Hər bir dövlət digər ölkə ilə münasibətlər qurarkən beynəlxalq hüquq normalarına, eyni zamanda, ölkədaxili qanunvericiliyə əsaslanır. ABŞ-də Donald Trampın yeni prezidentlik dövründə bu tendensiya izlənilməkdədir. Hətta o, birinci prezidentlik dövründə (2017-2021-ci illər) özündən əvvəlki administrasiyaların bağladığı bir sıra beynəlxalq müqavilələrdən imtina edib. Əksər ölkələrin, o cümlədən Amerika qanunvericiliyi imkan verir ki, yeni hakimiyyətlər özündən əvvəlki administrasiyaların qərarların ləğv edə və yaxud davam etdirə bilir.
Bunu Teleqraf.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.
“Tramp ilk prezidentliyi dövründə İranla bağlı nüvə sazişini ləğv edib. Həmçinin o, Paris sazişindən imtina qərarı vermişdi. Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) Amerikanın çıxmaq məsələsi də gündəmdə idi. Tramp bu ilin 20 yanvarındakı inauqurasiyasında bir daha bu sazişlərdən çıxacağını bəyan etdi”, - deyə o qeyd edib.
Ekspert Cozef Bayden administrasiyasının hakimiyyətinin bitməsinə bir neçə gün qalmış Ermənistanla imzalanan strateji tərəfdaşlıq haqqında sazişin aqibətinə də aydınlıq gətirib:
“Əslində, Vaşinqtonla İrəvan arasında belə bir sənədin imzalanması gözlənilirdi. 2024-cü ilin iyun ayında bununla bağlı qərar verilmişdi. Ümumilikdə isə, Bayden administrasiyasının 4 illik siyasətində Ermənistan mərkəzli bir xətt izlənilib. İrəvanla bütün sahələrdə əlaqələri dərinləşdirmək siyasəti həyata keçirilib”.
Mətin Məmmədlinin fikrincə, Ermənistan tərəfi belə bir sənədi Tramp administrasiyası ilə imzalamaqda maraqlı olub:
“Sadəcə, İrəvan buna o qədər də əmin deyildi. Belə olan halda Bayden administrasiyası ilə həmin xartiyanı imzaladılar. Ötən ilin noyabrında Amerikadakı prezident seçkilərindən sonra Bayden komandası yeni formalaşacaq Tramp administrasiyası ilə bir sıra məsələlərdə məsləhətləşmələr aparıb. Bu, o deməkdir ki, Tramp üçün “erməni layihəsi mirası” qalıb. Bunun Ağ Evin yeni administrasiyasının davam etdirib-etdirməyəcəyini zaman göstərəcək”.