8 Noyabr 09:37
259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Teleqraf.com xəbər verir ki, mətndə ölkənin suverenliyinin, müdafiə və təhlükəsizliyinin təminatçısı olan Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordunun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi önə çəkilməsi Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir:

"Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan nailiyyətlər, uğurlu döyüş əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirdi və 8 Noyabr – Zəfər Günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu işğal altında qalmış tarixi torpaqlarımızı azad etdi. Ölkə başçısının müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi.

Bu gün rəşadətli Ordumuz Azərbaycan Respublikasının Dövlət Bayrağının dalğalandığı ərazilərdə bərpa-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsinə, o cümlədən Böyük Qayıdışa layiqli töhfə verir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi 8 Noyabr – Zəfər Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır.

Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğılarının həlli istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər bu gün də uğurla davam etdirilir. Şəhid hərbi qulluqçularımızın ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha hər birinizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər