xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Azərbaycan Premyer Liqasının XX turunda səfərdə "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis oyunun ikinci hissəsinin daha əzmkar keçdiyini bildirib: "Şamaxı" son 4-5 turda yaxşı oyun sərgiləyir. Görüşün bizim üçün ağır keçəcəyini bilirdik. Belə xarakterli komandalara qarşı oyun intizamı vacibdir. Matçın əvvəlində hər iki komanda kəşfiyyat xarakterli oyun göstərirdi. Buraxılan qoldan sonra futbolçularım yaxşı reaksiya verdilər. Birinci hissənin sonunda standart vəziyyətdən fərqləndik. İkinci hissədə daha əzmkar oyun izlədik. Düzdür, uğur qazanan tərəf biz olduq, amma "Şamaxı" da əla futbol oynadı".
Sadıqov ilk hissədə "Şamaxı"nın aqressiv pressinq tətbiq etdiyini vurğulayıb: "Bunun nəticəsində topla oyunumuz alınmırdı. İkinci yarıda isə daha yaxşı alındı. Son dəqiqələrdə rəqib daha çox hücum futbolu sərgilədiyindən, yaxşı əks-hücumlar etdik, amma təəssüf ki, bunlardan yararlana bilmədik. Amma yekunda çox önəmli 3 xal qazandıq".
"Qartallar"ın baş məşqçisi final fitindən sonra komandanın oyunçuları Ruan Renato ilə Aydın Bayramov arasında baş vermiş insidenti şərh edib: "Orada nə olduğunu bilmədim. Ümid edirəm ki, ciddi bir şey olmaz. Gərgin və stressli oyun idi. Belə şeylər olur. Paltardəyişmə otağında bir-biri ilə qucaqlaşdılar".
Daha sonra o, növbəti oyunlar haqda danışıb: "Premyer Liqada keçirilmiş son oyunlarda komandaların güclərinin demək olar, bərabərləşdiyini deyə bilərik. 3-4 il əvvəlki çempionat deyil. Görünən odur ki, sonda hər şeyi xırda detallar həll edəcək. Gələcəklə bağlı proqnoz vermək olmur. Amma düşünürəm ki, futbolçularım həm fərdi, həm də kollektiv olaraq psixoloji cəhətdən daha diqqətli və məsuliyyətli olmalıdırlar".