Aqşin Evrənin “Erkən yura dövrü” şeiri.
Teleqraf.com-un “Xəzərin səsi" layihəsində bu dəfə Aqşin Evrəndir.
Mətn:
Erkən Yura dövrü
Ayaqqabısı cırıq atanın
əlində çörək evə getməsindən böyük kədər yoxdu
Çörəyin istisi unutdurur ayağının üşüməsini
Qulağı küçə boyu axtarır
evdə yuxulayan oğlunun səsini
Yeri dimdikləyən quşlar
qaytarmaq istəyir bizə ölmüş doğmalarımızı
Qarışqalar səhər yeməyini süfrəmizdə
şam yeməyini anamızın cəsədində keçirir
İndi bu böyük dünyada yalnız qarışqalar
doğmalarımızdan bizə bir tikə gətirir
Bircə bu qarışqalar qovuşdurur bizi doğmalarımıza
Dünyanın necə yaşanılmaz olduğunu
balıqlar göstərir bizə:
sudan çıxan kimi boğulub ölürlər.
İnsan da yaş ötdükcə balacalaşır
elə bil, yığılıb yenidən bətnə qayıtmaq istəyir
Elə bil, qığıltını susduran bu kilsə zəngləri,
bu azan səsi adamı ölümdən oyatmaq istəyir.