Teleqraf.com-un “Portret” layihəsində gənc şair Ulucay Akif atası, mərhum Akif Səməd haqqında danışır.
– Ulucay, atan dünyasını dəyişəndə sənin neçə yaşın vardı?
– Doqquz.
– Onda atanı şair kimi tanıyırdın?
– Xeyr, onu dərk edəcək yaşda deyildim.
– Bəs nə vaxt tanıdın?
– Ölümündən üç-dörd il sonra onu yavaş-yavaş tanımağa başladım. Amma düzü, atamı hələ də Akif Səməd kimi tam dərk etməmişəm.
– Onu sənin üçün dərkolunmaz edən nədir?
– Bir sufi şairi olması və mənim dərrakə baxımından hələ də o qədər yüksəkdə olmamağım.
– Atanın ölüm xəbərini necə eşitdin?
– Bacılarım və qardaşımla cizgi filminə baxırdıq, anam isə bazara getmişdi. Birdən ev telefonumuza zəng gəldi, qardaşım götürdü, xəbəri ona dedilər və dəstəyi asdı. Bizə dedi ki, ata ölüb... Qardaşımın onda 13 yaşı vardı. Qaldıq belə. Əvvəl fikirləşdik ki, yəqin zarafat ediblər, sonra ağladıq, qorxduq. Mobil telefon da yox idi, ev telefonu ilə də kimə zəng edə bilərdik? Gözləməyə başladıq.
– Kimi?
– Anamı, atamı... Başladıq evdə ora-bura dəli kimi qaçmağa. Bir də gördük ki, camaat qapımızın ağzına yığışıb. Qonşudan bir dayı qapını döydü və bizdən palaz istədi. Biz də dedik ki, axı anamgil evdə yoxdur. Amma bir tərəfdən də ürəyimiz əsirdi ki, bu qədər adam bura yığılıbsa, deməli, atamız doğrudan da ölüb. Qonşudan bir xanım bizi çağırıb evinə apardı. Biz evimizin qabağına yığılan adamlara qonşunun pəncərəsindən baxmağa başladıq. Sonra anam ağlaya-ağlaya gəldi.
– Son görüşünüz necə olmuşdu? Evdən necə çıxmışdı, yadına gəlir?
– Təəssüf ki, xatırlamıram. Atam hər gün səhər işə gedirdi, axşam qayıdırdı, qeyri-adi nələrsə baş vermirdi. Yadımda qalan xatirələrin isə vaxtını tam dəqiqliyi ilə bilmirəm. Biz qonşu xalagildə olanda kimsə bizə gəlib dedi ki, atan sizinlə sağollaşmaq istəyir. Amma evimizə gələndə atam ölmüşdü. Onu bizə kim demişdi, niyə demişdi, hələ də bilmirəm. Bəlkə də o adam bunu ona görə demişdi ki, biz atamızı son dəfə görək.
– Sağollaşdınız?
– Yox...
– Ulucay, bəs atandan sonra necə yaşadınız? Sizə kim baxırdı?
– Anam işsiz müəllimə kimi maaş alırdı. Eyni zamanda atasızlığa görə pul alırdıq. Həm də qohumlardan kömək edənlər olurdu. Mətin yaşayırdıq. Evimizə bir az pul gəlirdisə, o da yeməyimizə, təhsilimizə gedirdi.
– Heç atanın yaxın dostları sizə kömək etdimi?
– Yox. Uşaq vaxtı yas tədbirlərində, anım günlərində görürdüm ki, atam elə-belə adam deyil. Hamı təskinlik verirdi ki, biz varıq, narahat olmayın. Ona görə də atamsız həyat biz qədər də qorxulu gəlmirdi. Amma şükür, onlara ehtiyacımız olmadı, özümüz başa çıxa bildik, yaşaya bildik. O dönəmlərdə bizə kömək edən, demək olar ki, olmadı.
– Necə oldu ki, sən də şeir yazmağa başladın? Tutalım, görəsən, atan şair olmasaydı, sən şeir yazacaqdın?
– Mən atam şairdir deyə şeir yazmıram. Atamın ölümüdən bir xeyli, 7-8 il keçəndən sonra yazmağa başladım. Onda 9-cu sinifdə oxuyurdum. İlk şeiri isə həmin vaxtı məktəbdə sevdiyim bir qıza görə yazırdım. Şeiri atama görə yamağa başlasaydım, ilk şeiri də atama yazardım. İlk şeirlərimi o qıza yazmışdım. Ondan sonra da davam elədim.
– Maraqlıdır, atanı ən çox nəyə görə qınayırsan?
– Düşünürəm, özünə baxsaydı, yaxşı olardı, sağ olar, yanımda olardı. Onun sağlamlığı təkcə içki ilə bağlı məsələ deyildi. Ümumiyyətlə, özünə laqeyd idi, özünə baxmırdı, dünya vecinə deyildi deyə hər şeyə vecsiz yanaşırdı. Fikirləşirəm, heç olmasa, bizə görə yaşamağa çalışsaydı, yaxşı olardı. Hərdən adam fikirləşir ki, elə situasiyalar olur, o vəziyyətdə ataya hədsiz ehtiyacın yaranır. Adicə məsləhətinə belə. Çünki həmin o boşluğu dolduran biri olmayanda adam özünü yarımçıq hiss edir. Düzdür, anam bizə onun yoxluğu hiss elətdirmədi. Bizə həm ata oldu, həm də ana. Amma düşünürəm, oğul üçün ata başqa bir şey olmalıdır. Bunu görməmişəm, bilmirəm. Atamın sırf mənim uğurlarıma sevinsin deyə sağ olmasını istərdim. Kaş görəydi ki, Uucay universitetə qəbul oldu, şeirlər yazır...
– Neçənci ildə dünyasını dəyişdi?
– 2004-cü ildə. 45 yaşı olmağına günlər qalmışdı.
– Övladları ilə bağlı xüsusi arzuları vardımı?
– Atamın evimizdə şəxsi kitabxanası vardı. Anama deyirmiş, elə elə ki, Ulucay bu kitabların hamısını oxusun. Sonra deyirmiş ki, elə elə, oğlanlarım mənə oxşamasın.
– Nəyə görə oxşamasın?
– Bilmirəm. Şairlərin təbiəti, taleyi başqa olur. Bəlkə də buna görə.
– Atan bizi görürsə, səncə, oğlunun şair olmana sevinir, yoxsa narahat olur?
– Məncə, sevinir, çünki şair olsam da, çox situasiyada atamdan fərqli davranıram. Atamın şair kimi yox, insan kimi etdiyi səhvləri təkrarlamamağa çalışıram. Atamdan fərqlənməyə çalışmağım da bundan irəli gəlir. Çalışıram, yaradıcılıqda, ədəbiyaytda atam kimi olum. Ola bilməsəm də, ən azından onun kimi davranım.
– Atan şeirlərini ancaq hecada yazıb?
– Xeyr, sərbəst şeirləri də var.
– Akif Səmədin ədəbiyyatda yerini harda görürsən?
– Bayaq da dedim ki, mən Akif Səmədi hələ tam mənası ilə dərk etməmişəm. Dərk etməməyim də ona dəlalət edir ki, o, yüksəkdə olan şairdir. Amma anladığım şeirləri də var: sevgi şeirləri, xatirə şeirləri, sadə şeirləri. Təbii, məndən daha sanballı adamların fikirləri də onu təsdiqləyir ki, Akif Səməd yüksəkdə olmalı bir şairdir.
– Bəs atanın yaradıcılığında nəyi bəyənmirsən?
– Əslində, yaradıcılığında da bəyənmədiyim xüsusiyyətləri var. Məsələn, şeirlərini folklor janrında-bayatı, qoşma, gəraylı tərzində yazıb. Amma sərbəst vəzndə fərqli, yeni şeirlər yaza bilərdi, təəssüf ki, yazmayıb. Təbii, atam hecada yazsa da, yenə fərqli fikir deyə bilirdi.
– Atan harda işləyirdi?
– Düzü, onun işləri ilə elə də maraqlanmamışam. Amma AzTV-də də işlədiyini bilirəm.
– Atanın ölümündən illər keçib. Hiss edirsənmi ki, zaman keçdikcə atan yadlaşır, boşluq sanki, öz-özünə dolur?
– Yadlaşır demək doğru olmaz, sadəcə, yoxluğuna öyrəşirsən. İlk vaxtlarda yoxluğuna öyrəşə bilmirsən, dostların atalarından nəsə danışanda qalırsan qıraqda, adam əsəbiləşir. Tam səmimi deyirəm, nəsə iş görəndə insanlar deyir, göydən allah baxır, mən isə göydən atamın baxdığını hiss edirəm. Yaxşı işim olanda duyuram ki, atam sevinir.
Lap əvvəllər süfrədə oturanda atamın yaratdığı boşluğu evdə daha çox hiss edirdim, hiss edirdim ki, kimsə yoxdur. Amma atamın gedişi digər ailə üzvlərimizi bir-birimizə o qədər sevdirdi, bərkitdi, öyrəşdirdi ki, onu xatırlamaq daha bizə o qədər də ağır gəlmir. Əlbəttə, xatırlayırıq. Bacılarım və qardaşım bu həssas mövzuya o qədər də toxunmurlar. Amma anamla mən tez-tez danışırıq. Hərdən atama aid nəsə yazanda anam oxuyur, gəlir deyir, belə bir hadisə də olmuşdu, başlayır danışmağa. Deyir, nə vaxtsa yazsan, bunu da yaz. Atamla sevgili olduqları vaxtı, xatirələrərini danışır.
– Atanın çap olunmayan şeirləri varmı?
– Var.
– Sosial şəbəkədə tez-tez yazırsan ki, mən Akif Səmədin oğluyam. Buna çoxmu ehtiyac duyursan?
– Onu çox vaxt lağyana yazıram. (gülür) Bir də görürsən, status yazıram, kimsə yazır ki, Akif Səmədin oğlusan, sənə yaraşmır. Mən də bu münasibətə qıcıq olub yazıram ki, mən Akif Səmədin oğluyam.
– Atana aid əşyalar evinizdə hələ də qalır?
– Bəli... Elçibəyinmi, yoxsa İsa Qənbərinmi verdiyi qəlyan durur. Paltosu, kostyumları, papaqları, qələmləri, sazı...
– Atanın dörd kitabı çap olunub. O kitabları qorumağa, yenidən nəşr etdirməyə bir oğul kimi özünü borclu hiss etmirsən?
– İstəyirəm Ulucay Akif tam olsun, ondan sonra çap etdirim. Hələ vaxta var. Yenə deyirəm, adicə sosial şəbəkədə nəsə yazanda belə sanki Akif Səməd adını mənə çox görürlər. Atamdan imtinamı etməliyəm? Adamı sıxırlar. Tədbir olur, şeir deyirsən, kimsə ayağa durur, deyir, Ulucay Akif Səmədin oğludur. Heç yeridir?
– Deyirsən ki, atamı dərk etmirəm. Ola bilərmi elə məqama çatasan və atanı bir şair kimi, ümumiyyətlə, qəbul eləməyəsən?
– Əlbəttə, ola bilər. Məsələn, mən özümü Akif Səməddən daha bəşəri şair hesab edirəm. Onun millətlə, türkçülüklə lokallaşdığını düşünürəm. Bu da onunla bağlıdır ki, bizim yaşadığımız dövrlər, siyasi proseslər tamamilə fərqlidir. Mən də həmin zamanın şairi olsaydım, bəlkə də Akif Səmədin davamçısı olardım. Amma indi özümü atamın davamçısı hesab eləmirəm. Akif Səməd ilə Ulucay Akifin əlifbaları belə fərqlənir. Akif Səməd kiril əlifbası ilə yazırdı, Ulucay Akif latınca. Bu faktor belə yaradıcılıqlarında nə qədər fərqlər ola biləcəyinə işarədir.
Akif Səməd indiki cəmiyyət üçün heç maraqlı olmazdı. Mən deyərdim, bəlkə də bu cəmiyyət üçün gərəksiz də görünə bilərdi. Akif Səməd lokal, amma dərin şair idi. Ulucay Akif isə hələ dayaz olsa da, bəşəri şairdir.