1 Noyabr 2017 16:38
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzi Kremlin noyabrın 18-də Soçidə Suriya xalqlarının konqresini təşkil etmək istəyini şərh edib.

Teleqraf.com xəbər verir ki, “Görəsən, Kremlin məqsədi nədir” sualının qoyulduğu analitik yazıda deyilir:

“Rusiya hakimiyyəti görür ki, Suriyada İŞİD terrorçularının əsas hissəsi faktiki olaraq neytrallaşdırılıb, terrorçuların nəzarət etdikləri ərazilər xeyli daralıb. Moskva qorxur ki, bundan sonra Suriya müxalifəti Bəşər Əsəd rejimi ilə çoxdankı problemləri həll etməyə çalışacaq. Məsələ burasındadır ki, Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə həyata keçirilən Astana prosesi Əsədlə silahlı müxalifət arasında müvəqqəti atəşkəsin əsasını qoydu. Bu zamanın tələbi idi. Çünki ortada İŞİD kimi ortaq düşmən var idi. İndi isə ortaq düşmən yox olmaq həddinə çatıb. Demək, növbəti mərhələyə keçib Suriyada hakimiyyət bölgüsü məsələsini gündəmə gətirməyin vaxtı yetişir. Bu mərhələdə isə Əsədi bəlkə də İŞİD-lə mübarizədən də ağır sınaq gözləyir. Əsəddən hakimiyyətini bölüşməyi tələb edəcəklər. Bu avtoritar rejim üçün asan məsələ deyil. Rusiya əbədiyyətə qədər Əsədi qorumaq istəmir, bu onun hərbi və diplomatik enerjisini sovurur, ancaq Suriyada elə bir rejimin davamını arzulayır ki, növbəti hakimiyyət Əsəd kimi Rusiya ilə müttəfiqliyə sadiq qalsın. Bunu həyata keçirmək Moskva üçün İŞID üzərində qələbədən də ağır işdir”.

Qeyd olunur ki, birincisi, Suriya müxalifəti rəngarəngdir və heç də bütün müxalifət təmsilçiləri Soçidə toplanmağa isti yanaşmır, bunu Moskva ilə Əsəd rejiminin hiyləsi sayır:

“Buna baxmayaraq, Soçidəki toplantıya qatılan müxalifət təmsilçiləri də olacaq. Elə Moskva və Dəməşqin də əsas məqsədi odur ki, müxtəlif müxalifət təşkilatları arasında fikir ayrılığı yaratsın. Suriyada müxalifətə iddia edən qüvvələr Avropadan tutmuş İstanbul, Dubay, Ər-Riyad və Qahirəyə qədər şəhərlərdə qərargahlar qurublar. Ona görə də müxtəlif yerlərdə qərar tutan müxaliflər arasında təfriqə yaratmaq Rusiya üçün çətin olmayacaq. Moskva “parçala və hökm sür” siyasətinin ustasıdır.

İkincisi, Rusiya hakimiyyəti Soçidə keçirməyi planlaşdırdığı konqresə Suriya kürdlərinin təmsilçilərini də dəvət etməyi planlaşdırır. Moskvanın bununla bağlı yanaşması belədir:

“Suriya kürdləri də İŞİD-lə mübarizədə əzmkarlıq nümayiş etdirdilər, ona görə də bu real güclə hesablaşmaq lazımdır”. Ancaq bu prinsipi Rusiya ilə birgə Astana dialoqunda iştirak edən Ankara qəbul edəcəkmi? Türkiyə hakimiyyəti haqlı olaraq Suriyada döyüşən kürd qruplaşmaları terrorçu PKK-nın törəmələri sayır. Həmin kürdlər bunu Rakka şəhərini İŞİD-dən azad edərkən PKK lideri Abdullah Öcalanın böyük şəklini asmaqla bir daha “sübut” etdilər. Bu baxımdan Rusiyanın “kürdlər də gəlsin” təklifini onun tərəfdaşı Türkiyə “PKK da gəlsin” kimi dəyərləndirib Moskvaya ciddi etirazını bildirəcək. Məsələnin başqa məqamı da odur ki, Suriyadakı kürd qruplaşmalara əsas hərbi dəstəyi ABŞ verdi. Amerika isə Rusiyanın rəqibidir. Ona görə də Moskva kürdlərdən danışarkən özü də amerikapərəst kürdləri o birilərdən ayırmaq məcburiyyətində qalacaq. Bu isə Moskva üçün asan məsələ deyil”.

Təhlildə Rusiyanın növbəti Suriya həmləsinin İŞİD-lə mübarizə qədər asan olmayacağı qənaətinə gəlinir:

“Etiraf edək ki, Rusiya ordusu güclüdür. Necə ki axan qanlar, ağır itkilər hesabına vaxtilə Çeçenistanı ram etdi, indi də eyni işi Suriyada başa çatdırmaq üzrədir. Sadəcə, fərq ondadır ki, Rusiya Çeçenistanı bütünlüklə ram etdisə, Suriyanı başqaları ilə bölüşmək məcburiyyətində qalıb. Suriyada ağır döyüşlər dövrü bitmək üzrədir. İndi diplomatiya dövrü gəlir və Suriyada barış üçün gərgin əmək sərf etmək lazımdır. Rusiyanın bunu bacaracağına dair ciddi suallarım var. Rusiya dağıtmağı və nəzarət etməyi yaxşı bacarır, Kreml bunu Ermənistanın torpaqlarımızı işğalı vasitəsilə də “sübut” edib. Ancaq quruculuq işi beyin oyunu və güzəşt deməkdir. Rusiya bunu Suriyada bacaracaqmı? Çətin. Yəni elə ola bilər ki, Əsəd ordusu ilə silahlı müxalifət arasında vətəndaş müharibəsi başlasın. Rusiyanın İŞİD-lə silahlı mübarizədən fərqli olaraq Suriyaya budəfəki müdaxiləsi və silahlı müxalifəti neytrallaşdırmağa çalışması başqa dövlətin daxili işlərinə qarışması kimi dəyərləndiriləcək”.


Müəllif: Səxavət HƏMİD