İran Prezidenti Məsud Pezeşkian bölgə turları çərçivəsində dünən getdiyi, əsasən ərəblərin yaşadığı Xuzistan vilayətində məktəbin təməlqoyma mərasimində iştirak edib.
Teleqraf.com xəbər verir ki, prezident bölgə sakinləri qarşısında çıxışında regiondakı problemlərin həlli baxımından Azərbaycan atalar sözlərindən sitat gətirib.
“Türk dilində (Azərbaycan - red.) belə bir deyim var: oğul şüurlu olsaydı, atasının var-dövlətini nə edərdi, oğul huşsuz olsaydı, atasının var-dövlətini nə edərdi? Ağıllı olsaydı, istədiyini edə, istədiyinə sahib ola bilərdi. Əgər axmaq olsaydı, əlində olanı məhv edərdi. Uşaqlarımıza, gələcək nəsillərimizə şüur, bilik verməliyik”, - Pezeşkian bildirib.
İran prezidenti başqa bir türk məsəlini də misal çəkərək, problemlərin birlik və həmrəyliklə həll oluna biləcəyini vurğulayıb: “Biz buna türkcə “el gücü, sel gücü” deyirik”.
Xatırladaq ki, Məsud Pezeşkian əslən Azərbaycan türküdür, Soyuqbulaq şəhərində anadan olub.