“Üç aydır yataq xəstəsiyəm. Yazıçılar poliknikasının həkimləri vaxtaşırı gəlib müayinə edir, analizləri götürür, müalicə üçün dərman yazırlar. Görünür, yaşın gətirdiyi xəstəliklərdir, halsızlıq, aşağı təzyiq... Yuxu dərmanı içmədən yata bilmirəm, bədənim tamam gücdən düşüb. Özüm bir tərəfə, əsas nəvəmə görə çox narahatam. Mənim göz dağım... Allaha yalvarmışam ki, ona baxıb mənə möhlət versin”.
Bunu Teleqraf.com-a açıqlamasında 1973-cü ildən AYB üzvü, şair, nasir, ssenarist, tərcüməçi Vaqif Nəsib deyib.
Onun sözlərinə görə, 10 yaşlı nəvəsi danışa bilmir: “Bu problem çoxdandır, amma ümid edirdik danışacaq, sonra bir professorun yanına apardıq, dedi, çox gec qalmısınız. Bu yaxınlarda İsraildən gələn həkimlər baxdılar, dedilər, müalicəsi çox bahadır. Bilmirəm nə edim, necə edim, özümün də vəziyyətim ortada…”
“Yazıçılar Birliyindən vəziyyətinizlə maraqlanan olubmu?” sualına yazıçının cavabı belə olub: “Heç kim zəng etməyib, maraqlanmayıb. 85 yaşım tamam oldu, Yazıçılar Birliyinin heç bir orqanında məni təbrik etmədilər. Mən çoxdan AYB-dən uzaqlaşmışam. “Azərbaycan” jurnalına “Dimdikdən düşən adam” romanımı vermişdim, bilirdim, çap etməyəcəklər, amma xahiş eləmişdim ki, nəyə görə çap etməyəcəyinizin cavabını mənə yazarsınız. Onlar da cavab yaza bilmədiklərinə görə keçən ilin noyabr-dekabr ayında romanı ard-arda jurnalda nəşr etdilər. Həmin romanı xaricdə bir nəfər ingilis dilinə tərcümə edir, o başa çatsa bəlkə xarici mükafatlara təklif edərik”.
Vaqif Nəsib bildirib ki, romanın nəşrindən 180 manat qonorar alıb:
“Sovet vaxtı ədəbiyyat təbliğatın bir hissəsi idi, yüksək qiymət verilirdi. Mənim dəfələrlə kitabım çıxıb. Əvvəllər bir kitabıma bir-iki maşın almaq mümkün idi. “Azərbaycan” jurnalındakı romanın çapından 180 manat qonorar aldım. İki dərmanımın puluna güclə çatdı. O vaxt fərdi təqaüdlə bağlı Yazıçılar Birliyinin sədri Anarın yanına getdim ki, təqdimatımı versin, dedi, səndən əvvəl nə qədər adam var”.
Vaqif Nəsib 1939-cu il yanvarın 16-da Qazax şəhərində anadan olub. Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb. Müxtəlif illərdə "Qobustan" jurnalı redaksiyasında məsul katib, "Gənclik" nəşriyyatında baş redaktorun müavini, "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri vəzifələrində çalışıb.
Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.