ABŞ-də Donald Trampın yeni prezidentlik dönəmi ilə bağlı birmənalı fikirlər var. Yeni Ağ Ev administrasiyasının əsas hədəfi sözsüz ki, Tehran olacaq. Amerikanın İsraillə İrana qarşı ittifaqı da formalaşa bilər. Trampın İsraillə münasibətləri çox yaxşıdır və onun baş nazir Benyamin Netehyahu ilə sıx əlaqələri var.
Bunu Teleqraf.com-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
“ABŞ-də Respublikaçılardan fərqli olaraq Demokratların Netenyahuya münasibətləri yaxşı deyil. Sabiq prezident Cozef Bayden İsraillə təmasda olsa da, onlara səmimi yanaşmırdı. Hətta Barak Obama ümumiyyətlə Netenyahu ilə danışmırdı”, - deyə o qeyd edib .
Politoloq hesab edir ki, rəsmi Tehran iki tələbi yerinə yetirməsə, ona qarşı kiçik xarakterli hərbi əməliyyatlar keçirilə bilər:
“Hətta İrana zərbə endirilməsi də mümkündür. İlk növbədə, İranın bölgədəki silahlı qruplara dəstəyi dayandırması tələb edilir. HƏMAS və “Hizbullah"ı silahlandıran İrandır. Suriyanın keçmiş prezidenti Bəşər Əsədə Tehran dəstək verib. Hazırda bu qüvvələr sıradan çıxarılıb. Amma İran yenidən ətrafında silahlı qruplaşmalar yaratsa, Amerika və İsrail İrana zərbə endirə bilər”.
Elxan Şahinoğlu, həmçinin İranın nüvə çalışmalarından imtinanın da başlıca şərt kimi önə çəkildiyini deyib:
“Tehran sözdə deyil, əməldə bunu göstərməlidir. Çünki İranın sözlərinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycanla bağlı da bu nümunə var. İran rəsmiləri Azərbaycanla tərəfdaşlıqdan danışsa da, arxa planda mühafizəkar dairələr Bakını hədəfə alır. Qərb ölkələrinin də İrana inamı yoxdur. Ona görə də Tramp dönəmində İran mövzusu xeyli aktuallaşacaq”.