"Azərpambıq Aqrar Sənaye Kompleksi" ixracını kəskin artırıb.
Teleqraf.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"na istinadən xəbər verir ki, şirkət ötən il 56,1 milyon dollarlıq məhsul ixrac edib. Bu, 2023-cü illə müqayisədə 2,5 dəfə çoxdur.
2023-cü ildə şirkət 22,2 milyon dollarlıq məhsul ixrac etmişdi.
Ayrıca şirkət 2024-cü ildə qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində ilk onluqda altıncı yer tutub.
“Azərpambıq ASK” MMC 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur.
Azərpambıq ASK-nin də üzv olduğu "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan prezidentinin 27 dekabr 2024-cü il fərmanı ilə ləğv edilib və şirkət Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.