Analitik Ekspertiza Mərkəzi “Laser Beauty Estetik Klinikası” MMC-nin aparılan yoxlamaya dair iddialarına cavab verib.
Teleqraf.com Analitik Ekspertiza Mərkəzinin klinika rəhbərinin iddialarına cavabını təqdim edir.
Birinci iddia:
“Soyuducunun dərəcəsini yarım saatdan bir ölçməliyik. Əgər mən həmin soyuducuda buz saxlayıb prosedurdan sonra dodağa qoyuramsa, o soyuducunun dərəcəsini niyə ölçüm?”
AEM-in cavabı:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 01 saylı, 11 yanvar 2018-ci il tarixli Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Qərarının 7.14.4 ci bəndinə əsasən “Dərman vasitələrinin saxlandığı sahələrdə temperatur, rütubət və havalandırma göstəriciləri sutkada bir dəfə qeydə alınaraq temperatur, rütubət və havalandırma göstəricilərinin qeydiyyat xəritəsi aparılır”. Bu məlumatlar “Temperatur qeydiyyat vərəqəsi”ndə qeyd edilməlidir.
AEM-in əməkdaşları həmin vərəqəni klinikanın direktoru Cəfərova Yeganə Səlim qızına şəxsən təqdim ediblər.
İkinci iddia:
“Digər səbəb isə əvvəlki stomatoloqun burada qalan əşyaları ilə bağlı olub. Stomatoloji otaqda cərrahi prosedur həyata keçirilməyib. Sadəcə, stomatoloqun müəyyən əşyaları burada qalıb. Burada ümumiyyətlə cərrahiyyə yoxdur. Mən həm də yazaram, bir otağımda 500-ə yaxın kitab var. İndi bu o deməkdir ki, həmin otaq kitabxanadır?"
AEM-in cavabı:
"Səhiyyə Nazirliyinin 07.04.2009-cu il tarixli 37 nömrəli əmri ilə təsdiq olunan “Tibb müəssisələrində sanitar-epidemioloji tələblərə dair” Qaydalarının 4-cü bəndinə əsasən, hər bir lisenziya üzrə fəaliyyət üçün icazə verilən işlərə uyğun ayrıca şərait yaradılmalıdır. Klinikada isə “cərrahi-stomatologiya” və “diş texniki” işləri üçün icazə olmamasına baxmayaraq, (lisenziyadan kənar fəaliyyət) fəaliyyət göstərmələri aşkarlanıb. Bir stomatoloji otaqda qanuna zidd olaraq, həm vizioqraf, həm diş texniklərinə aid avadanlıqlar, implant qoyulması üçün iki ədəd işlək vəziyyətdə fiziodispenser, cərrahi tikiş materialları, abatmen və paketlənən, sterilizasiya edilən lakin saxlama şərtlərinə riayət edilməyən cərrahi stomatoloji alətlər – kəlbətin və elevatorlar aşkar edilib.
Həmçinin, stomatoloji işlərə aid sənədlər yoxlanılarkən, AEM-in yoxlayıcı-mütəxəssislərinə iki həkim-stomatoloqların və bir diş texnikinin şəxsi işləri təqdim edilib. Həkimlərdən birinin (Əliyev Elşən Alik oğlu) sertifikatının olmaması aşkarlanıb, diş texnikinin isə təhsilini təsdiq edən sənəd yoxlamaya təqdim edilməyib. Eyni zamanda, hər həkimin vəzifə öhdəliklərində tibbi qeydiyyat sənədlərinin aparılması və bu prosesə nəzarət baş həkimin səlahiyyətlərinə aiddir. Vəzifə borclarını yerinə yetirmədiklərinə görə bütün tibb işçiləri məsuliyyət daşıyırlar".
Üçüncü iddia:
“Klinikada lazer epilyasiyası ustalarının və SMM işlərini həyata keçirən işçilərin tibb bacısı olmamaları da onlara nöqsan kimi göstərilməsi”.
“Mən onlardan soruşuram ki, lazer epilyasiyası üçün hara gedirsiniz? Deyirlər, gözəllik salonlarına. Onlardan soruşdum ki, bəs deyirsiniz, gözəllik salonlarında lazer epilyasiyası etdirmək olmaz. Bəs niyə onları yoxlamırsınız? Mənə cavab verdilər ki, onların lisenziyası yoxdur deyə, yoxlama apara bilmirlər. Mən də bildirdim ki, bizim lisenziyamız var deyə, yoxlama aparılır və belə xırda nöqsanlar tutulur, amma onların lisenziyası yoxdur deyə, heç yoxlama da apara bilmirsiniz. Sonda mənə deyiləndə ki, sizin "İnstagram" üçün video çəkən işçiniz də tibb bacısı olmalıdır, bu məqamda mən donub qaldım. Qanun qarşısında nə deyə bilərəm ki?! Amma mən əminəm ki, bu, belə qalmaz".
AEM-in cavabı:
"Araşdırma zamanı yoxlayıcılar SMM-menecerinin (Əsədova Kəmalə Nazim qızı), administrator (Şükürova Lalə Şirzat qızı), sürücü (Nəsirov Vahid Çingiz oğlu), xəzinədar (Daşdanova Aynur tariyel qızı) və sair qeyri-tibb personalının şəxsi işlərinin təqdim edilməsi tələb olunmayıb.
Gözəllik salonlarında aparılan yoxlama prosedurlarına gəldikdə, klinikada yoxlama zamanı mütəxəssislər rəhbərliyə hansı hallarda yoxlamaların aparılmasını izah ediblər. Diqqətə çatdırılıb ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq plandankənar və planlı yoxlamalar hansı hallarda aparıla bilər.
Daha bir ittiham:
Yoxlama zamanı nazirlik əməkdaşlarına müqavimət göstərilməsi ilə bağlı iddiaları Rəna Soltanova təkzib edərək deyib:
"Yoxlama zamanı göstərilən nöqsanlar absurd idi. Bizə lisenziyanı Analitik Ekspertiza Mərkəzi verib. Buna görə yoxlama zamanı səslənən nöqsanlara, sadəcə, emosional reaksiya vermişəm. Onlarla ağlaya-ağlaya danışmışam. Bunu şiddət kimi qələmə veriblər".
Mərkəzdən bildirilib ki, Azərbaycanda faəliyyət göstərən özəl tibb müəssisələrinə lisenziya AEM tərəfindən deyil, Səhiyyə Nazirliyinin rəyi əsasında İqtisadiyyat Nazirliyi tərəfindən verilir.
"O ki, qaldı “emosional reaksiya”ya... Öz vəzifə borclarını yerinə yetirən dövlət qurumunun əməkdaşlarının üzlərinə mobil telefonun çırpılması, onlarla yüksək tonla danışılması, yuxarı instansiyalara şikayət və nəticədə işdən qovulmaqla bağlı təhdidlər vəzifə səlahiyyətlərinin aşılmasıdır. Rəna Soltanova baş həkimin vəzifə təlimatlarını oxumaqla bu səlahiyyətlərlə tanış ola bilər. Vəzifə təlimatlarına uyğun olaraq, baş həkim nəinki özünün, əməkdaşlarının da etik davranış qaydalarına necə riayət etməsinə nəzarət etməlidir.
Son olaraq bildirmək istəyirik ki, Azərbaycan hüquqi dövlətdir. Qeyd olunan klinikanın rəhbərliyi Analitik Ekspertiza Mərkəzinin yoxlama zamanı hər hansı bir qanun pozuntusuna yol verdiyini hesab edirsə, aidiyyəti dövlət qurumlarına müraciət edə bilərlər"- Mərkəzdən vurğulanıb.