- ... Rəşad, (Rəşad Nağı Mustafa. – red.) axı sən bu yaxınlarda onlarda qonaq olmusan, ünvanı necə unuda bilərsən?
Kapişonunu başına keçirib, əli ilə sağdakı binanı göstərə-göstərə deyir:
- Bu binadı.
- Heç olmasa, binanın giriş qapısının kodunu xatırlayırsan?
Yenə üzümə baxmadan:
- XXX...
Giriş qapısına çatıb kodu yığdı.
- Gördün? Doğru gəlməsəydik, kod düzgün olmasaydı, qapı heç vaxt açılmazdı, deməli, düz gəlmişik.
Liftə mindik. Düyməni basdı. Lift bizi göyün 9-cu qatına qaldırırdı. Rəşada baxa-baxa fikirləşirdim, bir adamın ki 3 adı ola, o, heç vaxt ilk cəhddən uğurlu ola bilməz. Yəqin ki, səhv gəlmişik. Liftin qapısı açıldı, Fəridə zəng etdi:
- Fərid, zəhmət olmasa, qapını açın, burdayıq.
3 dəqiqə sonra...
- Fərid, biz... Yaxşı. Gedək, o biri bina imiş. Belə çıxır ki, bütün binaların giriş qapılarının kodu eynidir də.
- Rəşad, kodlar eyni deyil, sadəcə, bu binanın qapısı açıq idi...
Liftin güzgüsündə saçını düzəldə-düzəldə:
- Hə, o da olar...
Fotoqraf Günel mənə baxıb, gülümsədi.
Rəşad səhv etmək hüququndan istifadə etdiyi üçün, növbə Nağı ilə Mustafanın idi. Təəssüf ki, o, Nağının da yerinə səhv elədi. Bu dəfə də başqa binanın 9-cu mərtəbəsinə qalxıb, düşdük. Özünə haqq qazandıra bilməyəcəyini görən Rəşad: “Əşşi, adama gəzmək qalacaq”, - deyib, siqaret yandırdı. Nəhayət, adı gözəl, özü gözəl Mustafanın sayəsində ünvanı tapa bildik. Qapı açıldı.
- Xoş gəlmisiz, buyurun, keçin.
Əvvəlcə Fəridin atası, sonra da anası ilə salamlaşıb, keçdik. Dəhlizdə dayanan Fəridlə görüşəndə, çiynindən asılan çantadan siqnal səsi gəldi...
Bir neçə gün öncə Rəşad Fəriddən danışanda, bəzi məqamları xüsusi qeyd etmişdi. Demişdi ki, ürəyində bəzi problemlər olduğu üçün, o, ürəyinin fəaliyyətini tənzimləyən xüsusi cihazla gəzir.
Masa arxasında əyləşdik. Almaz xanım çay süzə-süzə ac olub-olmadığımızı soruşdu. Mən də, Rəşad da, Günel də təşəkkür eləyib, pürrəngi çaydan içə-içə söhbətə başladıq. Fərqli-fərqli mövzulardan danışa-danışa milli kulinariyamıza və milli kulinariyamızın bəzəyi olan əsas yeməklərə qədər gəldik.
- Hər nəsildə bir insan var ki, onun bişirdiyi bütün yeməklər dadlı olur.
Rəşad Fəridin bu fikrini başıyla təsdiqləyib, davam etdi:
- Bəli, ancaq kişilər daha dadlı yemək bişirirlər.
- Çünki qadınlar qənaətcil olurlar, kişilər isə yox.
Mən də Günelin bu fikri ilə razılaşıb əlavə etdim ki, kişilər nə qədər dadlı yemək bişirsələr də, nənələrin yeməyi daha dadlı olur. Rəhmətlik nənəm elə kələpur bişirirdi ki, dadı damağımızdan getmirdi. Almaz xanım siniylə masaya yaxınlaşıb, boşqabları düzə-düzə: “Bəs deyirsiz ac deyilik? Quzu ətindən qızartma bişirmişəm. Əvvəlcə yeyin, sonra söhbət edərsiz, ac qarına müsahibəniz də maraqlı alınmaz”, - deyir.
Beləliklə, Azərbaycansayağı tanışlığın ilk mərhələsini uğurla başa vurduq. Fəridi daha yaxından tanımaq üçün, söhbətə başlamaq istəyirdik ki, Günel şəkil çəkmək üçün ayağa qalxdı. Ona yolda Fərid haqda ətraflı danışmaq imkanımız olmamışdı. Fəridin çiynindən asılan çantanın nə olduğunu anlamadan, çantanı müvəqqəti kənara qoymasını xahiş etdi. Fərid isə Günelin bu sözünə elə şairanə cavab verdi:
- Bu mənim ürəyimdir e, ürəyim əllərdədir...
Gülüşdük. Hamımıza maraqlı olduğu üçün, soruşdum:
- Fərid, bu cihazın funksiyası nədir?
- Ürəyin sol mədəciyində yığılan qan müəyyən təzyiqlə aortaya vurulur. Mənim isə ürəyimin sol mədəciyi funksiyasını yerinə yetirə bilmir. Bu cihaz bir növ onu əvəz edir. Yəni hazırda yaşamağımın səbəbi bu cihazdır.
- Səninlə salamlaşanda siqnal səsi gəldi, bəs o nə səs idi?
- Ürəyimin səsi... Bu cihaz mənim bəzi hislərimə cavab verir: sevinəndə, əsəbiləşəndə, həyəcanlananda və... xoşbəxt olanda.
- Bizimlə salamlaşanda hansı hisləri keçirdin ki, siqnal çaldı?
- Sevindim...
Bu dəmdə Rəşad otaqdakı pianonu göstərib, Fəridin pianoda yaxşı ifa etdiyini və bir neçə musiqi bəstələdiyini deyir.
- Musiqi təhsilin də var?
- Təhsilim yoxdur. Sadəcə, 5 il özəl dəsr almışam, diplomum var.
- Bəs niyə özünü musiqiçi kimi yox, şair kimi təqdim edirsən?
- Ona görə ki, şair tərəfim daha çox inkişaf edib.
- 18 yaşın var, neçə yaşından şeir yazırsan?
- 13 yaşımdan.
- Necə oldu ki, şeir yazdın?
- Bir dəfə... Deyəsən, bu, çox romantik giriş oldu. Mən ilk dəfə şeirləri gülək deyə yazırdım. Özü də şeirlərimdə konkret adamları tənqid edirdim. Sonra gördüm ki, alınır. Həm də 9-cu sinifdə məktəb dərsliklərində Füzuli, Nəsimi daha əhatəli öyrədilirdi, onlar mənə təsir etmişdi. Mən də istəyirdim ki, onların ruhunda şeirlər yazım, təqlid edim. Amma o zamanlar yazdığım şeirləri indi bəyənmirəm.
- Bəs nəsildə səndən başqa şeir yazanlar varmı?
- Bəli, var. Atamın əmisi oğlu Elşən Əzim də şairdir. Çox gözəl şairdir.
...Elşən Əzimi şəxsən tanımasam da, harda qıfıl görsəm, onun məşhur “Qıfıl” şeirini xatırlayıram. Onun adı kifayət etsə də, Almaz xanım saymağa davam etdi: “Fəridin adını təxəllüs götürdüyü babası da şeirlər yazıb, sadəcə, çap etdirməyib. Sovet dövründə başı ictimai fəaliyyətə qarışıb, şeirə vaxt ayıra bilməyib. Kəlbəcər işğal olunanda şeirləri də orda qaldı. Fəridin əmisi də şeir yazır”.
- Bəli, biz şeirli, musiqili ailəyik.
- Səhv etmirəmsə, Aşıq Şəmşirlə də qohumluğunuz var.
- Bəli, qohumluğumuz var. Aşıq Şəmşir anamın xalasının qayınatasıdır.
Almaz xanım yenə müdaxilə edir:
- Xalam uşaqları da yazırlar. Cavid Qurbanovun da, Cabir Qurbanovun da gözəl şeirləri var.
Cihazın siqnalı çaldı.
- Fərid, indi nə oldu?
Anasına baxa-baxa:
- Əsəbiləşdim.
Almaz xanım Fəridin həyəcanlandığını görüb, suallara rahat cavab versin deyə, ona dəstək olmağa çalışırdı. Görünür, bu da Fəridin xoşuna gəlmirdi.
- Hansı şairləri oxuyursan?
- Füzulini, Nəsimini.
- Başa düşməkdə çətinlik çəkmirsən?
- Xeyr, lüğətdən istifadə edirəm.
- Bayaq dedin ki, ailədə şeirə, musiqiyə səndən başqa marağı olan olmayıb. Sənə mane olmaq istəmədilər?
Almaz xanım bu dəfə də Fəridin sözünü kəsir:
- Bax, deyim də. Fərid uşaq vaxtından klassik musiqilərə qulaq asardı. “O olmasın, bu olsun” filmini çox sevirdi. Türk sənət musiqisini dinləyirdi. Qeyri-adi uşaq idi.
- Ana, zəhmət olmasa, bir stəkan çay.
- Süzmüşəm axı.
- Soyuyub...
- Bir də bu xasiyyəti var, təriflənməyi sevmir. Nə vaxt onun haqqında başqalarına danışıram, sözümü kəsir.
Deyir ki, ana, mənim haqqımda heç kəsin yanında danışma. Nə edim, mənim də ürəyim dözmür...
- Fərid, bir az təhsilin haqqında danış.
- 39 nömrəli məktəbi bitirmişəm. Bütün ilhamımı o məktəbdən almışam.
- Hansı universitetə qəbul oldun?
- Türkiyənin İstanbul Aydın Universitetinə qəbul oldum. 2 il Kino və televiziya fakültəsində oxudum.
- Niyə 2 il?
- Öldüm axı...
Fəridin bu cavabından sonra otaq hava boşluğuna düşən təyyarə kimi başımıza fırlandı. Çaşqın pilotlar kimi mən Rəşadın, Rəşad da mənim üzümə baxırdı. Bu dəfə də Almaz xanımın müdaxiləsi vaxtında idi:
- Allah qoysa, gələn ildən davam edəcək...
- Türkiyədə təhsil almağı özün istədin?
- Əlbəttə. Öz istəyimlə, öz gücümlə qəbul olmuşam. Əgər qəbul olmasaydım, həqiqi mənada ölərdim. Burda heç bir həkim həyatımı xilas edə bilməzdi.
- Xəstəliyin anadangəlmə idi, yoxsa, sonradan yarandı?
- Anadangəlmə. Amma 18 yaşıma qədər xəstəliyimlə bağlı heç bir problemim olmamışdı. Nə ağrım var idi, nə acım.
- Ölümün necə oldu?
- İstanbulda dostumla gəzərkən, özümdən getmişəm. Ondan sonrasını xatırlamıram...
Fərid bu dəfə Almaz xanıma baxdı. Başa düşürdü ki, həmin anları onun kimi ifadə edə bilməyəcək. Almaz xanım səsi titrəyə-titrəyə:
- Fərid dostları ilə gəzəndə özündən gedib, yıxılıb. Ürəyi dayanıb. Təcili Yardım gələnə qədər “Allahın mələyi” adlandırdığımız, yoldan təsadüfən keçən bir qadın dayanmadan ürəyini masaj edib. Təcili Yardımın həkimləri deyir, yaxşı ki, o qadın biz gələnə qədər Fəridin ürəyini masaj edib. Yoxsa həyatını xilas etmək mümkün olmayacaqdı.
Daha sonra Fərid Təcili Yardımla xəstəxanaya gətirilib. Həkimlər səhərə qədər onu həyata qaytarmaq üçün mübarizə aparıblar. Almaz xanım o anları belə xatırlayır:
- Dayanmadan ürək masajı edib, elektroşok veriblər. Sonralar həmşirələr danışırdı ki, həm uşağın gözəlliyinə, həm də gəncliyinə görə, ölümü ilə barışa bilməyiblər, həyata qaytarmaq üçün, dayanmadan cəhd ediblər. Fəridi o qədər masaj edib, elektroşok vermişdilər ki, sinəsi qap-qara yanmışdı. Bircə “Allahın mələyi” adlandırdığımız qadını tapa bilmədik...
- Yaxşı ki, tapa bilmədik. Qoy elə o bizim üçün, həmişə mələk olaraq qalsın.
- Fəridin ölüm xəbərini sizə kim verdi?
- Həmin gün axşam dostları zəng etdilər. Dedilər ki, Fərid xəstəxanadadır. Vəziyyəti ağırdır. Gecə saat 2-də Türkiyəyə uçduq. Orda qohumlarımız çoxdur. Hamısına zəng etdik ki, Fəridin olduğu xəstəxanaya getsinlər. Həkimlər əllərindən gələni etsinlər. Biz ora çatanda, həkimlər dedi ki, hər şey üçün gecdir. Bütün reflekslər sönüb. Bu isə o demək idi ki...
Ümidlər sonda ölür. 5 il öncə Fəridi müayinə edən, Türkiyənin ən məşhur ürək-qan-damar xəstəlikləri həkimi Əhməd Çələbiyə zəng vurub, Fəridi onun yanına gətirmək istədiyimizi dedim. Dedi ki, telefonu ordakı həkimlərdən birinə ver. Həkimlər danışandan sonra telefonu mənə verdilər. Əhməd Çələbi dedi ki, sizin oğlunuz artıq ölüb, bura gətirməyinizin heç bir mənası yoxdur.
Sanki ona qədər nə baş verdiyini anlamırdım. O anda ayıldım. Başa düşdüm ki, artıq Fərid həyatda yoxdur. Özümdən asılı olmadan, var gücümlə qışqırdım. Fəridi laylayla yatızdırdığım olmuşdu, ancaq qışqırığımla oyatdığım yox. Möcüzə bundan sonra baş verdi. Fərid mənim qışqırığıma gözlərini açdı...
Tez həkimləri çağırdım ki, o, gözlərini açdı, bəs deyirsiz refleks yoxdur? Anayam da, Fəridin əlindən, ayaqlarından öpdüm. Gördüm ki, gözləri yavaş-yavaş açılır. Mənə baxdı. Tanıdı.
Bundan sonra həkimlər onu həyatda saxlamaq üçün, yenidən mübarizəyə başladılar. Səhər açılanda dedilər ki, bu möcüzədir, o yaşayır. Fəridə ad da qoydular: “Möcüzə uşaq”.
Almaz xanımın danışdıqca keçirdiyi həyəcan, fotoqraf Günelin içini çəkə-çəkə ağlaması bir neçə saniyəlik sükut yaratdı.
Fərid baş verənlərin heç birini xatırlamır. Hətta yaddaşı da indi-indi bərpa olur. Almaz xanım deyir ki, Fərid ayılandan sonra yanında olurduq. Atası, bacıları palatadan çıxan kimi, soruşurdu ki, atam niyə yanıma gəlmir, bacılarım hardadır? İnandıra bilmirdik ki, bir neçə saniyə bundan qabaq yanında idilər. Yaddaşı itmişdi. Yalnız məni xatırlayırdı:
- Bir müddət həmin xəstəxanada qaldıq. Sonra dedilər ki, biz üzərimizə düşən hər şeyi etdik. Artıq Fəridi başqa xəstəxanaya köcürtməliyik.
Heç bir xəstəxana Fəridi qəbul etmirdi. İstanbulda o qədər xəstəxanalar ola-ola, Fərid öz oxuduğu universitetin xəstəxanasına düşdü, orda qəbul etdilər. Həmin xəstəxananın binası tikiləndə Fəridlə baxıb deyirdik ki, çox gözəl xəstəxana olacaq. Sanki Fərid üçün tikilirmiş. Fəridin müalicəsi həmin xəstəxanada davam etdi.
- Ürək köçürtmə əməliyyatı oldumu?
- Xeyr, olmadı. Türkiyədə bizim vətəndaşlara ürək köçürtmə əməliyyatı etmirlər. Çünki öz vətəndaşları növbədə gözləyir. Ancaq bu cihaz ürəyi əvəz edir.
- Bu cihazla nə qədər yaşaya bilər?
- Nə qədər istəsə, yaşaya bilər, 3 il, 5 il, 7 il, ancaq əvvəl-axır əməliyyat olmalıdır.
- Ürək köçürmə əməliyyatı olacaqmı?
- Bəli, olacaq, ancaq istəyirik özünə gəlsin. Bədən müqavimətini bərpa etsin. Ağır streslər keçirib. Belə tezliklə o əməliyyata beyin də, ürək də dözməz. Biz 4 aydır ölüm-dirim savaşındayıq...
Öləndən sonra
- Fərid, öləndən sonra nə baş verdi? Nə dəyişdi?
- Xoşbəxtəm... Bu şeyləri yaşadığım üçün, xoşbəxtəm. Məncə, insan yaşadığı acılarla qürur duymağı bacarmalıdır. Yaxşı ki, öldüm və dirildim. Bəlkə də belə olmasaydı, taxta kimi olacaqdım. Mən bu hadisəyə qədər depressiyada idim. İndi depressiyadan qurtulmuşam. Yazmaq-yaratmaq, tanınmaq istəyirəm.
- Təhsil aldığın ixtisas üzrə tanınmaq istəyirsən, yoxsa şair kimi?
- Daha çox şair kimi. İstəyirəm şeirlərlə insanlara bəzi şeyləri çatdırım.
- Məsələn, nələri?
- Öz yaşadıqlarımı da qələmə almışam. Sadəcə, öz yaşadıqlarımla insanları yormaq istəmirəm. Fərqli mövzularda yazmaq istəyirəm. Şairlər ən çox nədən yazırlar? Eşqdən. Mən də eşqdən yazmaq istəyirəm.
Almaz xanımdan icazə alıb soruşdum:
- Varmı eşqin?
- Bütün şairlər kimi, elə mənim də eşqim canan eşqidir.
- Yəni sevdiyin var?
Cihazın siqnalı, Fəridin isə ürək səsi eşidildi. Tez düyməni basıb səsi kəsdi:
- Var...
Rəşad sualı bir az da düzəltdi:
- Komadan ayılanda ən çox kimin adını sayaqlamışdın?
Cihazın siqnal səsi dayanmır. Fərid tez düyməni basır, əliylə cihazı göstərir:
- Görürsüz, onun haqqında danışanda bu da səsini kəsmir. Düz təxmin etmisiz, ən çox onun adını sayaqlamışam. Hətta onu görürdüm. Anama deyirdim ki, bax, ordan baxır, ordadır.
- Hə, düz deyir. İndi Fərid deyir ki, ana, ən böyük arzum odur ki, tanınım, onun ailəsi də məni tanısın, etibar etsin.
Cihaz sanki Fəriddən qabaq bütün suallara cavab vermək istəyir, siqnalı susmur ki, susmur...
- İndi o qızla münasibətin yoxdur ki?
- Var. Hər şeyi onun üçün etmək istəyirəm. Tanınmaq istəyimdə də məqsədim budur.
Bəlkə də Fərid ona görə xoşbəxt və rahatdır ki, artıq, ölümün nə demək olduğunu bilir. Ölüm ona çiynindən asılan cihaz qədər yaxın olsa da, o, yaşamaqdan həzz almaq, sevmək, sevilmək, daha da xoşbəxt olmaq istəyir. İntihar edənləri isə anlaya bilmədiyini deyir:
- Allahı unutmasınlar. Allah insanı həm öldürə, həm də yaşada bilir. Və bilir ki, niyə öldürür, niyə yaşadır. Mən bir dəfə öldüm və həyata qayıtdım. Əgər intihar etmiş olsaydım, ikinci dəfə bu şans verilmiş olsaydı, bir daha heç vaxt intihar etməzdim. Məncə, intihar edənlərə də ikinci dəfə yaşamaq şansı verilsəydi, onlar bir daha intihar etməzdilər.
- Fərid, özünə gələndə yanında kimi görmək istədin?
- Deyirlər, onu görmək istəmişəm...
- Görə bildinmi?
- Həmin ərəfələrdə münasibətimiz soyuq idi. Bu hadisə sanki onu mənə qaytardı, bizi bir-birimizə daha çox bağladı. Bir-birimizin qədrini bilməyə başladıq.
- 18 yaşın var. Səncə, bu yaşda kimisə sevdiyinə əmin olmaq mümkündürmü?
Siqnal səsi intensivləşir.
- Özümü tanıyıram. Özümü tanıdığım üçün, əminəm ki, sevirəm.
Analar belə mövzularda oğullarını qısqanır, axı. Almaz xanım da çox dözmədi. Fəridlə bağlı, hətta Fəridin də bilmədiyi məqamları xatırladı:
- Fərid uşaq olanda, həkimə aparırdım. Hər dəfə həkimdən çıxanda ağlayırdım. Çünki vəziyyəti yaxşı deyildi.
Fərid soruşanda ki, ana, niyə ağlayırsan, cavab verirdim ki, çox şükür, sağalırsan, heç bir problemin yoxdur, sevindiyimdən ağlayıram.
Fərid həmin anları xatırlayıb, anasına təəccüblə:
- Hə? Deməli, o zamanlar mən yaxşı deyildim?
- Yox, yaxşı deyildin. İndi isə hər şey yaxşıdır. Fərid bu cihaza arxayındır. İnanır ki, bu cihaz onu yaşadacaq, qoruyacaq.
- Mən yaşamağı qazanmışam. Türklər demiş, haqq edirəm.
- Allahla aranda xüsusi bağlılıq yarandımı?
- Əlbəttə. Mən Allahın ən böyük sübutuyam...
- Bizim üçün bir şeir oxu. Elə bir şeir ki, öləndən sonra yazmısan.
Yaşamak istiyorum
Nedenini sordum ben,
Dağlar dereler dindi, ağaclar sese geldi,
Dünya deyişdi sanki yaşamaq isteyince.
Yaşamak bir gökyüzü
Yaşamak derya, deniz.
Yaşamak aşık olmak, ağlamak.
Sessiz-sessiz yasamak istiyorum.
Yaşamak bir kuş gibi, yasamak bir aslan gibi,
özgürce kanat çalmak, kükremek, vahşi olmak,
yaşamak istiyorum.
Doyumsuzca yasamak, bağırmak,
parcalamak, küçülmek, zayıf olmak,
yaşamak istiyorum.
Güç ne demekdir? - sordum
ne aslan olmaktadır, ne bir serçe olmakta
Güç bağımsız bir kalple mutlulukla sevgiyle
Güzel yaşamaktadır.
Aşık olmaktadır.
Bırakalım güzellik esir etsin bizleri
Bırakalım güzellik sarsın tüm sözcükleri
yaşamak istiyorum…
Kendim için değil ki
beni sevenler için, bazende sözleriyle
beni dövenler için
insan için yaşamak isteyimdir, ey dostum,
çünki insandır çıkan en yüce zirvelere
çünki insan feth eder en ızsız toprakları
Bazen insan tabiata reng katar
Dökulmekten kurtarır hayat yapraklarını
Yaşamak istiyorum
Yaşamak istiyorum
ben kalbimle yaşamak
en güzel sabahlara hep sağlıkla uyanmak,
yaşamak istiyorum…
nedenini sormayın
Yaşamak istiyorum…
- Cihazla dostlaşmısanmı?
- Çox yaxınıq. Elə bilirəm, o da canlıdır.
- Sizə bir şey deyim, - anası söhbətə qoşulur, - biz elə bilirdik ki, əməliyyatdan sonra Fərid ürəyinə qoyulan pil vasitəsi ilə yaşayacaq. Cihaz haqqında məlumatımız yox idi. Biləndə ki, bu cihazla yaşayacaq, narahat olduq ki, görəsən, Fərid nə reaksiya verəcək, qorxacaqmı, təzədən depressiyaya düşəcəkmi? Gördük ki, əksinə, Fərid çox normal qarşıladı. Hətta cihazı sevməyə başladı.
- Məni yaşadan bir şeyə necə nifrət edə bilərəm ki?
- Səni daha çox bu cihazmı yaşadır, o qızmı?
- O mənəvi yaşadır, bu fiziki.
- İstərdinmi ki, o qız da bu cihaz kimi həmişə yanında olsun?
- Əlbəttə. Elə onu da çantaya qoyub gəzdirərdim...
***
Fəridlə 3 saata yaxın söhbət zamanı başa düşdük ki, yaşamaq ən vacib şərtdir. O bizi inandırdı ki, istənilən halda yaşamaq hər şeydən üstündür. Yaşamağı bacarmaq yox, qazanmaq lazımdır. Elə Fəridin atasını da, anasını da, onu sevənləri də, möhkəm edən, ruhdan düşməyə qoymayan, onun həyat sevgisi, yaşam həvəsidir. Bizə dedi ki, neçə vaxtdır insanlarla ünsiyyətdə ola bilmirəm. Düşünürdüm ki, şeirdən, musiqidən anlayan insanlar azalıb. Amma sizi tanımaq çox xoş oldu. Elə biz də Fəridi tanıdığımız üçün, sevindik. O, bizə çox şey öyrətdi. Son xahişimizi də yerinə yetirib, pianoda “Gün keçdi” filmində səslənən məşhur “Bir axşam taksidən düşüb payıza” mahnısını da ifa etdi. Bu musiqinin sədaları altında onunla müvəqqəti sağollaşdıq. Cihazın siqnalı çaldı. Xoşbəxt idi...
Bitmə, ey gün,
Hər bitəndə
Ümidimi bitirərək!
Zülm eyləmə xoş anların başı üstə
Bir cəllad tək.
Bitmə, ey gün!
Qoy günəşin naz eyləsin,
Sonra ay da dözsün bir az.
Rəhm et bizə, bitmə, ey gün!
Hər keçən an bir də geri qayıdamaz.
Nə qısadır yay da, qış da,
Nə qısadır ömrün günü.
İnsan yaşar, xatırlamaz
Bircə gün də gördüyünü.
Bitmə, ey gün!
Sözüm səni güldürməsin,
Bu, könlümün arzusudur.
Uşaqlığım itir, batır,
Hər gün mənə rəvan budur.
Nə olar ki, heç bitməsən?
Necə?.. Sənə gülünc gəlir?
İnsan olan bilər bunu,
Bir insanı bircə gündə
Günəş necə tumarlayır,
Aysa necə əzizləyir.
Nə şirindir başın üstə bulud görmək,
Nə şirindir bir səmanı
Gündüzlər göy, gecələrsə siyah görmək.
Nə gözəldir yağan yağış,
Əsən külən.
Dayandırıb zamanımı,
O küləyi, o yağışı,
Sanki ilk kəz görmüş kimi,
Duyğularda duyum gərək.
Bir də harda islanacam yağış altda,
Hansı səmtdə bir daha da
Şillə çəkər kəskin külən surətimə?
Bir də hansı qorxunc səma
Sahib olar heyrətimə?
Olmasaydın belə qısa,
Kim bilər ki, nələr, nələr yaşayardım
Bir gündə mən.
Zaman mənə rəhm etsəydi,
Şübhəsiz ki, istəyərdim
Uşaqlıqdan bir gün də mən.
Bitmə, ey gün!
Gecik, ey ay!
Qoy günəşi könlümüzcə qonaq edək.
Səbr et, zaman!
Qoy yola gedək bu karvanda,
Yorulsaq da, yaxınları uzaq edək...
Bitmə, ey gün,
Könlümüzü fərah edən
Bu musiqi qurtarmadan!
Bitmə, ey gün,
Bizlər səni arzumuzca yaşamadan!..