8 Sentyabr 2015 14:33
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Masazırda tikilən 1100 fərdi evin əksəriyyəti 1990-cı illərdə müvafiq razılıq alınmadan bitum yatağı üzərində tikilib”.

Teleqraf.com-un məlumatına görə, bunu Baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında deyib.

Bununla bağlı ərazidə araşdırmaların davam etdiyini deyən Abid Şərifov bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası orada bitum yatağının olduğu barədə məlumat yayır: “Ancaq bizdə bununla bağlı konkret məlumat yoxdur. Əlimizdə olan fakt odur ki, orada qaz sızmaları olub, bir evdə partlayış baş verib, insan tələfatı olmayıb, evə ziyan dəyib. Həmin ev bərpa olunub. Belə halların qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin xətti ilə tədbirlər görülüb. Mən bir neçə dəfə SOCAR, Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə ərazidə olmuşam, hansı işlər görülməsi ilə bağlı rəyə gəlmişik. Birinci növbədə bütün evlərin zirzəmisində nəfəsliklər açdırmışıq ki, qaz yığılmasın. Bütün kommunikasiya, kanalizasiya xətləri yoxlanıb və bunlar ciddi nəzarətdədir. Bu gün 1100 evin köçürülməsindən söhbət gedə bilməz, bu, elə də asan məsələ deyil”.

Onun sözlərinə görə, görülən tədbirlərdən sonra həmin evlərin köçürülməsinə ehtiyac yoxdur: “Biz daim yoxlama aparırıq, qaz yığıntısından partlayış ola bilməz. Onu da deyim ki, bu tədbirlər görülənə qədər ərazidə təcili tibbi yardım maşınları yerləşdirilmişdi, post qoyulmuşdu, eyni zamanda yanğına qarşı tədbirlər görülmüşdü. Görülən tədbirlərdən sonra orada daimi qrup ərazidə gəzir, postları isə götürmüşük. Ciddi problem gözləmirik”.

Naibə QURBANOVA


Müəllif: