13 Sentyabr 2019 08:53
2 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar ayında İstanbulda Məhəmmədəmin Rəsulzadənin 1923-cü ildə bu şəhərdə çap olunmuş “Azərbaycan Cümhuriyyəti. (Keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti)” adlı kitabını əldə etdim. Kitabı daha da dəyərli edən orada Rəsulzadənin imzasının və kitabı təqdim etdiyi şəxsin adının olması idi.

Kitabın yuxarı sol küncündəki qeyddə yazılmışdı: “Şair-i muhterem Celal Sahir Bey kardeşimize takdim. 27 nisan 1339. İstanbul”. Qeyddən sonra Rəsulzadə kitaba imzasını qoymuşdu.

1339-cu il rumi təqvimlə 1923-cü il deməkdir. Rəsulzadə bu kitabı Azərbaycan Cümhuriyyətinin işğal gününün ildönümündə imzalayıb.

Cəlal Sahirin kim olduğuna keçməzdən öncə Rəsulzadənin bu kitabının mövcud imzalı nüsxələri haqqında məlumat verək.

Nüsxələrdən biri Mustafa Kamal Atatürkün Anıt məzar kompleksinə daxil olan kitabxanada saxlanılır. Kitabda qeyd olunub: “Halife-i müslimin efendimiz hazretlerine takdimi acizane. 10 mayıs, 1339, İstanbul”.

Həmin dövrdə xəlifə ünvanını daşıyan sonuncu şəxs Əbdülməcid əfəndi (1922-1924) idi.

Digər bir nüsxə tarixçi, kolleksiyaçı Ruslan Rəhimovun arxivindədir, türk şair Yəhya Kamala imzalanıb. İthafda yazılıb: “Türk şair-i muhteremi Yahya Kemal Beye takdim”.

Türk Ocaqlarının kolleksiyasında saxlanılan nüsxədəki ithafda yazılıb: “Türk edib-i muhteremi Ahmed Hikmet Efendi hazretlerine nişane-i ihtiram. 16 mayıs, 1339, İstanbul”.

İslam Əməkdaşlıq Təşkilatının mədəni orqanı olan İIRCICA-nın kitabxanasında qorunan nüsxənin üzərində belə bir qeyd var: “Üstad-ı muhterem-i Ahmet Bey Efendi hazretlerine takdim. 23 Nisan 1339 İstanbul”.

Başqa bir nüsxə isə Türkiyədə bir kolleksiyaçının arxivindədir. Həmin nüsxə İstanbul Universitetinin ədəbiyyat fakültəsinin müdiri Behcət bəyə imzalanıb.

Digər bir nüsxə azərbaycanlı gənc kolleksiyaçı Cabbar Qasımzadənin arxivindədir, Lütfi bəy adlı bir şəxsə imzalanıb.

Başqa bir nüsxə isə Los-Anceles Universitetinin Young Kitabxanasında saxlanılır və üzərində belə yazılıb: “Berlinin Qafqaz Cəmiyyətinə hədiyyə. 1924-cü il, İstanbul. Sabiq Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə”. Bu kitabı tarixçi Altay Göyüşov aşkar edib.

Göründüyü kimi, Rəsulzadənin imzaladığı bu kitabların əksəriyyəti Türkiyənin tanınmış şəxsiyyətlərinə təqdim edilib. Cəlal Sahir də onlardan biri idi.

***

Cəlal Sahir Erozan 29 sentyabr 1883-cü ildə İstanbulda doğulub. Hələ Numunə-i Tərəqqi məktəbində oxuduğu illərdə “şair uşaq” ləqəbini qazanıb, Sultan II Əbdülhəmid ona ləyaqət nişanı və 10 lirə mükafat verib. 14 yaşından etibarən şairlər sırasına qatılıb.

Sahir Numunə-i Tərəqqi məktəbindən sonra Davud Paşa rüşdiyyəsində, daha sonra Vəfa liseyində təhsil alıb. Ardınca iki il Hüquq Məktəbində oxusa da, buradan məzun ola bilməyib. 1903-cü ildə Xariciyyə Nəzarətində katiblik fəaliyyətinə başlayıb. Daha sonra müxtəlif məktəblərdə ədəbiyyat və fransız dili müəllimi kimi çalışıb.

1908-ci il inqilabından sonra Cəlal Sahir “Səyyarə” adında ilk qəzetinin nəşrinə başlayıb.

1911-ci ildə Yusuf Akçura, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və digərləri bu gün də fəaliyyət göstərən “Türk Yurdu” jurnalını təsis edirlər. Bu jurnalda, eləcə də, Türk Ocaqlarında ciddi fəaliyyət göstərən C.Sahir I Dünya Müharibəsi dövründə jurnalın müdiri kimi də çalışıb.

Türk ədəbiyyatında eşq və qadın şairi kimi tanınan C.Sahir 1928-1935-ci illərdə Türkiyə Böyük Millət Məclisində Zonquldak vəkili kimi xidmət göstərib. Türk Dili Tədqiq Cəmiyyətinin (indiki Türk Dil Qurumu) qurucularından olub.

Ağciyər xərçəngindən əziyyət çəkən şairi Atatürk Vyanaya müalicəyə göndərsə də, nəticəsi olmayıb. 16 noyabr 1935-ci ildə vəfat edib, Bakırköy məzarlığında dəfn olunub.

Ağaoğlunun dostu

Səməd Ağaoğlu “Atamın dostları” kitabında Əhməd bəy Ağaoğlunun dostları arasında Cəlal Sahirin də adını çəkir. “Qadın şairi” başlıqlı bölümdə S.Ağaoğlu yazıb:

“Türk Yurdu” məcmuəsinin idarəçiliyi şairə verilmişdi. Mərkəz də yaşadığı ev idi. Atam, Yusif Akçura, Mehmet Emin, Hüseynzadə Əli kimi “Türk Yurdu”nun qurucuları, fəal xadimləri orada çox tez-tez görüşürdülər. Şairin uşaqları ilə mən və bacı-qardaşlarım da çox tez dostlaşmışdıq.

Atalarımız bir otaqda işlərini görərkən biz həyətdə, bağçada oynayıb vaxtımızı keçirirdik... Qadın şairini sonuncu dəfə 1934-cü ildə yoluxduğum ağır yatalaq xəstəliyindən qalxdıqdan sonra gördüm. Mənim yaşadığım ev o zamankı İsmət, indiki Midhət Paşa küçəsində yerləşirdi. Şairin evi da tam bizimkinin qarşısında idi.

Demək olar ki, eyni vaxtda yatağa düşmüşdük. Qadın şairi bu dəfə həyatının süsü olan vərəmdən deyil, xərçəngdən əziyyət çəkirdi. İki ay davam edən təhlükəli xəstəliyim sırasında dəfələrlə onu düşünmüşdüm. Özümün ölə biləcəyim ağlıma da gəlmirdi. Fəqət sıra şairə gələndə fikirləşirdim ki, “o, bu dəfə mütləq öləcək. Heç olmasa, sonuncu dəfə də görə bilsəydim”.

Bir müddət sonra vəziyyətim nisbətən yaxşılaşdı, İstanbula aparıldım. Bir ayın tamamında geri dönüncə ilk işim atamın şair dostunu ziyarət etmək oldu. Uzadıldığı yataqda bir skeletdən fərqi yox idi. Məni gördüyü zaman həyəcanlandı. Güclə eşidiləcək səslə “Səməd, - dedi, - səni ayaq üstdə, sağlam görməyimdən çox bəxtiyaram. Kim bilir, Əhmədim nə qədər üzülüb”. Sonra isə dodaqlarını güclə tərpədərək əlavə etdi: “Ölməmişdən əvvəl atanı da bir dəfə qucaqlaya bilsəydim...”

Təəssüf ki, Sahir bu arzusuna çatmır. Əhməd bəy Ağaoğlu Sahirlə görüşə bilməməyin peşmanlığını belə qələmə alıb:

“... İyirmi altı il əvvəl ilk görüşdüyümüzdə bir-birimizi sevdik. Və o gündən bu qara günə qədər aramızda bu qarşılıqlı məhəbbəti zədələyəcək ən kiçik hadisə də olmadı. Ancaq son günlərdə bir qəbahət işlədim ki, indi qəlbimi parçalamaqdadır. Ankaraya gedəcəyim günün ərəfəsində ondan həzin bir məktub aldım. Məni yanına çağırırdı! Fəqət uzaqda qaldığı və Ankaraya getməyim də həyati bir məsələ ilə əlaqəli olduğu üçün bu arzusunu yerinə yetirə bilmədim. Ah! Qəddar əcəlin bu qədər yaxınlaşmış olduğunu necə təxmin edə bilərdim?!”

Bu cümlələr Əhməd bəy Ağaoğlunun Cəlal Sahirin ölümü ilə bağlı “Cümhuriyyət” qəzetində yazdığı məqaləsindəndir. Həmin yazı onların çox yaxın dost olduğunu gözlər önünə sərir:

“Maltada əsir olduğum zaman Sahir məktub aldığım tək dostumdu, ailəmi də İstanbulda xatırlayan nadir insanlardan biri idi. Sahirin həyata qarşı mövqeyi də çox diqqətəlayiqdir. Onun uca ruhu həyatın cilvələrinə qarşı daima kinayəli, heç bir vaxt baş əyməz davranışa sahib idi. Tutulduğu xəstəliyin müalicəsi geniş imkanlar tələb etdiyi halda, o, dəfələrlə ən ibtidai ehtiyaclarını belə təmin edə bilməyəcək vəziyyətlərə düşdü. Fəqət buna baxmayaraq, ondan heç bir zaman şikayət eşitmədim”.

Bu dostluğa görədir ki, Cəlal Sahir 1914-cü ildə “Türk Yurdu”nda çap etdiyi “Qafqaz Türküsü” şeirini Əhməd bəy Ağaoğluna ithaf edib.

Həmin şeiri təqdim edirik:

Hər köşəndə min çiçəkli bağçalar vardı;

Göylərinin günəşindən güllər yağardı...

Dağlarının yaşıl saçı neçin ağardı?

Gecələrin neçin həsrət çəkər hilala?

Səni türkün hicranımı qoydu bu hala?

Gözəl Qafqaz! Yetər bu yas yuxusu, oyan;

Bənizin solmuş, düşmənlərin qanıyla boyan;

Bayraq kimi qırmızı ol, günəş kimi yan...

Sarıl türkün gətirdiyi parlaq hilala!

Səni onun hicranımı qoydu bu hala?

Al dodaqlar mavi göyə dua oxusun;

Pəmbə əllər sabah üçün şallar toxusun;

Hər igid ər qılıncına bir kəllə qoysun...

Tanrı artıq bir nəhayət versin bu hala;

Səni tez qovuşdursun nazlı hilala...

Qaynaq:

1. Dr. Nesrin Tağızade Karaca. “Celal Sahir Erozan”. Ankara, 1992.

2. Səməd Ağaoğlu. “Atamın dostları”. Bakı, 2016.

3. “Cumhuriyet” qəzeti, 4142-ci say. 24.11.1935

Dilqəm ƏHMƏD


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər