“Futbol Akademiyamızda yetişən bacarıqlı oyunçularımız var. Yerli futbolçulara tələbat sarıdan dəyişiklik olacağını düşünmürəm”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında ölkə çempionatının I Liqasında mübarizə aparan “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının 12-yə artırılacağı barədə qərarın komandasına mümkün təsirindən danışarkən deyib.
57 yaşlı gürcü mütəxəssis say artımından arxayınlıq yaranmayacağını, liderlik mövqeyini buraxmaq niyyətində olmadıqlarını söyləyib: “Bu barədə fikir səsləndirə bilmirəm, qərarı onlar qəbul edirlər, biz də icra etməliyik. AFFA-da o insanlar işləyirlər və belə qərara alınıb. Mən buna peşəkarcasına yanaşıram. Oyunumuza təsirinə gəldikdə, elitadan düşən vaxtdan “Qəbələ”yə qarşı hamının gözləntisi var idi. “Baku Sportinq” - “Karvan” qarşılaşmasında tərəflər heç-heçə etsələr də, onların “Qəbələ”yə qarşı oyunlarında necə kökləndiklərini gördük. Digər komandalar "Qəbələ"yə qarşı necə motivasiyalı oynayırdılarsa, yenə belə davam edəcəklər. Fikrimcə, çempionat daha maraqlı olacaq. Birinci yer hədəfimiz var, biz onu əldən vermək istəmirik”.
Tsxadadze legioner limitinin ləğvinə də münasibət bildirib: “Əlaqədar qurumlar bununla məşğul olurlar. Onlar necə qərar qəbul etsələr, elə də işləyəcəyik. Komandanın heyətinə düşməyə gəldikdə, orada təkcə legionerlərə deyil, hətta yerli gənc kadrlara daha çox üstünlük veriləcək. Ona görə də "Qəbələ" yerli futbolçulara da böyük önəm verəcək. Bu baxımdan, güclü rəqabət olacağını düşünürəm”.
Qeyd edək ki, Azərbaycan I Liqasında mübarizə aparan “Qəbələ” ötən mövsüm Premyer Liqanı sonuncu yeri tutduğu üçün tərk edib. “Qırmızı-qaralar” hazırda qapısından top buraxmayan yeganə komanda olaraq 30 xalla liderdir.