2 Fevral 2018 10:56
20 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.01.31 21:00

Onun haqqında çox eşitmişdim. Demək olar ki, bütün şeir məclislərində şairlər söhbəti mütləq onun üstünə gətirirdilər. Əruz şairlərinin bir çoxu ondan həm elm, ədəb öyrəniblər, həm də onun etimadını qazandıqdan sonra bu yolda addımlamağa cəsarət ediblər. O, Nizami Gəncəvi və başqa klassiklərin əsərlərini farscadan Azərbaycan dilinə əruz vəznində tərcümə edib. Tərcümələri o qədər keyfiyyətli və səlisdir ki, bəzən əruzşünaslar da heyrətlərini gizlədə bilmir, hətta tərcümənin şeirin orijinalından daha gözəl və şirin olduğunu söyləyirlər. Söhbət Nizamişünas, tərcüməçi, şair, “Məcməüş-şüəra” və “Vahid” ədəbi məclisinin üzvü Mircəlal Zəkidən gedir.

Onu görmək üçün doğma kəndi Maştağaya yollandım. Demişdi ki, kəndə girəndə zəng edərsən, oğluma deyərəm, səni qarşılar. Yolboyu ondan soruşmaq istədiyim sualları təkrarladıqca düşünürdüm ki, insandakı əzəmətə bax, məni indidən öz təsirinə salıb, bəs üzbəüz nə danışacam, nə soruşacam? Sanki birinci sinif şagirdi idim və Ağa mənə əlifbadan tutmuş yazı yazmağa kimi, hər şeyi bir-bir təzədən öyrədəcəkdi. Açığı, bu ana qədər onun haqda çox eşitsəm də, heç vaxt üzünü görməmişdim.

Kəndin girəcəyində zəng etdim, dedi ki, gözlə. Çox keçmədi, bir də gördüm ki, kürəyində klassik ədəbiyyatın yükü, üzündə qəzəl abır-həyası, baxışında qəsidə səmimiyyəti olan bir nəfər müzare bəhrində mənə tərəf yeriyir. Görən kimi dedim ki, bu Ağadır. Mənə çatana yaxın əlini uzadıb, “Gər xane mohəqqər əst o tarik, Bər dide-ye-roşənət neşanəm” deyəndə anladım ki, yanılmamışam. Ancaq dediklərini başa düşmədiyimi hiss edib izah etdi: Deyirəm ki, əgər evim görkəmsiz (qaranlıq) olsa, Səni işıqlı gözüm üstə əyləşdirərəm. Şeyx Sədi Şirazinindir.

Açığı, təəccübdən nə deyəcəyimi bilmədim. Dedim ki, ay Ağa, nə əziyyət çəkirdiz, oğlunuz gələrdi də. Yolu göstərə-gəstərə “Dedim, birdən oğlumu göndərərəm, təkəbbürlülük kimi çıxar, özüm gəldim”, - dedi.

Bu sözün qarşısında sükutla təzim etməkdən başqa əlacım qalmadı. Evə daxil olanda Ağanın ailəsi məni sanki ən əziz adamları kimi ehtiramla salamladı. Öz-özümə düşündüm ki, hə, deyəsən bu o haldır, atamın mənə həmişə izah etməyə çalışdığı, klassik ədəbiyyatın insana aşıladığı hal. Hansı ki, o halda insan heyrətdən heykəl kimi donub qalır, görənlər isə onu surət xəyal edir. Bu səmimiyyətin qarşısında da təzim edib, Ağanın otağına keçdim. Hər yan kitab idi. Otağa daxil olanda, sanki kitablar məni ağuşuna alıb nəvazişlə sığal çəkdi. Onların qoxusunu içimə çəkdikcə anladım ki, insanı yaşamaq üçün lazım olan oksigenlə təkcə ana təbiət yox, həm də kitablar təmin edir.

Ağayla üzbəüz əyləşdik.

O, elə bir kamillik mərtəbəsinə çatıb ki, mənim üzümdən hiss edirdi - həm həyəcanlıyam, həm də bu mövzulardan çox da xəbərdar deyiləm. Ona görə, məni qabaqlayıb söhbətə özü başladı. Şeyx Nizami, Nizamini araşdıran başqa millətlər, o vaxtkı şərqşünaslar və yeni tərcümələr haqda danışdı. “Harvard Universiteti”nin fəxri doktoru, şərqşünas Rüstəm Əliyev haqda xatirələrini bölüşür, Nizamiyə ən yaxşı elmi şərh yazan Əhmədağa Əhmədov haqda məlumat verirdi.

Bütün bu isinmə hərəkətlərindən sonra hiss etdim ki, dilimin də donu açılır, surətin gördükdə lal olduğum adamdan nəsə soruşmağa cürət də tapıram. Elə ilk olaraq, mübahisəli məqamlardan olan Şeyx Nizaminin kimliyi, milli mənsubiyyəti haqda soruşdum. Dedi ki, narahat olmağa səbəb yoxdur. Şeyx Gəncədə doğulub, Gəncədə də dünyasını dəyişib. Heç bir qüvvə onu başqa millətin nümayəndəsi kimi təqdim edə və bizdən ayıra bilməz. Nizami əsil türkdür.

Düzünü desəm, mənim üçün bu bir o qədər də əhəmiyyətli deyildi. Ona görə ki, heç bir fərqi yoxdur, Günəş şərqdən çıxıb qərbdə batır, yoxsa qərbdən çıxıb şərqdə. Əsas odur ki, bütün bəşəriyyət eyni Günəşin hərarətinə sığınır.

Zaman keçdikcə beynimin də donu açılırdı. Mənə maraqlı olan məsələlər bir-bir üzə çıxır, qulağıma “məni də soruş, məni də soruş” deyə pıçıldayırdılar. Yəqin ki, bilirsiz, Nizamidən sonra “Leyli və Məcnun” poemasını 100-dən çox şair yazıb. Ancaq Nizami Gəncəvinin və Məhəmməd Füzulinin “Leyli və Məcnun”u qədər şöhrət qazananı olmayıb. Bu dəfə Nizaminin “Leyli və Məcnun”u ilə, Füzulininki arasında fərqin nədən ibarət olduğunu soruşdum. Ağa da dedi ki, o 100 şairin yazdığı “Leyli və Məcnun” Nizaminin atının ayaqlarının tozuna da çatmaz. “Onların heç biri Nizaminin Leylisini başa düşə bilməyib, həmçinin Füzuli də. Düzdür, Füzuli Azərbaycan dilində yazıb və olduqca gözəl yazıb, ancaq yenə də bütün parametrlərdə Nizami ondan üstündür. Ümumiyyətlə, Nizaminin bütün əsərləri bir-biri ilə əlaqəlidir. Hamısı bir-biri ilə rabitədədir. Məsələn, Nizami “Leyli və Məcnun”da Leylinin əsl adını bir dəfə çəkir. Leylinin əsl adı Zübeydə idi. “İskəndərnamə”də də Zübeydənin, yəni Leylinin adını çəkir. Əgər mən hər iki əsəri oxumasam, bu adın kimə aid olduğunu da bilməyəcəkdim. Oğul, sən de görüm, əncir kal olanda onu dərəndə nə baş verir?”

- İçindən süd kimi bir şey axır, Ağa.

Sözümü bitirməmiş Ağa əllərini üzünə tutub hönkürtüylə ağlamağa başladı. Çaşqın-çaşqın baxa-baxa nə edəcəyimi bilmədim. Bir az özünü ələ alıb sözünə davam etdi:

- Xəzər, mən Nizamidən danışıram, ona görə ağlayıram. Nizami ənciri qadın döşünə bənzədir. Və deyir ki, necə ki, əncir öz südü ilə yetişir, Leyli də öz südü ilə yetişib və o məqama yetib. Hər bir müridin mürşidi olar, ancaq Leyli öz iradəsi ilə övliya məqamına yüksəlib. Nizamidən sonrakılar bunu başa düşməmişdilər. Vəhid Dəstgirdi də yazırdı ki, Zübeydə, yəni Leyli Harun ər-Rəşidin arvadı olub. Harun ər-Rəşidin arvadının Nizami Gəncəvinin Leylisi ilə heç bir əlaqəsi yoxdur. Olmaz, bunu mən desəydim, mənə bağışlayardılar. Sənə bağışlamazlar axı, Vəhid. Nizami Leylinin bu cür məqama yetməyini bütün insanlara misal çəkirdi və deyirdi ki, hər kəs öz-özünü tərbiyə etməklə, öz iradəsinin gücü ilə o məqama ucala bilər.

Bu dəmdə başqa bir mübahisəli məqam, Leylinin kimliyi və milli mənsubiyyəti barədə sual yadıma düşdü:

- Ağa, deyirlər ki, Leyli türk qızı olub. Bəziləri izah da verir ki, Leylinin türk qızı olmasına işarə odur ki, Məcnun eşqdən çöllərə düşsə də, Leyli evdə xəstə yatdı. Əgər Leyli ərəb qızı olsaydı, o da çöllərə düşərdi. Ərəblər üçün isə çölçülük normal haldır. Deməli, Leyli türk qızı idi ki, ölənə qədər evdən bayıra çıxmadı.

Hiss etdim ki, sual Ağanın xoşuna gəlməyən suallardandır, narazı halda başını yellədi:

- Ay oğul, bu iddialar hamısı cəfəngdir. Bizim naşı ədəbiyyatşünasların uydurmasıdır. Nizamini tanımırlar, düzgün tərcümə etmirlər. Bu gün mən bu məsələlər haqda heç olmasa mənimlə eyni səviyyədə danışa biləcək bir adam tapa bilmirəm.


Bu məsələlərdə Ağanın həssas olduğunu görüb, onu özündən çıxarda biləcək sualları bir kənara atdım. Gərgin atmosferi başqa bir sualla klassik poeziyanın heyrətamiz sükutuna dəvət etdim. Biz bilirik ki, təkcə Azərbaycanda yox, dünyanın az qala hər yerində Nizamini oxuyan, öyrənən və onu özünə ustad bilən bir xeyli şairlər var. Bəs görəsən, Nizami kimləri oxuyurmuş, sevirmiş? Ağa dedi ki, Nizami özündən əvvəlkilərə hörmətlə yanaşıb və oxuyurmuş:

“İki şairi isə çox sevirmiş. Bir Əbülqasim Firdovsini, bir də Sənayi Qəznəvini. Hətta bəzi əsərlərində Firdovsiyə ustad deyə müraciət edirmiş. Başqa bir maraqlı məqam da budur ki, “Məxzənül-əsrar”da (Sirlər xəsinəsi) Nizami öz dövründə ona paxıllıq edən şairlərə də toxunub. Yəni bütün dövrlərdə belə insanlar var imiş. Onu da qeyd edim ki, Nizaminin doğulduğu tarixi də bizə yanlış öyrədiblər. Nizami 1141-ci ildə doğulmayıb...

***

Nizami Gəncəvinin təvəllüd tarixi haqqında təzkirə müəllifləri və tədqiqatçılar arasında ixtilaf vardır. O cümlədən Çex alimi Yan Rıpka, Bertels Yevgeni Eduardoviç və Vilhelm Baxer, şairin təvəllüd tarixini 1140-cı il qeyd etmişlər. Bundan əlavə, Müctəba Minəvi 1140, Vəhid Dəstgirdi 1138-1145 arasında, Minorski 1146 və ya 1156, “Məxzənül-əsrar” (Sirlər xəzinəsi) məsnəvisini ingilis dilinə tərcümə edən Darab Xan 1145, Doktor Məhəmməd Muin 1147 və ya 1148, Doktor Zəbihullah Səfa 1135, Doktor Şəhabi 1135-1145 illər arasında, Mir Abbas Baqirzadə 1126-cı il qeyd edib.

Amma şairin təvəllüd tarixini dəqiqləşdirməyə əsas verən dəlilimiz vardır ki, Nizami “Məxzənül-əsrar” (Sirlər xəzinəsi) məsnəvisində Həzrəti-Rəsuli-Əkrəmin (s) mədhində olan fəsldə deyir:

Pansəd o pəncah bəs əyyam-e xab,
Ruz bolənd əst be məcles şetab.

Tərcüməsi:

Yuxuda keçirdiyin beş yüz əlli il bəsdir,
Günəş çox yüksəklərə qalxmışdır, məclisə tələs.

Həzrəti-Rəsuli-Əkrəmin vəfatından 550 il keçdiyini hesabladıqda, bilirik ki, onun hicrəti rehlətindən (vəfatından) 11 il əvvəl olub və 550-nin üstünə 11 il əlavə etmək lazımdır, ta ki “Məxzənül-əsrar” (Sirlər xəzinəsi) məsnəvisinin yazılma tarixini bilək. “Məxzənül-əsrar” (Sirlər xəzinəsi) məsnəvisinin yazılma tarixi: 550+11=561 h.q. (1165 miladi təqvimlə)

Nizami həmin məsnəvidə özünü 40 yaşa yaxın (39 yaşda) olduğunu qeyd edir. Əgər bu rəqəmi (39) 561-dən çıxsaq, şairin təvəllüd tarixi məlum olur. 561-39=522. Yəni 1128-ci il.

Buna görə də Mir Abbas Baqirzadənin şairin təvəllüd tarixini 1126-cı il qeyd etməsi həqiqətə yaxındır. Belə olduqda 1139–cu ildə Gəncədə baş vermiş şiddətli zəlzələ zamanı Nizami 12 yaşında olub.

Şairin vəfat tarixi haqqında olan fikirlər də müxtəlifdir. O cümlədən:

Dövlətşah Səmərqəndi “Təskirətüş-şüəra” təzkirəsində və Rzaqulu xan Hidayət “Məcməül-füsəha” təzkirəsində, Nizaminin vəfat tarixini 1180–ci il qeyd ediblər. Qəzvini “Asarül-bilad”da 1194, Hacı Xəlifə “Kəşfüz-zünun”da 1199-1200, Bertels “Dairətül-məarif-e eslam” da və həmçinin 1202-1203, Şibli Nemani “Şerül-əcəm”də 1202, “Atəşkədənin” bəzi nüsxələrində 1193, Doktor Məhəmməd Muin və Doktor Zəbihullah Səfa 1217, Vəhid Dəstgirdi 1203-1205 və başqa təzkirə müəllifləri 1180, 1190, 1199, 1200, 1205, 1209-cu ili qeyd etmişlər.

Şeyxin vəfatına daha yaxın tarix barəsində demək lazımdır ki, Nizami “İqbalnamə” məsnəvisində məmduhun mədhində qələmə aldığı beytlərdə Nüsrətəddin Əbu Bəkr Məhəmməd Pəhləvanın övlad sahibi olmaq arzusunda olduğunu və Gürcüstandan olan bir xanımla icdivac etmək qərarına gəldiyini deyir. Bu izdivac Gürcüstan hökmdarının qızı ilə 1205-ci ilə təsadüf edir. Şübhə etməmək olar ki, o, 1205-ci ilə qədər həyatda olub. O, 81 yaşında 1205-ci ildən sonra, ehtimal ki, 1206-cı ildə dünyadan gedib.

“Kəsira ke dər gerye arəm ço ab,

Bexəndanəməş baz çon aftab”.

Bu misralar “İskəndərnamə”dəndir. Nizami burda deyir ki, hər kəsi su kimi ağlatsam, onu Günəş kimi güldürərəm də. Nizaminin məni ağladan vaxtı da olub, güldürən vaxtı da. Məni ona bağlayan səbəblər çoxdur. Bax gördüyün bu kitabı (“Sirlər xəzinəsi”ni göstərir) ağlaya-ağlaya tərcümə etmişəm.

İndi yaşadığım bu evi 1965-ci ildə tikmişəm. Buralar çöllük idi. O vaxtlar Nizamini tərcümə etmirdim. Evi qeydiyyata alanda Nizami küçəsi, ev 25 yazdılar. Sonralar tam təsadüf nəticəsində Nizami adına “Ədəbiyyat Muzeyi”ndə işlədim. Qəribəsi budur ki, maaş kartımın nömrəsi də 2525 idi. Bir maraqlı məqamı da deyim, mənim soyadım Zəkiyevdir, Nizaminin tam adı isə Cəmaləddin Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki ibn Müəyyəddir. Nizami onun təxəllüsüdür.

...Ağanın Nizamiylə bağlı hər sözündən sonra kövrəlməsi onu gözümdə Nizami qədər ucaldırdı. Ya da Nizami onun simasında təcəlla edirdi. Onun Nizamiyə bu qədər aşiq olduğunu bilmirdim. Bu, eşqin elə bir mərhələsidir ki, görənlər, anlayanlar bu eşqin özünə aşiq olurlar. Düşünürdüm ki, görəsən, Nizamini tərcümə edənlər arasında ona Ağa qədər həssas yanaşan, belə ürəkdən bağlı olan ikinci bir adam olubmu? Sanki ürəyimi oxudu:

“Sovet vaxtı Nizamini tərcümə edənlər şeirin nəinki batini mənasını, heç ölçülərini, bəhrlərini də düzgün bilməyiblər. 11 hecalı şeirləri 14 hecaya tərcümə ediblər. İndi sənə Səməd Vurğunla Mirzə İbrahimovun tərcüməsindən bir neçə misal çəkim, özün bax. Nizami bir misrasında təxminən belə bir fikir deyir, bir gün əhvalım şahanə idi, Keyqubad kimi şad idim. Keyqubad da Keylər sulaləsinin şahı idi. İndi gör, Səməd Vurğun bunu necə tərcümə edib. “Bir gün nəşəli idim aləmi-şad kimi, Dəmlər içində idim Keyqubad kimi”.
Aləmi-şad kimi nə deməkdir? Aşağıda Keyqubad kimi deyəcək deyə, qafiyə xatirinə nə gəldi yazıb. Gör, arxasınca nə deyir. “Qaşlarım açıqdı sanki bir kaman”.

Kaman nə vaxtdan açıq olub? Kaman bükülü olur, əyri olur. Aşiqin qəddinin əyilməsini kamana bənzədirlər, kaman necə açıq ola bilər?

Biabırçılıqdır.

Ümumiyyətlə, sovet şairləri qafiyənin nə demək olduğunu anlamayıblar. Qafiyə özü ayrılıqda bir elmdir. Elə biliblər ki, istənilən sözün arxasına müvafiq şəkilçi qoymaqla qafiyələndirmək olur. Şeirin qafiyəsi olmasa, ona şeir demək olmaz. Şeirin qafiyəsi olar. Ancaq bütün bunlara baxmayaraq, indikələrlə müqayisədə onlar çox böyük şair idilər. İndi daha bərbad şeir formaları çıxıb, sərbəst şeir deyirlər, nə deyirlər, bilmirəm. Şeirin hecası, ahəngi, daxili bölgüləri olar, necə yəni sərbəst şeir? Böyük ədiblərdən olan Şəms Qeys Razi deyirdi ki, vəzn şeirin tərəzisidir. Yəni vəznsiz şeir olmaz. İndikilər 3 hecalı bir misra yazır, sonra 7 heca, daha sonra 15 heca yazıb, alt-alta düzüb gedirlər. Ay balam, bu şeir deyil axı”.

Təbii ki, bu mövzuda Ağa haqlı idi. Ona görə haqlı idi ki, onun tənqid etdiyi şairlər bir ordu yaradıb müasir silahlarla silahlanıb gəlsələr də, Ağanın elmi qarşısında aciz qalar, həya edib susardılar. Mən də susmaq istədim, ancaq düşündüm, ola bilməz ki, bu cür nəhəng insan gənclərə dəstək olmaq istəməsin. Odur ki, cəsarət edib soruşdum:

- Ağa, belə çıxır ki, indikilər heç nə yazmamalıdır? Onlar təzə nəsə deyə bilməzlərmi?

Ağa bu suala da ağayana cavab verdi. Dedi ki, hər kəs yaza bilər və təzə söz də deyə bilər, şeiri, sənəti, şairi və sənətkarı boğmaq, qarşısına sədd çəkmək qətiyyən olmaz:

- “Qurani-kərim”dən sonra ən üstün söz peyğəmbər kəlamıdır, peyğəmbərdən sonra isə, imamların. İndi biz deyə bilmərik ki, Qurani-kərim varsa, peyğəmbərin, imamların kəlamlarına ehtiyac yoxdur.

Söhbət qızışdıqca Ağa az qala bütün mövzulara toxunur, sözün əsl mənasında mənə həyat dərsi keçirdi. Elə bil, zaman da Ağanın sözünü kəsməmək üçün barmaqları ucunda yeriyib yanımızdan sakitcə keçib getmişdi. Saata baxanda gördüm ki, gəldiyim vaxtdan düz 3 saat keçib. Artıq sağollaşmaq məqamı idi. Ağaya deməyə cəsarət etməsəm də, öz-özümə pıçıldadım:

“Əskik olmaz qəmimiz bunca ki, bizdən qəm alır,
Hər gələn qəmli gedər şad gəlib yanımıza”.

Bir neçə şəkil çəkdirib, Ağadan imzalı kitab istədim. Kitabı imzaladı və yazdı: “Əzizim, kiçik dostum, zövq və ədəb əhli Xəzərə Mircəlal Ağadan xatirə”.

Sonra mənə imzasını göstərib dedi ki, gör nə başa düşürsən? Başımı sağa-sola yellədib, anlamadığımı işarə etdim. Gülümsəyib dedi ki, yəni mənim imzam da təkəbbürlü deyil. Qarşısında bir daha təzim edib,

müsaidə istədim. Məni qapıya qədər ötürdü. Nizami ocağına bir daha qayıtmaq üçün izn istədim. Məni ehtiramla qarşılayan ailə, ehtiramla da yola saldı.

Evə gələndən sonra Ağayla olan görüşümüzü atama, ondan sonra isə zövq və ədəb əhlinə, yəni sizə danışdım.

P.S. Hava təzəcə qaralırdı. Ağa üçün bərk darıxdım. Telefonu götürüb zəng etdim ki, onun üçün darıxdığımı deyəm. Cavab verdi, soruşdum ki, nə edirsən, ay Ağa? Dedi, elə bil, sən gedəndən sonra ev boşaldı, şirin-şirin danışırdıq. Darıxırdım...


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər