16:37
2 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni administrasiyası Cənubi Qafqaz siyasətini Türkiyə ilə koordinasiyalı davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“ABŞ-nin yeni dövlət katibi Marko Rubio ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında Yaxın Şərqdəki son durum və Ermənistan-Azərbaycan sülh müqaviləsi müzakirə edilib. Tərəflər arasındakı ilk telefon danışığında Fidanın Rubionun diqqətini bura yönəltməsi onu göstərir ki, Ankara Cənubi Qafqazda sülh məsələsini gündəmində saxlayır. Həmçinin Türkiyə Ağ Evdə iqtidar dəyişikliyindən dərhal sonra məsələni Vaşinqtonla müzakirə etməklə, ABŞ-nin prosesi Ermənistanın lehinə döndərmək səylərinə imkan verməyəcəyini bildirir. Bu addım həm də Türkiyənin prosesdə aktiv rol aldığını ABŞ-yə göstərməkdir. Fidanın Rubioya verdiyi mesajlar bunlardır”, - ekspert vurğulayıb.

Həmçinin Məhəmməd Əsədullazadə hesab edir ki, Donald Tramp administrasiyası Cənubi Qafqaz siyasətini Türkiyə ilə koordinasiyalı davam etdirəcək:

“Bu isə o deməkdir ki, İrəvanın bir neçə gün əvvəl Bayden administrasiyası ilə bağladığı strateji tərəfdaşlıq sazişi işlək olmaya bilər. Tramp Ermənistan siyasətini Ankara ilə uzlaşdıracaq.

Tramp dönəmində ABŞ-dən Baydenin vəd etdiklərini ala bilməyən Ermənistan Türkiyə ilə normallaşma prosesinə getməyə, bundan əvvəl isə Azərbaycanla sülh müqaviləsini imzalamağa məcbur olacaq. İndiyədək Paşinyan Bayden-Blinken tandeminə arxayın olub yayınırdı. İndi arxasını yaslayacağı belə bir dayaq yoxdur.

Başqa sözlə, Ermənistanın Amerikadan hərbi-siyasi gözləntiləri arzu olaraq qalacaq. Paşinyan Amerikaya getsə belə, bu vəziyyət dəyişməyəcək. Digər yandan, Ermənistanın bölgədə zəmanətli təhülkəsizlik çətiri ancaq Azərbaycan və Türkiyə ola bilər, ABŞ və ya Rusiya yox. Buna görə də İrəvanın Bakı və Ankara ilə razılaşmaqdan başqa yolu yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər