17 İyul 2014 15:17
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökumətinin bu gün keçirilən iclasında son günlər cəhbə xəttində baş verən məlum hadisə, bir neçə soydaşımızın Kəlbəcər ərazisinə keçməsi, burada girov götürülməsi məsələsi müzakirə olunub. Müdafiə naziri Seyran Ohanyan baş nazir Ovik Abramyanın xahişi ilə Kəlbəcər rayonundakı vəziyyətlə bağlı məruzə edib.

Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, Ohanyan iclasda “1994-cü ildə atəşkəsin elan edilməsindən bəri təmas xəttində vaxtaşırı olaraq gərginlik baş verir ki, bunun da əsasında Azərbaycan tərəfinin apardığı siyasət dayanır” deyib. Onun sözlərinə görə, son bir il ərzində gərginlik, həmçinin Ermənistanla, o cümlədən ölkənin Tavuş vilayəti ilə sərhəddə baş verir.

Ohanyan bildirib ki, onlar Azərbaycan diversiya qrupunun Qarabağ ərazisinə daxil olması ilə bağlı məlumat alıblar. “Diversant”ların ələ keçirilməsi üçün ilk olaraq qondarma “DQR”in “müdafiə nazirliyi” tədbirlərə başlayıb. Qondarma ordunun xüsusi təyinatlıları “diversant”ların izinə düşüb və “milli təhlükəsizlik xidməti”, həmçinin polislə əməkdaşlıq şəraitində əvvəlcə onlardan birini ələ keçiriblər. Bundan sonra ərazidə əlavə nəzarət-buraxılış məntəqələri qurulub və “xüsusi təyinatlı”lar bu istiqamətdə cəmləşdiriliblər. Beləliklə, Kəlbəcər rayonu ərazisində “diversiya qrupu”nun bütün üzvləri aşkarlanıb və ələ keçirilib.

Ermənistanın müdafiə naziri, həmçinin yerli əhali arasında əndişə yarandığını vurğulayıb. Belə ki, əməliyyatın sonunda ələ keçirilmiş qrup üzvlərindən birinin 17 yaşlı kəlbəcərli gənci öldürməsinə dair şübhələr var.

S.Ohanyan deyib ki, hazırda rayon əhalisi arasında ordunun qarşısına qoyulmuş vəzifəsini yerinə yetirdiyi barədə məlumatlandırma işi aparılır. O, həmçinin qeyd edib ki, Kəlbəcər istiqamətində – təmas xəttində gələcəkdə oxşar hadisələrin baş verməməsi, müdafiənin möhkəmləndirilməsi üçün minalanma işlərinə başlanılacaq: “Azərbaycandan Kəlbəcərə gedən bütün yollar müəyyənləşdiriləcək və minalanacaq”.

“Kəlbəcər Dağlıq Qarabağın ərazisidir və Ermənistan hüquq-mühafizə orqanlarının bu ərazidə əməliyyat keçirməklə bağlı səlahiyyəti yoxdur”. Bunu isə Ermənistanın baş prokuroru Gevorq Kostanyan bildirib. O, saxlanılan şəxslərə cinayət işinin açıldığını deyib: “Məndə olan məlumata görə, “Dağlıq Qarabağın baş prokurorluğu tərəfindən Azərbaycan vətəndaşlarının dövlət sərhədinin qanunsuz keçidi ilə bağlı cinayət işi açılıb, saxlanılanlar var. Düşünürəm ki, Dağlıq Qarabağda aparılan ilkin istintaq zamanı bütün suallara cavab tapılacaq. Əgər səhv etmirəmsə, 2001-ci ildə Dağlıq Qarabağ müharibə qurbanlarının müdafiəsi üçün dörd beynəlxalq konvensiyanı ratifikasiya edib. Əminəm ki, “Dağlıq Qarabağın hüquq-mühafizə orqanları” kimin hərbi cinayətkar, kimin əsir və ya girov olduğunu ayırd edə biləcək və işə düzgün hüquqi qiymət veriləcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər