Gürcüstan neft və qazın kəşfiyyatı və hasilatı üçün iki şirkətə lisenziya verib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Neft və Qaz Agentliyindən bildirilib.
Beynəlxalq tenderin qalibləri Gürcüstan və Hindistan şirkətləri olub. Gürcüstan şirkəti Tianeti, Saqareco, Axmeta, Telavi, Kvareli, Siqnaği, Qurcaani və Laqodexi bələdiyyələri ərazisində yerləşən blokda (4 336 kvadrat kilometr), Hindistan şirkəti isə Kobuleti, Ozurgeti, Çoxatauri və Lançxuti bələdiyyələrini əhatə edən blokda (1 175 kvadrat kilometr) işlər aparacaq.
İlk mərhələdə qalib şirkətlər mövcud geoloji-geofiziki məlumatları emal edəcəklər və ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında hesabat hazırlayacaqlar.
İkinci mərhələdə seysmik kəşfiyyat işləri aparılacaq və əldə edilmiş nəticələrə əsasən üçüncü mərhələdə qazma işləri aparılacaq.
Qeyd edək ki, Gürcüstanda kiçik həcmlərdə neft və təbii qaz hasil olunur. 2023-cü ildə xam neftin hasilatı 38,9 min ton, təbii qaz hasilatı isə 16,4 milyon kub metr təşkil edib.