2 İyul 2014 14:04
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası Azərbaycanın Avroatlantik məkana inteqrasiyasının sürətlənməsi tələbi ilə çağırış edib.

Teleqraf.com xəbər verir ki, Müsavatın bəyanatında qeyd olunur ki, Azərbaycan hakimiyyəti Avroatlantik məkana inteqrasiya prosesində iştirakını birmənalı olaraq bəyan etməli, NATO və Avropa Birliyinin üzvlüyünə rəsmən müraciət etməli, Avropa Birliyi ilə Assosiasiya sazişi imzalayan və GUAM-a daxil olan Gürcüstan, Ukrayna və Moldova ilə müttəfiqlik münüsibətlərini daha da inkişaf etdirməli, Avrointeqrasiya məsələsində xarici siyasət kursunu həmin ölkələrlə uzlaşdırmağa çalışmalıdır:

“Yarandığı dönəmdən müasirləşməni əsas hədəflərdən biri kimi müəyyənləşdirən Müsavat Partiyası tarix boyu ölkəmizin müstəqilliyi, demokratik inkişafı və Avropaya inteqrasiyası uğrunda mübarizə aparıb. Müsavat Partiyasının ardıcıl siyasəti nəticəsində qurulan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-20-ci illərdəki xarici siyasət kursunun da əsas hədəflərindən biri ölkəmizin Avropa məkanının tərkib hissəsinə çevirməsi və ümumbəşəri dəyərlərin Azərbaycanda bərqərar olması idi.

Müsavat Partiyası Azərbaycanda fəaliyyəti bərpa olunandan sonrakı 22 il ərzində də sələflərinin kursunu ardıcıl və sistemli şəkildə davam etdirərək fundamental insan hüquqları və azadlıqlarına sədaqətini nümayiş etdirib, ölkəmizin gələcəyini Avropa Birliyinə inteqrasiyada görüb”.

Müsavat Partiyası Azərbaycan hakimiyyətini üzvlük prosedurlarını sürətləndirərək ən qısa müddətdə Ümumdünya Ticarət Təşkilatına daxil olmağa, Avropa Birliyi ilə Dərinləşdirilmiş və Hərtərəfli Azad Ticarət Sazişi imzalamağa, eləcə də Assosiasiya sazişi ilə bağlı danışıqları bərpa edərək sürətləndirməyə çağırıb.

Partiya Azərbaycan hakimiyyətindən və Avropa Birliyinin institutlarından bu istiqamətdə aparılan ikitərəfli müzakirələr və danışıqlar barəsində ictimaiyyətə müntəzəm olaraq məlumatlar verilməsini və bu prosesə vətəndaş cəmiyyəti institutlarının da cəlb edilməsini zəruri sayıb:

“Müsavat Partiyası bir daha bəyan edir ki, Azərbaycanın dövlət müstəqilliyinin, milli təhlükəsizliyinin təminatı, ərazi bütövlüyünü bərpası, sabit və dayanıqlı inkişafı üçün Avroatlantik məkana inteqrasiyanın alternativi yoxdur”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər