16 İyul 2014 10:13
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xətti ilə 2014/2015-ci tədris ili üçün Türkiyə Respublikası Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə tələbə qəbulu elan edilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, qəbul Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən həyata keçirilir.

Müsabiqədə 2014-cü ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqə əsasında 9 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göndəriləcək. Daxili Qoşunların Baş İdarəsində aparılacaq müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstərici əldə etmiş 3 nəfər namizəd Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək.

Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində tam dövlət təminatındadırlar.

I kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Gülhanə Hərbi Tibb Akademiyasını müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin olunacaqlar.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 16-dan 24-dək (şənbə və bazar günləri istisna olmaqla) TQDK-ya müraciət edə bilərlər (ünvan: Akademik Həsən Əliyev küçəsi 17; tel: (012) 440 30 09; email: info@tqdkgov.az).

/publika.az/


Müəllif: