Norveç Maliyyə Nazirliyinin məlumatına görə, ölkə qazın qiymətinin artması və istehsalın çoxalması nəticəsində 1.270 milyard kron (107,7 milyard avro) əlavə gəlir əldə edib.
Teleqraf.com xəbər verir ki, bunun yalnız cüzi hissəsinin Ukraynaya yardım üçün ayrılması tənqidlərə səbəb olub.
Qazın qiymətinin kəskin artması nəticəsində Skandinaviya ölkəsi əhəmiyyətli mənfəət əldə edib. Bununla Rusiyaya qarşı tətbiq olunan embarqodan sonra Norveç Avropanın ən böyük qaz tədarükçüsünə çevrilib.
Ukraynanın ən iri yardım donorlarından biri olan Danimarkada tənqidçilər Norveçin kifayət qədər dəstək göstərmədiyini hesab edib.
Danimarkanın "Politiken" qəzetinin məlumatına görə, 2024-cü ildə Oslo Ukraynaya 17 milyard Danimarka kronu (2,3 milyard avro) həcmində yardım ayırıb. Kopenhagen isə 27 milyard Danimarka kronu yardım edib, baxmayaraq ki, Danimarkanın Norveçin sahib olduğu 20.000 milyard Norveç kronu (1,7 trilyon avro) dəyərində olan neft fondu kimi böyük maliyyə ehtiyatına çıxışı yoxdur.
Almaniyanın Kiel İnstitutunun məlumatına görə, Norveç donor ölkələr arasında (ÜDM-inə nisbətdə) doqquzuncu yerdədir və Danimarkadan xeyli geri qalır.
Norveç Ukraynaya 35 milyard kron ayıracağını vəd edib, bunun 22,5 milyard kronu hərbi dəstək, 12,5 milyard kronu isə mülki və humanitar yardıma yönəldiləcək. Lakin Danimarkanın Avropa Parlamentinin üzvü Kristel Şaldemoz bunun kifayət etmədiyini bildirib:
"Mən hesab edirəm ki, norveçlilər doğru olanı etməli və bu müharibə sayəsində əldə etdikləri gəlirin hamısını olmasa da, ən azından əhəmiyyətli bir hissəsini (Ukraynaya) göndərməlidirlər.”