Suriya hökumətinin rəhbəri Əhməd Şəra PKK/YPG terror təşkilatı ilə bağlı sərt açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, Suriya lideri terrorla mübarizədə Türkiyə ilə eyni xətdə olduqlarını bildirib.
“Xarici silahlı qruplaşmaları ölkəmizdə istəmirik. Xüsusilə Türkiyəni təhdid edən qrupları qəbul etməyimiz mümkün deyil. İstanbul və Ankaradakı partlayışları PKK/YPG törədib. Türkiyə üçün təhlükənin öz torpağımızda olmasına imkan verə bilmərik. Oradakı ərəb və kürd tayfaları da PKK/PYD-ni istəmirlər. Biz qan tökülməsini istəmirik. Türkiyə də vəziyyəti yaxından izləyir. Türkiyə sərhədini qorumaq üçün əlimizdən gələni edəcəyik”, - Şəra vurğulayıb.
Əhməd Şəra digər silahlı qruplardan fərqli olaraq PKK/YPG-nin silahı yerə qoymağa razı olmadığını bildirib: “İlk gündən deyirik ki, bütün qruplar silahı yerə qoyub Müdafiə Nazirliyinin çətiri altına gələcəklər. Hamısı qəbul edib, amma təəssüf ki, PKK/YPG bunu qəbul etməyib”.
Şəra terror təşkilatı daxilində Suriya əsilli olmayan ünsürlərin olduğuna da diqqət çəkərək, onların ölkəni tərk etməli olduqlarını bildirib: “Qan tökülməsini istəmirik. Amma bir şərtlə ki, öz ölkələrinə qayıtsınlar. Bütün silahlar dövlətin əlində olmalıdır”.
PKK/YPG-nin İŞİD-dən şantaj materialı kimi istifadə etdiyini söyləyən Şəra bu durumun beynəlxalq səviyyədə həll edilməsinin lazım olduğunu vurğulayıb.
Suriya hökumətinin rəhbəri dəstəklərinə görə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə təşəkkür edib: “Türkiyə və Ərdoğan bizə qarşı humanist mövqe tutdular, məsum insanların yanında oldular. Cənab Ərdoğanın etdiklərini tarix yazacaq. Suriya xalqı həmişə Türkiyənin yanında olacaq və bu dəstəyi unutmayacaq”.
Şəra Ərdoğanla telefon danışığı apardığını, onu Suriyaya dəvət etdiyini, yaxın zamanlarda Türkiyə və ya Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırdığını açıqlayıb.