31 May 2020 09:05
9 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

1990-cı il mayın 30-da məşhur naşir Əjdər Xanbabayevin qətli ölkəni silkələdi. Təkcə ziyalılar arasında deyil, ictimai-siyasi dairələrdə də nüfuz sahibi olan Əjdər Xanbabayev Moskvaya gedəndə mərhum Heydər Əliyevlə görüşür və ziyalıların onu Azərbaycanda gözlədiyini söyləyirdi. “Azərnəşr”in direktorunun qəfil ölümü çoxsaylı suallar yaradırdı. Uzun illər qətlin üstü açılmadı, Heydər Əliyev isə bəyan edirdi ki, Xanbabayev mənim Bakıya gəlməyimin qarşısını almağa görə öldürülüb. Nəhayət, bu versiyanın həqiqiliyi sübuta yetirildi...

Kitab nəşrində silinməz izlər qoyan Əjdər Xanbabayev barədə Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Teleqraf.com-a danışıb.

Xalq şairinin sözlərinə görə, Əjdər Xanbabayevlə tanışlıq vaxtilə ondan aldığı müsahibə ilə başlayıb:

- “Ədəbiyyat və incəsənət” qəzetində işləyərkən “Elm” nəşriyyatının direktoru kimi Əjdər Xanbabayevdən müsahibə götürəndə tanış olduq. Sonralar “Yazıçı” nəşriyyatının direktoru oldu. Rəhmətlik şair dostum Əliağa Kürçaylı redaktor idi, onunla görüşəndə dedim ki, Moskvaya ali ssenari kursuna qəbul olunmuşam, oraya gedəcəyəm.

Dedi, getmə, bir yandan şair, tənqidçi, publisist, alim, indi də gedib təzədən ssenari ilə məşğul olacaqsan, girdi qoluma məni “Yazıçı” nəşriyyatının binasına apardı. Əjdər Xanbabayevin otağına girdik, soruşdu ki, Sabir Rüstəmxanlını tanıyırsan? Dedi, tanıyıram, görüşmüşük, məndən müsahibə də götürüb, mətbuatdan da onu izləyirəm, istedadlıdır.

Əliağa Kürçaylı dedi ki, Moskvaya getmək istəyir, bizdə şöbə müdiri yeri boşdur, amma onun üçün bu vəzifə kiçikdir, iki aylıq götürək, sonra onu baş redaktor müavini götürəcəm, özüm gedəcəm, istəyirəm bizdə baş redaktor qalsın.

- Beləliklə razılaşdılar və birgə fəaliyyətə başladınız?

- Bəli. Elə həmin gün şöbə müdiri kimi əmrimi verdilər. Doğrudan da Əliağa Kürçaylının dediyi kimi oldu, bəlkə də xəstəliyi barədə bilirmiş, xəstələndi, Moskvaya getdi, o gedəndən sonra da baş redaktor oldum. Yazıçılar İttifaqı başqa adamların namizədliyini təqdim edirdi. Baş redaktor təyinatı Mərkəzi Komitədə razılaşdırılırdı. Mərkəzi Komitəyə ayrı adlar vermişdilər, Əjdər Xanbabayev bütöv gün gedib mənim üstümdə mübahisə edibmiş.

Axşamüstü gəlib əmri stolumun üstünə qoyub dedi ki, sən bilirsən də əmisi yuxarı vəzifədə olan birinin namizədliyini vermişdilər, bütün gün Mərkəzi Komitədə bunun mübahisəsini etmişəm. O vaxt bu işə ideoloji katib Rafiq Zeynalov baxırdı, Əjdərlə də münasibətləri yaxşı idi. Deyib, Sabir Rüstəmxanlı baş redaktor olacaq, əks halda mən də direktorluqdan çıxıram. Beləcə razılıq almışdı və bir yerdə işləməyə başladıq.

Təxminən 10 il Əjdər Xanbabayevlə birgə işlədik, o, direktor idi, mən də baş redaktor vəzifəsində çalışırdım. Əjdər kifayət qədər zövqlü adam idi, yazıçıları, şairləri yaxşı tanıyırdı, klassik ədəbiyyatımızı əla bilirdi. Baş-başa verib çox gözəl işlədik, “Yazıçı” nəşriyyatı bu gün Azərbaycan nəşriyyatlarında davam etdirilən bir çox ənənələrin başlanğıcını qoydu.

Ona görə də Əjdər Xanbabayevlə işlədiyim illər yaddaşımda mənim həyatımın parlaq illəri kimi qalıb. Meydan hərəkatı başlayanda da Əjdərlə bir yerdə idik. Mətbuat Komitəsində sədr müavini olanda da “Yazıçı” nəşriyyatına başqası gəlib işləyirdi, mənə qarşı təzyiqlər vardı, mən “Azərbaycan” qəzetini buraxırdım, amma Əjdər bütün məqalələrdə həmişə məni müdafiə edirdi. Bu barədə qeydlərimi yazmışam, ayrıca kitabda da çap etdirmişəm.

- Ölümü barədə qara xəbəri necə aldınız?

- Əjdər son dərəcə geniş əhatəsi olan adam idi. Moskvada kitab sərgisi olanda xatırlayıram, bizdən ayrılıb Heydər Əliyevə gedib zəng vurmuşdu, onunla danışmışdı. Yaxın olduğumuza görə gəlib danışıqları barədə mənə söhbət edirdi.

“Yazıçı” nəşriyyatında işləyən-işləyə “Azərbaycan” qəzetini buraxırdım, Əjdərlə tez-tez görüşürdük, deyirdi, bu nədir, yəhudi, erməni, rus jurnalistlərini ortaya salıblar, Heydər Əliyevin əleyhinə yazılar yazdırırlar, özü də arxada dayanan bizimkilərdir. Çox əsəbiləşirdi. Bizim onlara cavab verməyimiz Əjdərin əsas qayğılarından idi.

Biz o işi görürdük, müxtəlif qəzetlərə məqalələr yazırdıq. Əjdər Xanbabayevin həm Bakıda, həm Moskvada Heydər Əliyevlə əlaqələri vardı.

Ölüm xəbəri mənim üçün gözlənilməz oldu. Bu məsələyə görə kiminsə cəsarət edib ona əl qaldıracağı ağlıma gəlməzdi. Hadisə ikimizin də yaxın dostumuz Rizvanın evindən çıxanda olmuşdu. Rizvan rəhmətə getmişdi, Əjdər onun övladlarına öz övladları kimi baxırdı, onlara tez-tez baş çəkirdi, oradan çıxanda küçədə vurmuşdular.

- “Qara yanvar” kitabının nəşrinə görə ondan qisas almaq məqsədilə vurulduğu versiyası səslənsə də, mərhum Heydər Əliyev deyirdi ki, gəlişinə mane olmaq üçün bu qətl törədilib...

- Bu barədə araşdırmalar aparılıb, hər halda onun bir kitaba görə vurulduğunı düşünmürəm. Əjdərlə Azərbaycan tarixi, ədəbiyyatımızla bağlı çox dəyərli, hətta qadağan olunmuş, sandıqlarda qalmış kitablar çap etmişdik, Ordubadinin “Qanlı sənələr”, İsa Muğannanın “İdeal”, Xəlil Rzanın sərt şeirlərdən ibarət kitabını buraxmışdıq, mənim “Ömür kitabı”mında xidməti vardı.

Ona görə də düşünmürəm ki, hansısa kitaba görə qətlə yetirildi. İndiyə kimi qəbul edilmiş versiya budur ki, Heydər Əliyevlə bağlılığına görə öldürülüb. Buna əks olan alternativ xətt olmadığına görə buna inanıram. Siyasi motiv olmayanda başqa nə ola bilər?

- Sonralar heç görüşmürdünüz? İzlənildiyi barədə şübhələri yaranmışdımı?

- O artıq Azərbaycan Nəşriyyat-Poliqrafiya və Kitab Ticarəti Komitəsində (sonralar Mətbuat və İnformasiya Nazirliyi) sədrin müavini idi, mənim də siyasi həyat başımı qarışdırmışdı, elə ciddi söhbətlərimiz olmurdu.

Əjdər özü nə qədər ehtiyatlı hərəkət etsə də, cəsarətli adamları xoşlayırdı. Meydan çıxışlarında bir də gördüm, o vaxt Mətbuat və İnformasiya Nazirliyinin sədri Nazim İbrahimovla gəlib meydanda dayanırdı, bilirdim harada gəlib durub, gedib görüşürdüm. Mənə ürək-dərk verirdi ki, narahat olma, hər şeyi cəsarətlə deyirsən, lap yaxşı edirsən, bu cür davam elə. Halbuki başqaları deyərdi ki, özünü gözlə və sair.

- Nəşriyyat işində də silinməz izlər qoymuşdu, onun vəfatından sonra nə dəyişdi?

- Onun iş üsulu mənə tanış və doğma idi. Mətbuat və İnformasiya Naziri olanda birgə işlədiyimiz illərin naşirlik təcrübəsi mənə çox kömək elədi. Əjdər səliqəli, təmkinli, hər kəsin yerini bilən adam idi, mümkün qədər haqqı nahaqa verməzdi. Bəzi şeylərə ehtiyatla yanaşırdı, məndə bir az partizanlıq var idi, cavan idim, xüsusən 1980-ci illərin ikinci yarısında inqilabi əhval-ruhiyyəmiz vardı, mübahisələr edirdik, o qədər demokratik adam idi ki...

İnandıranda ki, bunun bizə ziyanı olmaz, qəbul edirdi. Suyu üfürə-üfürə içən adam idi, kitab məsələsində həddindən artıq diqqətli idi. Biz onunla bir yerdə nəşriyyat işində bir şey şeylərin bünövrəsini qoyduq. Gənc şairin, nasirin ilk kitabı, dünya ədəbiyyatı kitabxanası, klassik ədəbiyyat kitabxanası, orijinaldan tərcümə dünya jurnalı buraxdıq.

Sovetlər birliyi respublikalarının ədəbiyyatlarının tərcümə olunduğu“Göyqurşağı” adlı almanax çıxarırdıq. Əlbəttə, Nəşriyyat Komitəsi ilə bütün bunlar razılışdırılırdı, amma ideya “Yazıçı” nəşriyyatının olurdu.

- Dostları deyir ki, torpağa çox bağlıydı, bəlkə də naşir olmasaydı, bağban olardı, Mərdəkanda məşhur bağından çox danışılır...

- Əjdər Xanbabayev Ordubad rayonundan idi. Ordubad bol meyvəlidir, hər qarışda torpağın, hər ağacın qədri bilinir, Əjdər o ənənəni, torpaq sevgisini Ordubaddan Bakıya gətirmişdi. Çox vaxt Mərdəkandakı bağda olurduq, adətən, şənbə-bazar günləri gedirdik. Tək özüm getməmişəm, bir çox şair dostlarımı o bağa aparmışam, bəzilərini Əjdər müəllimlə tanış eləmişəm.

Məmməd Araz naxçıvanlıydı, amma Əjdər Xanbabayevlə yaxından tanış deyildi, Məmməd Araz, Söhrab Tahir məndən yaşlıydılar, amma mən onları bağa aparıb Əjdərlə daha da yaxınlaşdırmışdım. Çox səliqəli, gözəl bağlı vardı, o bağda iri tut ağacının altında quyu qazdırmışdı. Quyunun suyu elə bil dağ çeşməsiydi, onunla qürur duyurdu, gedən kimi hər kəsə sudan verirdi.

Bir də gördünüz dostları bir qutu quru lavaş bişirib göndəriblər, bağda yayda isladıb yeməyi xoşlayırdı, Ordubadın quru meyvələrini çox sevirdi. Gözəl təsərrüfatçıllığı vardı, gedəndə süfrə açardı, o bağ Azərbaycan ziyalılarının yığıncaq yeriydi. Tez-tez Ziya Bünyadov, şərqşünas alimlərdən Rüstəm Əliyev, musiqişünas Firudin Şuşinski, şair dostlarımız gəlirdi.

Əjdər özü şərqşünas idi deyə Füzulini, klassik ədəbiyyatımızı əzbər bilirdi, onun şərqşünas alimlərlə söhbəti yaxşı tuturdu. O alimlərlə son dərəcədə unudulmaz günlər keçirirdik. Əjdər nərd oynamağı xoşlayırdı. Onun bağında həmişə tünlük olurdu, etibarlı adam idi, dostcanlıydı. Rayonlara da birgə səfərlər edirdik, qızları ilə Göygölə getdiyimizi xatırlayıram. Maraqlıdır ki, səfərlərlə bağlı bir neçə şeiri də vardı, sonradan tapdım. Az-az yazırdı, amma bir neçə gözəl şeiri qalıb. Hətta o şeirləri çap da elədik.

- Deyəsən, həyat yoldaşının vaxtsız ölümündən sonra gizli şeirlər yazıb...

- Əjdər qeyri-adi dərəcədə gözəl ailə başçısı idi. Həyat yoldaşı xəstə idi, amma onun qayğısına qalırdı, qaynanası onlarla bir yerdə yaşayırdı. Qızları Afəti, Nərgizi sərçə öz balalarını dimdiyilə yemlədiyi kimi əzizləyərdi. Həyatı çətin keçmişdi, amma qəribə nikbin adamıydı. Həyatın çətinlikləri, ağırlıqları onu sındırmamışdı.

Yadıma gəlir, Moskvada kitab sərgisi keçiriləndə gedirdik, SSRİ DÖvlət Nəşriyyat Komitəsinin rəhbərliyi, sərgi təşkilatçıları ilə çox gözəl münasibətləri vardı. Bizim stend Əjdər Xanbabayevin ciddi cəhdi sayəsində çox seçilirdi, Azərbaycanda kitab və nəşriyyat işinin ən böyük uzmanlarından idi. Nəşriyyat direktoru idi, hansısa səbəblərə görə onu komitə sədri qoymurdular, amma kim sədr gəlirdisə, o işi öyrənənə qədər gecə-gündüz Əjdər Xanbabayevlə birgə çalışırdı. Əjdərin təcrübəsi, nəşriyyat işini bilməsi, onların hamısının işinə yarıyırdı.

Qəribə bir səliqəsi vardı, çalışırdım, o səliqəni öyrənim, amma öyrənə bilmədim, dəqiq arxivşünas idi, təkcə öz sahəsinə aid yox, dünyada təbabət, bilogiya, kosmos və sair barədə maraqlı şey tapırdısa, kəsib səliqə ilə qovluqlarda saxlayırdı. Məsələn, mən deyəndə məni filan şey maraqlandırır, bir də görürdün qovluğu gətirdi, sanki bu gün qoyub, açırdı, həmin şeyi çıxarıb ortaya qoyurdu. İnsanlardan yaxşılığı əsirgəməzdi...


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər