12 Dekabr 2017 08:56
1 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənətdə "möhür" söhbəti tamamilə cahil bir yanaşmadır. Ortababların, istedadsızların, dahilərin çörəyini yeyən zırramaların uydurması və qazanc yeridir.

Bu sözləri Teleqraf.com-a şair Aqşin Yenisey sənətdə möhürü çox ustalıqla vurulmuş mövzulara, əsərlərə sonradan kiminsə müraciət etməsinin doğru olub-olmaması haqda danışarkən deyib.

Şair möhür söhbətini yaradıcı çevrələrdə qorxu mühiti yaratmaq üçün kimlərinsə uydurduğunu bildirib:

“Sənətdə "möhür" söhbəti tamamilə cahil bir yanaşmadır. Ortababların, istedadsızların, dahilərin çörəyini yeyən zırramaların uydurması və qazanc yeridir. Eyni mahnını Rəşid Behbudovdan min, Polad Bülbüloğlundan on min dəfə yaxşı oxuyan gənclər ola bilər və var. Sadəcə, bizdə kim rəsmi şəkildə bəyənilib mükafatlandırılırsa, qara camaat da onu möhür sayır. Möhür söhbəti yaradıcı çevrələrdə qorxu mühiti yaratmaq üçün kimlərəsə lazımdır. Bizdə bu cür şablonlar televiziya ilə bağlı sənət sahələrində qalıb. Ədəbiyyatda heç kim heç kimi möhür-zad hesab etmir. Ancaq aktyorlar, aparıcılar, müğənnilər tez-tez kiminsə əlindən su içdiklərini dilə gətirib qürrələnirlər. Mən heç yerdə oxumadım ki, rəhmətlik Maykl Cekson kiminsə əlindən su içdiyi ilə öyünsün. Adama deyərlər, bir möhürlə bacarmırsansa, nə itin azıb sənətdə?”

Rejissor-ssenarist Cavid Təvəkkülün fikrincə istənilən əsərin surətini çıxarmaq mümkündür:
“Bu suala cavabım subyektiv ola bilər. Fikrimin nə dərəcədə yanlış olub-olmadığını deyə bilmərəm, amma düşünürəm ki, istər musiqi, istər teatr, istərsə kino praktikasında bir əsərə yenidən qayıtmalar var və deyərdim ki, 50%-i uğurlu alınır. Burda bir məsələ var, o da əsərin özü. Təsviri sənət, musiqi, teatr və kinoda elə əsərlər var ki, doğurdan da onlara toxunmaq qeyri-mümkündür. İstəsən belə, alınmayacaq. Orijinal o qədər mükəmməldir ki, ondan bu tərəfə heç nə etmək mümkün deyil. Belə əsərlər var”.

Aktyor Kamran Ağabaleyev mövzuya bir az sadə yanaşıb:

“Şerlok Holms” obrazını Nikolay Volkov, Alqimantas Masyulis, Aristarx Livanov, Kristofer Plammer, Maykl Keyn və son illərdə Robert Dauni, Benedikt Kemberbetç oynayıblar. Şerlok Holmsdan ötə personaj var? Amma sadaladıqlarımın hamısı bu rolu oynayıblar. Və hələ bu mənim yadımda qalanlardır. Və ya “Komissar Meqre”ni Jan Qaben, Serjio Kastelitto, Samoylov və bu yaxınlarda hətta Rouen Atkinson (Mister Bin) da oynayıb. Yəqin hamı başa düşər nə demək istədiyimi”.

Şair Əvəz Qurbanlı isə möhürü vurulmuş əsərlərə başqaları tərəfindən yenidən müraciət olunmasını qəbul etmir:

“Bunu təqlidçilik, "mədəni oğurluq" hesab edirəm. Əsər ilk dəfə kimin adı ilə şöhrət tapıbsa, onun adı ilə də yaddaşlarda qalır və qalmalıdır. Əsərə yenidən müraciət edilməsi, tutaq ki, hansısa mahnının yeni aranjimanda oxunması, əsərin orijinalına hörmətsizlikdir. Bəzən hətta elə olur ki, yeni variantda səsləndirilən əsər sosial şəbəkələrdə rekord qırır, orijinal əsər isə kölgədə qalır. Buna səbəb, orijinal əsərin zəif olması deyil, yeni variantın daha çox təbliğ olunmasıdır. Məsələn, İlhamə Quliyevanın "Kaman" mahnısı şedevrdir. Müğənni Zamiq onu yeni aranjimanda oxuyub. Oxuyub yox, "yaman günə" qoyub. Buna baxmayaraq, Yutubda İlhamənin "Kaman"ı vur-tut 500 min baxış sayı toplaya bilib, Zamiqin oxuduğu "Kaman"ı isə 12 milyon nəfər izləyib. Bu ədalətsizlikdir.

Bəlkə də Zamiq mahnının əvvəlində əsərin orijinalına hansısa işarə versəydi, bütün dinləyicilərə bu mahnının İlhaməyə aid olduğunu bildirsəydi, ədalətsizlik olmazdı.

Yuxarıda dediyim kimi, şedevr əsərlərə toxunmaq olmaz. Toxunulsa belə, heç olmasa, orijinal əsərin müəllifinin haqqı qorunmalıdır”.

Əməkdar artist Mətanət Atakişiyeva da möhürə əl uzatmağın yasaq olması fikriylə razılaşmadığını bildirib:

“Mən bu fikirlə razı deyiləm ki, kimsə toxunulmazdır. Məsələn, Nəsibə xanım Zeynalova “Qayınana” filmindəki “Cənnət” obrazını elə yaradıb ki, hələ də o obraz onun adı ilə bağlıdır. Amma vaxt gələr ki, daha yaxşı oynayanlar da ola bilər. Biz tələbə olanda “İblis” obrazını ilk dəfə rəhmətlik Həsənağa Turabov oynadı. Tamaşaya ilkin baxış keçiriləndə hamı onun aktyorluğuna heyran qalmışdı. Ancaq tamaşanın premyerasında təəccübləndik. Çünki “İblis” rolunu başqa bir böyük aktyorumuz Hamlet Xanızadəyə həvalə etmişdilər. Hətta Həsənağa müəllim də Hamletin ondan üstün oynadığını qəbul edib, roldan imtina etmişdi. Ona görə də istənilən sahədə özündən əvvəlkiləri üstələyə biləcək istedadlı adamlar olacaq”.

Aktrisa Gülər Nəbili buna görə hətta tənqid olunduqlarını da qeyd edib:

“Bilirsiz, hər kəs bu suala bir cür yanaşa bilər. Məncə, hər hansı bir əsərə yeni nəfəs verməklə həm müəllifi, həm də həmin əsəri yaşatmaq olar. Məsələn, biz Cəfər Cabarlının “Aydın” əsərini müasir dövrün tələblərinə uyğun olaraq tamaşaya qoymuşuq. Bəzi tamaşaçılar xoş qarşıladı, bəziləri isə tənqid etdi. Fikirlər müxtəlifdir. Məncə, bütün əsərlərə sonradan müraciət etmək olar”.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər