Goranboy rayonunda 2001-ci il təvəllüdlü Sənan yetkinlik yaşına çatmayan Zeynəbə (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Sənan Zeynəbin yetkinlik yaşına çatmadığı halda ilk dəfə 14 mart 2022-ci ildə Goranboy rayonunun kəndində cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Sənanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sənan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Zeynəblə 2022-ci ilin fevral ayında “İnstagram” sosial şəbəkə proqramı vasitəsi ilə tanış olub, aralarında dostluq münasibətləri yaranıb: “Daha sonra münasibətlərimiz sevgiyə çevrildi. Zeynəblə evlənmək qərarına gəldik. Ona mənimlə qoşulub getməyi təklif etdim, razılaşdı.
Həmin vaxta qədər Zeynəblə görüşərək söhbət etməsəm də, şəkillərini görüb bəyənmişdim. Odur ki, razılaşmamıza əsasən, 14 mart 2022-ci ildə Masallı rayonunun kəndinə getdim. Zeynəbi götürüb Goranboy rayonuna yaşadığım kəndə gətirməli oldum. Səhər saatlarında yaşadığım evdən çıxdım və Masallı rayonunun kəndinin girişinə gəldim. Bacım Südabə də mənimlə birlikdə idi.
Zeynəblə salamlaşdıqdan sonra onu gəldiyim taksiyə dəvət etdim. Zeynəb təklifimi qəbul edib, avtomobilə əyləşdi”.
“Cinsi əlaqədə oldum, polis gələndə qaçdım”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Goranboy rayonunun kəndinə yaşadığı evə gəliblər: “Bizi atam və anam qarşıladı. Evimizə çatanda təxminən saat 15 radələri olardı. Zeynəb mənə cinsi əlaqədə olmağı təklif etdi. Mən də razılaşdım. Saat 16 radələrində evdə bizim üçün hazırlanmış yataq otağında cinsi əlaqədə olduq. Zeynəbin bakirəliyi pozuldu”.
Sənan qeyd edib ki, bir qədər sonra Goranboy rayon polis şöbəsinin əməkdaşları gəlib və məlum olub ki, Zeynəbin valideynləri şikayət edib: “Mən qorxduğum üçün evdən çıxdım, Gəncə şəhərində yaşayan qardaşım Səidin evinə getdim. Polis əməkdaşlarının yaşadığımız evdən getməsini bildikdən sonra isə saat təxminən 19-20 radələrində qardaşım gedərək Zeynəbi Gəncə şəhərində yaşadığım evə yanıma gətirdi”.
“Bir yerdə yaşamağa başladıq”
Sənanın ifadəsinə görə, martın 15-də saat 9 radələrində qardaşı Zeynəbi Goranboy rayonunun kəndinə, valideynləri ilə birlikdə yaşadığı evə aparıb: “Mən isə Gəncə şəhərində qaldım. Zeynəb valideynlərimlə birlikdə evdə olan zaman təxminən saat 15 radələrində Masallı rayon polis şöbəsinin əməkdaşları gələrək izahat almaq məqsədi ilə onu Masallı rayonuna apardılar. Bacım Südabə də Zeynəb və polis əməkdaşları ilə Masallı rayonuna getdi.
Masallı rayon polis şöbəsində Zeynəb evlənmək məqsədi ilə könüllü qoşularaq gəldiyi barədə izahat və ərizə verdi. Həmçinin bakirəliliyin pozulması ilə bağlı məhkəmə-tibbi ekspertizadan keçirildi. Polis əməkdaşları Zeynəbi valideynlərinə təhvil vermələrinə baxmayaraq, bir-birimizi sevdiyimiz üçün onunla ər-arvad münasibətində bir yerdə yaşamaq istədik. Valideynlərimə bu barədə dedim. Zeynəb də öz valideynlərinə dedi, onlar da razılaşdılar.
Zeynəb mənim valideynlərimlə birlikdə Masallı rayonunun qəsəbəsindən çıxıb, bizim evimizə gəldi. Onunla ər-arvad münasibətində bir yerdə yaşamağa başladıq”.
“Peşmanam, səhvimi başa düşürəm”
Sənan qeyd edib ki, Zeynəblə ər-arvad münasibətində bir yerdə 22 avqust 2023-cü ilə qədər yaşayıb: “Həmin müddətdə mütəmadi cinsi əlaqədə olduq. Ər-arvad kimi bir yerdə yaşadığımız ilk vaxtlar münasibətlərimiz yaxşı idi. Sonradan Zeynəb mənimlə birlikdə qalmaq istəmədiyini dedi. Buna görə aramızda mübahisələr oldu.
Zeynəbin anası avqustun 22-də gələrək onu yaşadıqları evə apardı. Dəfələrlə Zeynəbdən geriyə qayıtmasını xahiş etsəm də, fikrindən dönmədi.
Zeynəbə zor tətbiq etməmişəm. Onunla öz istəyi əsasında cinsi əlaqədə olmuşam. Törətdiyim əməldən peşmanam, səhvimi başa düşürəm”.
“Zorla məni otağa saldı”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Zeynəbin sözlərinə görə, Sənanla 2022-ci ilin fevralında “İnstagram” vasitəsi ilə tanış olub: “Aramızda əvvə dostluq, sonra sevgi münasibətləri yarandı. Ardınca evlənmək qərarına gəldik. Sənan ona qoşularaq getməyimi təklif etdi. Mən də Sənanı sevdiyim üçün onunla razılaşdım.
O vaxta qədər Sənanla görüşərək söhbət etməsəm də, şəkillərini görüb bəyənmişdim. Odur ki, Sənan 14 mart 2022-ci ildə Masallı rayonunun kəndinə gəldi və məni Goranboy rayonuna yaşadığı kəndə aparmalı oldu.
Martın 14-də saat 08:30-da evimizdən məktəbə getmək adı ilə çıxdım və Ərkivan qəsəbəsi dairəsinə getdim. Taksi ilə Masallı rayonunun digər kəndinin girişinə gəldim. Təxminən 5-10 dəqiqə gözlədikdən sonra Sənan yanıma gəldi. Onun yanında bir nəfər qadın da vardı. Sənan və bacısı Südabə ilə salamlaşdıqdan sonra onların gəldiyi maşına əyləşdim. Avtomobilin arxa oturacağında mən Südabə ilə, Sənan isə ön oturacaqda sürücü ilə yanaşı oturdu.
Bir neçə saat sonra Goranboy rayonunun kəndinə, Sənanın ailəsi ilə birlikdə yaşadığı evə gəldik. Bizi Sənanın atası və anası qarşıladı. Bundan sonra orada qalmaq istəmədiyimi dedim.
Lakin Sənanın bacısı Südabə mənə evdə qalmalı olduğumu, getsəm qardaşını tutacaqlarını söylədi. Mən yenə qalmaq istəmədim. Buna baxmayaraq, Südabə qolumdan tutaraq məni yataq otağına apardı. Otağa girmək istəməsəm də, zorla məni otağa saldı, qardaşının tutulmaması üçün onunla təbii yolla cinsi əlaqədə olmalı olduğumu dedi. Ona cinsi əlaqədə olmaq istəmədiyimi bildirdim. Buna baxmayaraq, Südabə məni otaqda qoyaraq çölə çıxdı”.
“Könüllü olaraq cinsi əlaqədə olduğumu dedim”
Zeynəb qeyd edib ki, daha sonra Sənan onun olduğu otağa daxil olub: “Sənan otağa girib mənimlə cinsi əlaqədə olmaq istədi. Etiraz elədikdə sifətimə şillə vurdu, mənimlə zorla cinsi əlaqədə oldu. Qışqırdım, amma o, məhəl qoymadı, təxminən 15 dəqiqə ərzində zorla mənimlə cinsi əlaqədə oldu. Bakirəliliyim pozulduğu üçün Sənanı kənara itələdim.
Südabə otağa daxil oldu. Qışqıraraq Sənanla mübahisə etdim. Südabə isə sakitləşməyimi istədi, atasının evdə olduğunu və Goranboy rayon polis şöbəsi əməkdaşlarının şikayət əsasında gəldiklərini dedi.
Çölə çıxdıqda Sənanın ata-anası və bacısı mənə polis əməkdaşlarına zorla cinsi əlaqədə olmağım barədə məlumat verməməyimi xahiş elədi. Mən də razılaşdım, polis əməkdaşlarına könüllü olaraq öz razılığım əsasında Sənana qoşularaq gəldiyimi, hətta könüllü cinsi əlaqədə olduğumu da dedim.
Goranboy rayon polis şöbəsinin əməkdaşları Sənanın yerini soruşdular. Südabə onun evdə olmadığını dedi. Sənan həmin vaxt Gəncə şəhərində yaşayan qardaşının evinə getmişdi. Polislər Sənanı axtarıb tapacaqlarını bildirdilər”.
“Bir yerdə yaşadıq, amma...”
Zeynəbin ifadəsinə görə, o, Sənanın ailə üzvləri ilə bir evdə qalıb: “Həmin gün saat təxminən 19-20 radələrində Sənanın qardaşı Səid gələrək məni Gəncə şəhərinə evinə apardı.
Masallı rayon polis şöbəsinin əməkdaşlarının mənim ardımca gəldikləri məlum oldu. Buna görə Sənanın ailəsi məni gizlətmək üçün Səidə məlumat verdilər. O da məni gecə saatlarında öz evinə apardı. Gecəni Səidin evində qaldım. Həmin vaxt Sənan da orada qalmasına baxmayaraq, mənimlə yatmadı. Gecəni orada tək yatdım.
Səhəri gün saat 9 radələrində Səid məni Goranboy rayonunun kəndinə, valideynlərinin yaşadığı evə gətirdi. Sənan isə Gəncədə qaldı.Təxminən saat 15 radələrində Masallı rayon polis şöbəsinin əməkdaşları gəldi, valideynlərim şikayət etdiyi üçün izahat almaq məqsədi ilə mənə polis şöbəsinə getməyi təklif etdilər. Təklifi qəbul etdim, onlarla birlikdə Masallı rayonuna gedəcəyimi dedim. Südabə mənimlə gedəcəyini söylədi, polislər də razılaşdılar.
Bundan sonra Südabə mənə qardaşı tutulmaması üçün könüllü olaraq gəldiyimi və öz razılığım əsasında cinsi əlaqədə olmağımı bildirməyimi dedi. Mən də razılaşdım. Südabə ilə Masallı rayonu polis şöbəsinə gəldik. Valideynlərim də polis şöbəsindəydi. Ata-anama könüllü olaraq öz razılığım əsasında Sənana qoşularaq getdiyimi dedim.
Polis əməkdaşları məni bir otağa apardılar. Atamın iştirakı ilə məndən izahat alınan zaman Sənanla tanış olmağımızı, aramızda olan sevgi münasibətlərini, könüllü olaraq evlənmək məqsədi ilə ona qoşularaq getdiyimi dedim. Cinsi əlaqədə olduğumu da söylədim.
Ekspertizadan keçdim, məlum oldu ki, qızlıq pərdəm pozulub. Məni valideynlərimə təhvil vermələrinə baxmayaraq, artıq Sənanla cinsi əlaqədə olduğum üçün onunla ər-arvad münasibətində bir yerdə yaşamaq istədim. Valideynlərimə bu barədə dedim.
Sənanın atası, anası, qardaşı və bacısı ilə birlikdə onların yaşadığı kəndə gəldim, ər-arvad münasibətində bir yerdə yaşamağa başladıq. Bir yerdə yaşamağımıza baxmayaraq, onunla cinsi əlaqədə olmadım. Artıq onu sevmirdim.
Sənanın valideynlərinin də yaxşı insanlar olmadığını anladım. Bu səbəblərə görə də Sənanla cinsi əlaqədən imtina etdim. Lakin bir yerdə yaşamağa başladıqdan təxminən üç ay sonra dəqiq xatırlamadığım ayda və gündə yenə də o, yataq otağımızda istəmədiyim halda mənimlə cinsi əlaqədə oldu”.
“Məni yola vermədilər”
Zeynəb qeyd edib ki, 2023-cü ilin avqustun 22-nə qədər Sənan və onun valideynləri, eyni zamanda bacısı Südabə ilə bir evdə qalıb: “Sənanla daha cinsi əlaqədə olmadım. Onun valideynləri və bacısı məni yola vermədilər. Sənanla yaşamağımı istəmədilər. Sənanın bacısı dəfələrlə dalaşaraq məni döydü. Amma bununla bağlı şikayət etmədim. Sənanla ayrılmaq qərarına gəldiyim üçün valideynlərim 22 avqust 2023-cü ildə gələrək məni Masallı rayonuna apardılar”.
Bu cinayət işinə Goranboy Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sənan 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını ümumi rejimli cəza müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilib. Müdafiəçi təqsirləndirilən şəxsin barəsində verilmiş cəzanın ağır olması səbəbi ilə hökmün cəza hissəsində dəyişdirilməsini, ona azadlığın məhdudlaşdırılması və ya şərti azadlıqdan məhrumetmə ilə bağlı cəzanın verilməsi barədə yeni qərar çıxarılmasını xahiş edib.
Şikayətə Gəncə Apelyasiya Məhkəməsində baxılıb, şikayət təmin edilməyib.