Bu gün “Kulis.az” saytının 7 yaşı tamam olur. Bu münasibətlə Teleqraf.com Kulis-in kollektivini təbrik edir, baş redaktor Şərif Ağayarla müsahibəni isə oxucuların ixtiyarına verir.
- Şərif bəy, “Kulisi”n ədəbiyyat tarixindəki yeri” adlı esse yazmısız. Çox iddialı səslənmir ki?
- Məncə, yox. Tarixi çox da şişirtmək lazım deyil. Onu da bizim kimi insanlar yaradır. “Kulis”in ədəbiyyat tarixində şəksiz ki, yeri var və bu yer kifayət qədər ciddidir.
- Əvvəl əməkdaş, sonra baş redaktor... Proses necə baş verdi?
- Tamamilə təbii. Nə vaxtsa “Kulis”də baş redaktor olacağım ağlıma gəlməzdi. Əslində, bizdə sözün yaxşı mənasında iyerarxik bölgü olmayıb. Hamı həm rəhbərdir, həm müxbir kimi çalışıb. Buna dostların komanda işi demək daha doğru olardı. Sadəcə baş redaktorun məsuliyyəti bir az artıqdır.
Mətbu orqan rəhbərliyini vəzifə saymıram. Əlbəttə, söhbət demokratik ab-havalı, mütərəqqi mətbuatdan gedir.
- “Kulis”in çapından imtina elədiyi mətn olurmu? Yəni saytın ədəbi-mədəni kriteriyaları hansıdır?
- Əlbəttə, olur. İki halda zəif mətn “Kulis”də yer ala bilər. Birinci, adam gəncdirsə və perspektiv vəd edirsə, ikinci, imza çox məşhurdursa... Məşhur adamın məsuliyyətini saytdan çox müəllif özü daşıyır. Biz bütün ədəbi mühiti ehtiva etməyə çalışırıq. “Kulis” həm də bir güzgüdür. Yəni, olanı göstərir.
Gündəlik onlarla material yerləşdirilən ədəbiyyat saytı hər dəfə güclü şeir, hekayə təqdim edə bilməz. Ona görə, saytda orta, bəzən zəif mətnlər də yer alır. Daha çox oxucu marağı kəsb edən və gündəmə hesablanan materiallarla boşluğu doldururuq.
- Bəs saytda Şərif Ağayarın ədəbi zövqünün rolu?..
- Bir var yazıçı Şərif Ağayar, bir də var redaktor Şərif Ağayar. Çalışıram, yazıçı kimi zövqümü çox da önə çəkməyim. Çünki subyektiv olacam. Redaktor kimi daha obyektiv və humanistəm. Həm də sayt jurnal və kitab deyil. Burda qadağalar dövrün tələblərinə uyğun olaraq bir az yumşaqdır.
- Çapı məqsədəuyğun sayılmayan müəlliflər?
- Müəllif yoxdur, mətn var. Təbii ki, KİV haqqında qanunda yasaq edilmiş mətnləri vermirik. Bir də redaksiyanın yararsız hesab elədiyi mətnləri... Bəzən olur ki, nəyisə yararsız sayıram, onda iş yoldaşlarımın fikrini də soruşuram. Çox vaxt fikirlərimiz üst-üstə düşür.
- Nədənsə ayrıca tərcümə bölməniz yoxdur.
- Nəzərə almaq olar. Ayrıca çox bölmə ola bilər. “Ədəbiyyat” bölməsində həm yerli, həm xarici məhsulları yerləşdiririk. Misal üçün ayrıca “Şeir” bölməsi də yoxdur, “Hekayə” də yoxdur. Çünki “Ədəbiyyat”ın içindədir hamısı.
- Siz həm də məhsuldar yazıçısınız. Demək olar, hər il bir roman yazırsınız. Ümumi hesabda kim uduzur - sayt, yoxsa roman?
- İndi roman uduzur. İş vaxtımı çox alır. Ancaq roman elə şeydir ki, yazılmaq istəsə, yazılmağa zaman tapır. Bircə sağlıq olsun.
- Planlardan danışmasaq olmaz...
- Yaxın zamanlarda saytın layihələri genişlənəcək. Bizim məqsədimiz daha çox yazarı və daha çox oxucunu əhatə etməkdir. “Kulis” həm də özünün vacib iştirakı ilə yaradılan ədəbi prosesin kitaba çevrilməsi, kitabla nəticələnməsi üçün çalışır. Bu istiqamətdə yeni layihələrimiz olacaq.